|
|
|
|


İnsanlar var, maşınlar kimidi. Adamı uzaqlara aparır. Məsələn, onların söhbətləri səni qırmızı lalələrlə əlvanlaşan tarlalarda gəzdirir, bir qollu-budaqlı söyüdün kölgəsində dincəldir, bir çay kənarında şalvarının bükülmüş balağını nəmləndirir. Bu bir yana, o çaya qarışan qarın uca dağ başında xəfif, incə, görünməz duruşunu, əriyib çaylara qarışığını, axıb göllərə axışını hiss edirsən. Bəzən, hissiyatı aşıb o qar dənəciklərinə dönürsən. Söhbətlərin məcrası yönəlir "Ceyran" peçinin isitdiyi daxmanın pəncərəsindəki qar naxışlarına, o naxışların ecazına məst olan kimi bu söhbətlərə heyran qalırsan. O qar dənəciyinə dönüb özünü kiminsə xəyal pəncərəsində hiss edirsən.
Ya da həmin maşın kimi adamlar səni bir nağıl xəlqiliyindəki məhrəm aləmə aparır. O aləmdə Məlikməmməd quyudan çıxan kimi işığa qərq olursan, turpu dartıb çıxarmağa sonuncu kömək edən siçan kimi sevinirsən. Qırmızıpapağın anası öz anası üçün nəsə bişirmişdi. Qızının gec qayıtdığını görüb narahat da olmuşdu. Anasından da, qızından da nigaran qalmışdı. Hərdən onun kimi nigaran da olursan. Nigaran olursan ki, bu maşına bənzəyən adamları bir gün gedər-gəlməzə gedən arabalar aparar haaa birdən...
Mən isə, adama bənzəyən maşın tapmışam. Elə bilirəm, o da nəfəs alır, əsəbiləşir, sevinir. Bu, Sərdar Aminin maşınıdır. Eynilə Sərdarın özünə bənzəyir. Miyanə maşındır, var ilə yoxun arasındadır. Sərdarın boy-buxununa baxmayın, elə özü də miyanə adamdır. Maşına baxanda heç deməzsən ki, sürəti 60-ı aşar, amma 160-a da çıxır. Sərdar da danışanda səsi elə astadan, elə həzin gəlir ki, deməzsən, qüvvəli nəsə yazar. Fəqət yazır... Elə yazır ki, asta səslə şillə kimi adamın üzünə çırpılır.
Bu albalı rəngli maşın o qədər balacadır ki... Hərdən avtodayanacaqda maşını izləyirəm. Əllərini çiyninin tənində yuxarı qaldırıb ayaq barmaqlarının ucunda divara sıxılan adama bənzəyir. Sahibi kimi canlılara narahatlıq verməkdən qorxur, sanki gözlərini bərk-bərk bağlayıb. İstəmir kimsə onun fərqinə varsın. Sərdar onu çimizdirmir. Üzərində min ilin tozu var. Sərdar özü də bərbərə getmir. Qəribə adamlardı, bir-birini yaxşı tapıblar.
Günaşırı qüruba az qalmış Sərdarın iş yerinə gedirəm, özündən qabaq maşını ilə üzbəsurat gəlirəm. Maşınla gah "Qocalar" kafesinə, gah "Darçın"a gedirik.
Sərdarın maşını irəlilədikcə Bakı - irili-xırdalı mənzərələr yelatı kimi qalxır, enir, böyüyür, kiçilir, şəkildən şəkilə düşür.
Maşına minən kimi babamın "07"sinin iyi gəlir. Əyləcin cırıltılı səsi də həməndi. Birdən elə darıxıram ki... Hər dəfə də eyni ab-havada bunu Sərdarla bölüşürəm. Gülümsünür, kefimi açmağa çalışır.
Maşın əvvəl-əvvəl "priboyluyur", kürlük edir. Sərdar danlayır-danlayır, sonra özünə gəlir. Əla dil tapırlar.
Yolboyu günəş qürub edir. Qürub çağı Sabunçu doqquz mərtəbəlilərinin pəncərələri bir-bir işıq saçmağa başlayır, Ay ilə həmahəngləşirlər. O balaca pəncərələrin hər biri cürbəcür talelərdir. İnsanlar o balaca pəncərələrin arxasında çıraq yandırmağa tələsirlər. Elələri var, o çırağı yandırmaq istəsələr də, bacarmırlar, ocağa yetişə bilmirlər. Bax hansısa pəncərənin işığını sönülü görəndə bilirəm ki, kimsə işığı yandırmağa tələsir, hardasa nigarandır, məngənədədir. Bəlkə də heç deyil e, fəqət düşündürür... Sərdarın maşını çox zaman astagəldir. Bütün bu mənzərələrin yanından yeyin keçmir. Elə bil, o da Sərdar kimi müşahidə edir, mənzərələrin görüntüsünü mühərrikindəki yaddaşına köçürür.
Sərdarın maşının ayaqaltısında saman qırıntılarına rast gəlirəm. Gözümün qabağına gəlir ki, Qusarda çəmənlikdə o baş-bu baş qaçırlar, uzanırlar, bardaş qurub nəsə yeyirlər, sonra tez maşına atılıb evə qayıdırlar. Onda ayaqqabılarının altına yapışan, paltarlarının tikişlərinə ilişən otlar maşına tökülür. Təkcə otlar yox, Qusarın havası, torpağın iyi də o maşına dolur. Sərdar özü də elə o yerlərin adamıdı, o ruhdadı.
Bir neçə mahnı var ki, hər dəfə yolda onlara qulaq asırıq. Həmin mahnılar taleyüklüdülər. Dinlədikcə uçunursan, qınına sığmırsan. Deyirsən, bu dəqiqə bu balaca maşın yox olacaq, ruha çevrilib səmaya qalxacağıq. Hə, Sərdarın maşınının qabaqdakı sağ şüşəsi aşağı enmir. Bir gün ruha çevrilsək, mən Sərdarın arxasınca onun pəncərəsindən uçacağam. Əslində, elə belə də istəyirəm. Sərdarın pəncərəsi o qədər çərçivəsizdir ki... Bəzən onun pəncərəsinin ucu-bucağı görünmür. Onun pəncərəsindən oda da atılmaq olar, yanmarsan. Dərin dəryaya da baş vurmaq olar, boğulmazsan. Ürəyi sevgi dolu bir mömin özünü məsciddə necə hər şeydən arınmış hiss edirsə, mən də bu balaca, albalı rəngli maşının içində özümü elə hüzurlu hiss edirəm.
Mohsen Namjunun ifasında "Nobahari"ni dinləyirik. Sərdarın mavi gözləri yola zillənir. Elə bilirəm, həmin vaxt cizgiləri, üzündə hələ təzə-təzə görünən qırışları dərinləşir, uzun yollar yaranır, ahıllaşır... Mən isə, babamın maşınındakı körpə uşağa dönürəm. Başımı şüşəyə dayayıb pəncərədən qarışıq lentləri izləyirəm.
"Nobahari" novbahar kimi mahnıdı, yazın əvvəlində ilkin çiçəkləyən alça ağacını andırır. "Nobahari" "Elly haqqında" filminin musiqisidir. Filmdən xəbərdar olandan sonra beynindəki alça ağacının çiçəkləri burula-burula səmaya qalxır, çərpələngə çevirilir, buludlara çırpılır:
Söylə, ey bahar yeli,
Nədir bu baxçanın halı?
Fəryad etdirir bülbülü
Belə atəşli, qəmli.
Sərdarın maşının sürəti ilə mahnının tempi dəlicəsinə uzlaşır, nə asta, nə sürətli, Mohsenlə albalı rənglimiz eyni ahəngdə irəliləyir. Filmdə çərpələng uçuran qız necə yoxa çıxırsa, maşının pəncərəsindən elə buxarlanacağımızı düşünürəm. Sərdar deyir ki, bəlkə də o qızı elə çərpələng göylərə qaldırıb. Bəlkə, bu maşın da bir gün bizi üfüqə çatdıracaq. Sərdarın maşını bizim çərpələngimizdi, astadan uçurur, özü kimi...



