NƏ VAXT
Nə vaxt yadına düşsəm,
Durum yadında qalım,
Birdən oduna düşsəm,
Yanım yanında qalım.
Bizim qapını tapım,
Cəftəsinə bal çəkim.
Gəzim qapını tapım,
Döyməyim, sığal çəkim.
Əllərimdə əl bişir,
Su ver, közümə səpim.
Çiy yuxumu al, bişir,
Gətir gözümə təpim.
Nə vaxt gəlsən, bu yana,
Gətir gəzdiyim "yox"u
Ruhumda qurum xana,
Ora xalından toxu.
Göydən məhəbbət yağır,
Buludlar belə bilmir.
Ayır saçından cığır,
Əllərim gələ bilmir.
Sən məndən gəlmək istə,
Həsrət çək, incə-incə.
Ayaqlarım "baş üstə",
Desinlər başdan öncə.
Nə vaxt səsin gələcək,
Susacaq qürur səsim
Əsəcək soyuq külək,
Titrəyəcək gur səsim
Borandı, qardı alnım,
Donacaq yalın yazım.
Unutma, dardı alnım,
Qısadı alın yazım.
Daşımışam
Yanaqlarım yorulanda,
Gözümdən yaş daşımışam.
Könlüm eşqə sarılanda,
Qalıb çaşbaş, daşımışam
Yolum düşüb "div elinə",
Bəxtim keçib div əlinə.
Taleyimin əvvəlinə,
Bir dünya "kaş" daşımışam.
Göy üzündən qopan dərdi,
Gəzib məni tapan dərdi,
Bu dördnala çapan dərdi,
Yavaş-yavaş daşımışam.
Ocaq çatıb dincəlmişəm.
Közə çatıb, dincəlmişəm.
Sanma, yatıb, dincəlmişəm,
Yuxumda daş daşımışam .
İsinmişəm qışa baxıb,
Hey dolmuşam boşa baxıb.
Göz altından qaşabaxıb,
Göz üstə qaş daşımışam.
Qaranlığın başdı şamı,
Başım dəyən "baş daşımı"?
Kürəyimdə baş daşımı,
Çiynimdə baş daşımışam.
lll
Mən dünyaya göz açan gün
Bu dünyaya mən dan yeri ,
Söküləndə gəlmişəm.
Tanrının dərgahından bu bəxtəvər dünyanın,
Qapqara saçlarına,
İşıq rəngli ləl-cəvahir ,
töküləndə gəlmişəm.
Mən dünyaya göz açan gün,
Günəş sərxoş olub,
yatıb yuxuya qalıb.
Ağlamışam oyanıb.
Çılpaq ruhum Tanrının fırçasıyla ,
Cismim ilə boyanıb
Bəlkə ona görədi
Bütün şeirlərimin misrası bəndi,
Qurulur dan yeri,
Sökülən zaman.
Göylərdən ulduzlar,
Tökülən zaman
Mən dünyaya göz açan gün
Hikkəsindən bir oğulsuz-sonsuz qadın,
Allaha qarğış eyləyir:
"Gözün kor olsun"- deyir
Anam o gündən bu günə.
Oqarğışı yuyub-sərir,
Allaha alğış eyləyir,
Min dəfə alğış eyləyir
Məni bağışla, Allah
Məni bağışla, vallah
Alğış duadan öncə ,
Bir qara qarğış deyilib
Məndən ötrü ünvanına.
Nə bilən var, nə inanan,
Bu dünyaya gələn gündən qəribəm
Bilən yoxdur, mənim əsl vətənim,
Anamın öz bətnidir.
Məni şair, məndən şeir xəlq eliyən,
Anamın söz bətnidir.
Mən dünyaya göz açan gün
Aldatmışam insanları,
Həkimləri, loğmanları,
Ölçənləri, mizanları
Çəkib məni bir tərəzi,
Dörd kiloqram gəlmişəm.
Yanılıblar...
Mən əslində dörd kiloqram olmamışam,
Mən bir az od olmuşam ,
Bir az su,
Bir az hava,
Bir az torpaq,
Vəssalam.
Dünyaya göz açmışam,
Və :
-Salam