İlk dəfə 1937-ci ildə Tal Verlaq tərəfindən Vyanada alman dilində nəşr edilən "Əli və Nino" romanı bu günə kimi dünyanın 30-dan çox dilinə tərcümə olunub və ümumi mövzusu ilə yanaşı, həmçinin, müəllif qalmaqalı ilə də diqqət çəkib. İlkin nəşrdə müəllif kimi Qurban Səid imzası təqdim olunsa da, sonralar bu adla paralel Lev Nissembaum, Yusif Vəzir Çəmənzəminli də hallanmağa başladı. Uzun tədqiqatların yekununda isə Yazıçılar Birliyi tərəfindən müəllif kimi Yusif Vəzir Çəmənzəminli tanındı. Hətta bir sıra ədəbiyyatşünasların qənaətincə, Yusif Vəzirin həyatı ilə romanın Əli obrazı bir çox mənada bir-birilə səsləşir.
Bəs əgər romanın müəllifi Yusif Vəzir Çəmənzəminlidirsə, onda aşağıdakı məqamları aydınlaşdırmaq niyə bu qədər çətindir?
Müsəlman-xristian qarşılaşdırması
Əsərdə müsəlman-xristian qarşılaşdırmasında bir növ "xristianlıq" meyli hiss olunur. Bu xüsus isə romanın qeyri-müsəlman tərəfindən qələmə alındığı ehtimalını daha üstün qılır. Məsələn, romanda atası tərəfindən Əliyə verilmiş olan məsləhətlərdən biri də "Düşmənini heç vaxt bağışlama, oğlum, biz xristian deyilik" fikridir. Bu, məntiq baxımından qəddarlıq, vəhşilik motivinin ifadəsidir. Müsəlman bir müəllifin özlərini bu şəkildə təqdim etməsi heç də ağlabatan deyil. Üstəlik, bir çox tarixçilər türklərin hər nə qədər döyüş ruhlu olduqlarını qeyd etsələr də, onların birmənalı olaraq mərhəmətli olduqlarına qarşı çıxmırlar ("Kitabi-Dədə Qorqud"da da bu tip məsləhət xarakterli fikirlər var).
Yəni hansısa bir millətin nümayəndəsi öz millətini bu şəkildə qəddar təqdim eləməkdə qəti şəkildə maraqlı ola bilməz. Aydın məsələdir ki, xalqın döyüş əzəməti, milli kimliyi uğrunda düşmənə qarşı ən sərt şəkildə dayana bilmə gücünün bir müəllif tərəfindən qələmə alınması və bununla öyünməsi mümkün və görünən haldır. Amma sözügedən ata-oğul dialoqunda yuxarıda qeyd elədiyimiz ştrix və onun fonunda bir neçə oxşar fikir müəllifin müsəlman-türk olmasını böyük sual altında qoyur.
Yenə də erməni...
Romanın əsas düyün nöqtəsini təyin edən erməni obrazı ilə Əlinin qarşı-qarşıya qoyulması və yekunda "Nino məsələsi"nə görə Əlinin həmin erməni obrazını öldürməsi səhnəsinin detallı təsviri də sırf müsəlman-türk adamının vəhşi xarakteri, barbar obrazını yaratmağa yönəlik addımdır. Düzdür, ilk baxışdan həmin səhnə erməni-müsəlman konflikti nöqteyi-nəzərdən normal görünür və hətta bu konfliktin qalib tərəfinin Əli (azərbaycanlı) olması müəyyən mənada oxucunu razı sala bilir. Amma dərinə getdikdə və əsərdəki müsəlman obrazı Əlinin Qərb təsirini və Qərb meyllərini gördükdə mətnin qeyri-müsəlman tərəfindən yazılması qənaəti qaçılmaz olur.
Romanın Əli obrazı
Əli vətənpərvər olsa da, xarakter olaraq çox zəifdir. Bu zəif təqdim Əlinin finaldakı cəsarətini belə, az qala, kölgədə qoyur. Məsələn, Əlinin çıxdığı mühitə baxdıqda onun Şərq təfəkkürü və müsəlman olması halı müəllif tərəfindən bir neçə dəfə ciddi sınağa çəkilir və bu sınaqlardan Əli heç də üzüağ çıxa bilmir. Ən adi misal, Əlinin müsəlman olmasına rəğmən nəyinsə xatirinə şərab içməsini göstərə bilərik. Yazıçı Əlinin xarakter olaraq bitkin ola bilməməsini məhz bu üsulla çatdırmaq istəyir və buna kifayət qədər də nail olur.
Şərq-Qərb müstəvisi
Ümumiyyətlə, ədəbiyyatda ən aparıcı motivlərdən biri xeyir-şər, ağ-qara, yaxşı-yaman və bunun fonunda Şərq-Qərb, kəndli-şəhərli kimi müqayisələrdir. "Əli və Nino" romanının mövzusu da sözügedən toqquşmalardan yan keçmir. Yenilik və köhnəlik mübarizəsi adına əsərdə Şərq-Qərb təfəkkür və mədəniyyətlərinin qarşılaşdırmasının şahidi oluruq.
Roman obrazların həyat yolundan çıxış edərək həm də xalqları ədəbi müstəvidə təhlilə çəkir ki, burada gürcü və erməni xalqlarını Qərb cəbhəsində, azərbaycanlıları isə Şərq cəbhəsində görürük. Bütövlükdə götürəndə isə bu iki cəbhənin qarşılaşdırılmasından çıxan nəticə odur ki, Qərb yaradıcı və yenilikçidirsə, Şərqdə köhnəlik və yeknəsəqlik hökm sürür. Maraqlıdır ki, ədəbiyyatda bu mövzunun çox vaxt həlli sırf bu şəkildə olur - Qərbin düşüncə baxımından daha kamil olması.
Əlinin ailəsi, tamamilə, müsəlman (Şərq) adət-ənənələrinə ayaq uyduran ailədir və sözsüz ki, ailənin bu cür təmələ sahib olması Əliyə və onun xarakterinə də sirayət edir. Romandakı ilk toqquşma da məhz burada başlayır. Əli - Şərq adət-ənənələrinin tipik obrazı oxuduğu rus məktəbində gürcü qızı Ninoya - Qərb təfəkkürünə, Qərb düşüncəsinə aşiq olur və bir növ bu, Şərqin məğlubiyyəti anlamına da gəlmiş olur. Romanın əsas təzadlarından birinin özülü də məhz buradan başlayır. Əli bütün bu Qərb cazibəsinə yenilmiş olsa da, hətta bunu daha pafoslu təsvir etməli olsaq, bir sıra məqamlarda müəllifə və Qərbə uduzsa da, öz milli əqidəsini qorumaq, müdafiə eləmək, Vətəni, xalqı uğrunda oda atılmaq kimi bir missiyanı şərəfli bir şəkildə yerinə yetirir (Yeri gəlmişkən, bu, müəllif tərəfindən Əliyə edilmiş ən yaxşı jestdir).
Qərb düşüncəsinin özü - Nino
Nino obrazı isə Qərb tərəfinin ümumiləşdirilmiş obrazını özündə ehtiva edir. Əli ilə məktəbdən sonra evlənmək istəyi isə hadisələrin inkişafında başqa rənglərə yol açır. Belə ki, Əlinin atası bu nikahı dəstəkləsə də, Ninonun atası daha mühafizəkar davranaraq buna qarşı çıxır. Nəhayət, erməni dostunun məsələyə müdaxiləsi fikrini dəyişməsinə səbəb olur. Sözügedən konfliktin zirvəsi isə məhz həmin erməninin Ninonu qaçırması, Əlinin isə yekunlarda onu öldürməsi ilə yaşanır.
Məsələn, bayaq yuxarıda Əlinin müsəlman ola-ola müəyyən seçimlərə uduzaraq şərab içməsini qeyd etdik. Yazıçı bir digər obrazı Ninonu isə sırf bu konteksdə zirvəyə qaldırmaqla məşğuldur - Ninonun bir xristian kimi müsəlman adət-ənənələrinə qarşı biganəliyi fonunda...
Azərbaycanlı-erməni-gürcü məsələsi
Romanın üç fərqli millət adından çıxış edən obrazlarının müqayisəsi də yenə də yuxarıdakı türk-müsəlman obrazının daha çox əzilməsi nəticəsi ilə yekunlaşır. Gürcü qızı Nino, onun ailəsi və hətta erməni Naxararyan belə Əli obrazını ümumi düşüncə baxımından geridə qoyur.
İstənilən halda, erməni obrazının bu cür hiyləgər və xəyanətkar təqdimi yenə də oxucuya yaxşı təsir bağışlayır. Erməni adamını və erməni xislətini Azərbaycan oxucusu qədər kimsə daha yaxşı anlaya bilməz. Amma nəzərə alsaq ki, romanda hadisələrin gedişini düyünə salmaq üçün istənilən obraz eyni şəkildə - mənfi xarakterdə təqdim oluna bilər, onda bu, erməni yox, başqa millətin nümayəndəsi də ola bilərdi. Yəni bu təqdim üçün müəllifin azərbaycanlı olması hökm deyil.
Qərb oxucusuna hesablanmış süjet
Romanın giriş hissəsindən başlanan Avropa-Asiya (Qərb-Şərq) diskussiyası mövzunun sonuna qədər davam edir. Bunun özü və sırf bu diskussiyadan doğan toqquşmalar və onların həlli Qərb oxucusu üçün daha maraqlıdır, nəinki Şərq. Professor Bədirxan Əhmədlinin qənaətincə, hətta romanın əvvəlindəki sinif otağı hissəsi belə Qərb oxucusuna mesaj vermək üçün hesablanıb. Sinif otağındakı şagird sayının təqdimi və oradakı çoxmillətlilik amili birbaşa Avropanın çoxmillətliliyə dözümlülüyünə işarədir.
Yekun sual:
Maraqlıdır, bütün bunların yekunu olaraq, yenədəmi Yusif Vəzir Çəmənzəminli?..