ABŞ və Böyük Britaniyanın Avstraliya ilə birlikdə AUKUS adlı yeni hərbi ittifaq yaratması bütün dünyada ciddi əks-səda doğurdu. Co Bayden administrasiyasının ABŞ ordusunu Əfqanıstandan çıxarmasından sonra London və Kanberra ilə yeni hərbi ittifaq yaratması Vaşinqtonun xarici siyasətində tamamilə fərqli yanaşmanın meydana çıxdığını göstərir. ABŞ-ın Əfqanıstanı sürətli tərk etməsi prezident Co Baydenin xarici siyasətdə uğursuzluğu kimi dəyərləndirilirdisə, AUKUS-un yaranmasından sonra fərqli fikirlər səslənməyə başlayıb. Bu isə ondan ibarətdir ki, Vaşinqton Sovet İttifaqının dağılmasından sonra yaranmış dünya düzəninin ABŞ-ın qarşısında duran təhlükə və çağırışlara cavab verəcək gücdə olmadığını tamamilə anlayıb və köhnə sistemə artıq inanmır. Qeyd edək ki, Co Baydendən əvvəl keçmiş prezident Donald Trampın zamanında artıq mövcud olan əməkdaşlıq formatlarının Vaşinqtonun maraqlarına cavab vermədiyi açıq ifadə olunmağa başlamışdı. Vaşinqton Şimali Atlantika Alyansının xərclərini qarşılamaq üçün NATO-dakı müttəfiqlərindən hərbi xərclərini artırmağı tələb edirdi. Ancaq onun bu tələbi Avropanın iki əsas mərkəzi - Paris və Berlin tərəfindən anlaşılıqla qarşılanmadı. Fransa və Almaniya hərbi xərclərini artırmayacağını birmənalı ifadə etməsə də, Vaşinqtonun tələblərinə də ciddi yanaşmadı. Vaşinqtonla Paris və Berlin arasında ikinci əsas fikir ayrılığı isə Ukraynanın təhlükəsizliyinin təmin edilməsilə bağlı məsələdə yarandı. Ukraynanın müstəqilliyi və Rusiyanın təsir dairəsindən kənarda qalması Avropanın təhlükəsizliyinin vacib elementi hesab edilsə də, Paris və Berlin Moskvanı narazı salmamaq üçün Kiyevə hər hansısa hərbi dəstək göstərmədilər. Halbuki ABŞ 2015-ci ildən bu günə kimi Ukrayna ordusunun güclənməsi üçün 2.5 milyard dollar xərcləyib və indi də Ukrayna ordusunu müasir silahlarla təmin edir. Bütün bunlar Vaşinqtonu vadar edirdi ki, müttəfiqləri ilə münasibətlərinə yenidən baxsın.
Avstraliya, Böyük Britaniyanın və ABŞ-ın (Australia, United Kingdom, United States) baş hərflərindən ibarət olan AUKUS-da məhz Vaşinqtonin xarici siyasətindəki ciddi dəyişikliyin nəticəsi olaraq meydana çıxıb. AUKUS-un Fransanın maraqlarını nəzərə almadan yaradılması da yuxarıdakı fikri möhkəmləndirir. Avstraliya, Böyük Britaniya və ABŞ-ın yeni hərbi ittifaqı Fransanı 66 milyard dollarlıq hərbi texnika sifarişindən məhrum edib. Bu hərbi ittifaq təsis edilməzdən əvvəl Avstraliya Fransa ilə 66 milyard dollarlıq müqavilə bağlamışdı. Paris 66 milyard dolların müqabilində Kanberranı 12 ədəd dizellə işləyən sualtı qayıqla təmin edəcəkdi. Bu sualtı qayıqlar Fransanın “Naval Group” müdafiə konserni tərəfindən istehsal ediləcəkdi. Səhmlərinin 63 faizi dövlətə məxsus olan bu konsern Avstraliyanın sifarişi nəticəsində 2040-cı ilə kimi işlə təmin olunmuş olacaqdı. Ancaq Böyük Britaniya və ABŞ-la birgə hərbi ittifaq yaratdıqdan sonra Avstraliya Fransa ilə 66 milyard dollarlıq müqavilədən imtina etdi. Məlum oldu ki, Avstraliya Fransanın əvəzinə Böyük Britaniya və ABŞ-dan sualtı qayıqlar almaq niyyətinə düşüb. Bunun üçün artıq müqavilə də bağlanıb. ABŞ və Böyük Britaniya Avstraliyanı 8 ədəd atom sualtı qayığı ilə təmin edəcək. Avstraliya, Böyük Britaniya və ABŞ arasında bu anlaşma Fransanı o qədər sarsıdıb ki, Paris Vaşinqton və Kanberradakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Belə görünür ki, Parisdə anlamaq istəmirlər ki, Avstraliya bu müqavilə ilə həm də ABŞ və Böyük Britaniyanın şəxsində güclü hərbi müttəfiqlər qazanıb. Çinin artan təzyiqləri və getdikcə təcavüzkar xarakter alan xarici siyasəti qarşısında Avstraliyaya ABŞ və Böyük Britaniya kimi müttəfiqlər lazımdır. Fransa isə Avstraliya üçün belə bir müttəfiq olmaq imkanlarına malik deyil. Üstəlik, Fransa Çinlə də münasibətlərini inkişaf etdirməkdən imtina etmir. Belə bir vəziyyətdə Fransanın oyundankənar vəziyyətdə qalması qaçılmaz idi.
Avstraliyanın ardınca İsveçrə də Fransa ilə hərbi texnika alınması ilə bağlı əməkdaşlıqdan imtina edib. İsveçrə Fransadan 6 milyard dollarlıq qırıcı təyyarələr almaq üçün müqavilə bağlamışdı. İndi isə məlum olur ki, İsveçrə ABŞ-ın son nəsil F-35 qırıcı təyyarələrin almaq niyyətindədir. Bu məsələ rəsmi Parisi o qədər qəzəbləndirib ki, prezident Emmanuel Makron İsveçrəyə səfərini təxirə salıb. Eyni zamanda, prezident Makronun göstərişi ilə İsveçrə və Fransa rəsmiləri arasında danışıqlar da qadağan olunub.
Fransa son illər gerçəkçi siyasətdən (realpolitik) uzaqlaşaraq siyasi baxışların təsirlərilə siyasət yürüdür. İkinci Qarabağ müharibəsi zamanı da eyni halı müşahidə etdik. Fransa ciddi iqtisadi və siyasi maraqlarının təmin olunduğu Azərbaycanın əleyhinə Ermənistanı dəstəklədi. Halbuki Fransanın maraqları Parisin bitərəfliyini və ya Azərbaycanı dəstəkləməsini diktə edirdi. Fransanın gerçəkçi siyasətdən uzaqlaşması gec-tez onun böyük proseslərdən təcridi ilə nəticələnməli idi. Heç şübhəsiz, belə hadisələr Parisin dünyadakı siyasi çəkisini də azaldacaq. Hətta BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvü, NATO və Avropa Birliyinin üzvü olması da Fransanın böyük proseslərdən təcridinin qarşısını almaq gücündə deyil. Əgər Fransa NATO-nu tərk etsə, bu, Parisin dünyadakı proseslərdən təcridini daha da genişləndirəcək. Hətta Parisin Moskva ilə yaxınlaşması da Fransanın mövqeyini gücləndirməyəcək. Əksinə, Rusiya ilə yaxınlaşmaq daha da zərərli olacaq. Parisin siyasi dairələrindəki ab-hava isə belə deməyə imkan verir ki, Fransa ziyanın yarısından qayıtmaq niyyətində deyil. Bu isə Fransanın dünya siyasətindəki rolunun azalmaqda davam edəcəyini proqnozlaşdırmağa imkan verir.