
Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə də vətəndaş cəmiyyətinin digər institutları mühüm rol oynayır. Azərbaycan dövləti də öz növbəsində vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, təşkilatlanmasına, habelə onların dövlət siyasətinin icra olunmasında yaxından iştirak etməsinə maraqlıdır. Buna görə də dövlət bu sahədə atdığı hər bir addımla QHT-lərin inkişaf etdirilməsində maraqlı olduğunu əyani sübut edir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və bu qurumun həyata keçirdiyi addımlar, istərsə də gerçəkləşdirilən digər tədbirlər bu sektorun inkişafına əsaslandıraraq, onların cəmiyyətin inkişafında yaxından iştirak etməsinə şərait yaradıb.
Qeyd edək ki, bu yazının hazırlanmasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin bu sahədə olan araşdırmalarından istifadə edilib.
(Əvvəli ötən sayımızda)
Şəffaflıq idarəetmə prosesi ilə bağlı sərbəst informasiya dövriyyəsini (məlumatların vətəndaşlara çatdırılması və əks cavabların alınması) nəzərdə tutan açıqlıq mexanizmidir. İdarəçilər bir çox hallarda mövcud problemləri və çatışmazlıqları görmədikdə və yaxud da görmək istəmədikdə vətəndaşların səsini ucaltması, həyəcan siqnalı çalması və problemin həllinə çalışması cəmiyyətin inkişafı üçün həyati əhəmiyyətə malikdir. Sadalanan hər üç mexanizmin işləkliyinin təmin edilməsinə vətəndaş cəmiyyəti təşkilatları xeyli töhfə verə bilirlər. Onlar cəmiyyət və dövlət işlərinin idarə olunmasına, problemlərin aşkar edilməsi və onların həlli prosesinə vətəndaşların daha aktiv şəkildə cəlb olunmasını, onların səfərbər edilməsini, vətəndaş təşəbbüskarlığının artırılmasını təşkil edir. Problemlərin və ehtiyacların eşidilməsi və həlli üçün qərar qəbul edənlərin məlumatlandırılması, onların diqqətinin cəlb edilməsi üçün koalisiyaların qurulması və koordinasiyasını, kampaniyaların aparılmasını həyata keçirirlər. Cəmiyyətin problemləri aşkarlanaraq ictimailəşdirilmədikdə və onun həlli uğrunda vətəndaş təşəbbüsləri olmadıqda həmin cəmiyyətdə inkişafın olması mümkünsüz görünür. Nəzərə almaq lazımdır ki, iştirakçılığa, hesabatlılığa və şəffaflığa əsaslanan idarəetmə asanlıqla yaranmır. Heç kim öz gücünü başqaları ilə bölüşməyə maraqlı deyil, onları buna sövq və ya məcbur etmək lazım gəlir. Xüsusilə qeyri-demokratik rejimlərdə, seçki sistemlərinin vətəndaşların idarəetmədə effektiv iştirakına imkan vermədiyi, vətəndaşların iştirak imkan və bacarıqlarının zəif olduğu şəraitdə vətəndaş cəmiyyəti təşkilatlarının rolu kritik xarakter daşıyır. Bu şəraitdə onlar hətta sosial-siyasi islahatların aparılması, siyasi repressiyaların qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması naminə təşkilatçılıq, səfərbərlik fəaliyyətlərini həyata keçirirlər. Bundan başqa, bu gün vətəndaş cəmiyyəti təşkilatları inhisarçılıq, bürokratiya, korrupsiya kimi idarəetmə neqativləri ilə mübarizədə həlledici aktyorlar kimi çıxış edirlər. Bu zaman hökumətlər problemin bir hissəsi olur, hətta antikorrupsiya strategiyaları həyata keçirmələrinə baxmayaraq onlara etimad az olur. Özəl sektor isə bu problemlərin əsas qurbanlarından biri olsa da, onun dərinləşməsində əsas iştirakçılardan birinə çevrilir. Bu halda məhz vətəndaş cəmiyyəti təşkilatları yerli, milli və hətta beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin əsas hərəkətverici qüvvəsi, lideri kimi çıxış edirlər. Onlar korrupsiyaya qarşı mübarizə üzrə milli qanunvericiliyin və praktikanın təkmilləşdirilməsi, milli və beynəlxalq hüquqi normalara hökumətlər və biznes sektoru tərəfindən riayət olunmasına nəzarət və monitorinq həyata keçirir və onun nəticələrini maraqlı tərəflər və cəmiyyətlə bölüşürlər. Vətəndaş cəmiyyəti təşkilatları dövlət proqramlarının effektiv həyata keçirilməsində, vətəndaşların bu proqramlar və onların icrası vəziyyəti ilə bağlı məlumatlandırılmasında, bu proqramların hazırlanması və icrasındakı nöqsanların aşkarlanması və aradan qaldırılmasında əvəzsiz rol oynayırlar.
QHT-lər və Minilliyin İnkişaf Məqsədləri
Bəs QHT-lər Minilliyin İnkişaf Məqsədlərinə çatılmasına necə töhfə verə bilirlər? Bir çox hallarda məqsədlərə nail olma yolunda əngəl kimi heç də maliyyə və ya texniki imkanların çatışmazlığı deyil, yetərli siyasi iradənin olmaması çıxış edir. Vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatları öz liderlərini və hökumətlərini Minilliyin İnkişaf Məqsədləri ilə ağlı daha hesabatlı davranmağa sövq etmək üçün milli kampaniyalar təşkil edirlər; Belə kampaniyalar vasitəsilə həm də ictimaiyyətin məlumatlandırılmasına, məmurların, medianın münasibət və davranışlarını dəyişməyə nail olunur; Minilliyin kampaniyası çərçivəsində həyata keçirilən milli və yerli proqram və layihələrin monitorinqini və qiymətləndirilməsini həyata keçirə bilirlər; Zəruri olduqda bu proqram və siyasətlərdə dəyişiklik edilməsi üçün təhlillər aparır, debatlar təşkil edir, təklif və tövsiyələri qərarverənlərə çatdırırlar.
Vətəndaş Cəmiyyəti üçün məhdudiyyətlər
Lakin Vətəndaş Cəmiyyətinin rolundan danışarkən onun fəaliyyətinə məhdudiyyətlər yaradan halları da nəzərdən qaçırmaq olmaz. Bunları əsasən aşağıdakı kimi təsnifləndirmək olar: İctimai maraqların qorunması və ictimai siyasətlərin inkişaf etdirilməsində vətəndaş cəmiyyətlərinin rolunun mühüm olmasına baxmayaraq, ictimai siyasətlərin istiqamətlərinin əsas müəyyənləşdiricisi və icrasına birbaşa cavabdeh dövlətdir. Vətəndaş cəmiyyəti təşkilatları isə rəsmi səlahiyyətlərə malik deyil və onun ictimai xidmətlərin təqdim olunmasında effektiv və hamını əhatə edən imkanları və resursları yoxdur. Xüsusilə qeyri-demokratik rejimlərdə Vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyəti mümkün olmur və bu onların işinin keyfiyyətinə mənfi təsir göstərir. Bəzən vətəndaş cəmiyyəti təşkilatları yetərli bilik, bacarıq və qabiliyyətlərə malik olmur ki, bu da onların qarşıya qoyulan məqsədlərə çatmasına mane olur.
AQİL



