|
|
|
|

Rusiyanın təhdidlə NATO və ABŞ-a regional təhlükəsizliklə bağlı yeni razılaşma təklifi dünya siyasətinin əsas gündəmini müəyyənləşdirməklə yeni geosiyasi mərhələnin başlanmasına səbəb oldu. Beynəlxalq münasibətlərdə elə bir mərhələ başlayıb ki, dünya Rusiyanın məlum təklifindən əvvəlki dövrə qayıda bilməz. Çünki Rusiyanın öz təklifindən geri addım atacağı mümkün görünmür. Bu, Rusiyada siyasi böhranın başlanğıcını qoya bilər.
ABŞ və NATO-nun da Rusiyanın təklifini qəbul etməyəcəyi aydındır. Doğrudur, Rusiyanın təklif etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma”da elə məqamlar var ki, onun üzərində anlaşma ola bilər. Ağ evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ Rusiyanın NATO-ya təsir edən təhlükəsizlik təkliflərilə razılaşmayacaq, lakin digər təşəbbüslərlə razılaşa bilər. Eyni zamanda, NATO-ya üzvü olan bəzi Avropa ölkələri də qətiyyətlə Rusiyanın təklifinin əleyhinə çıxıblar. Finlandiya, Estoniya, İsveç, Danimarka, Norveç, Latviya, Litva və İslandiyanın müdafiə nazirlərinin birgə açqlamasında deyilir ki, Avropa üçün ən böyük hərbi təhlükə Rusiyadır və Qərb dövlətləri heç bir halda Moskvanın tələblərilə razılaşa bilməzlər.
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasına yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını çağırmağa təklif edib. Həmin vaxt Brüsseldə Şimali Atlantik Alyansının Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində planlaşdırılan iclası keçiriləcək.
Rusiya və ABŞ prezidentlərinin yeni görüşü ilə bağlı müəyyən fikirlər səslənsə də, dəqiq məlumat yoxdur. Əksinə, rəsmi Vaşinqton ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında yeni görüş üçün özünün şərtini irəli sürüb. ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, danışıqlar Ukrayna ətrafındakı vəziyyətin deeskalasiyası fonunda baş verməlidir: “Biz Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını çıxararaq gərginliyi azaltmasını istəyirik. Gərginliyin artmaqda davam etdirməkdənsə, belə şəraitdə danışıqlar aparmaq daha məqsədəuyğundur”.
ABŞ Senatın nüfuzlu üzvləri prezident Co Baydenə Rusiyanın təcəvüzkar siyasətinin qarşısının alınması üçün yeni strategiya təklif ediblər. Respublikaçı senator Rob Portmanın demokart Jan Şahin ilə birlikdə təklif etdikləri (demokrat) dörd bəndlik strategiya Rusiyanın təcəvüzkar siyasətinin qarşısının alınması üçün diplomatik, iqtisadi və hərbi tədbirləri nəzərdə tutur.
Təklif olunan strategiyaya görə, ABŞ Ukraynaya silah tədarükünün həcmini artırmalı və onu zenit, tank və gəmi əleyhinə komplekslərlə təmin etməlidir. ABŞ senatorlarının strategiyasına görə, Vaşinqton Almaniya hökuməti ilə birlikdə “Şimal axını-2” qaz kəmərinin istismara verilməsinin qarşısını almaq və tərəfdaşları ilə beynəlxalq koalisiya yaratmaq istiqamətində çalışmalıdır.
ABŞ Konqresinin digər üzvləri də Rusiyaya güzəştə getməyin qəti əleyhinədirlər. Respublikaçı senator Rocer Uiker Rusiyaya güzəştə getməməyə və prezident Vladimir Putinin yaxın ətrafına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen “Le Journal du Dimanche” qəzetinə müsahibəsinə bildirib ki, Ukrayna ətrafında vəziyyət gərginləşsə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Həmin sanksiyaların artıq hazır olduğunu qeyd edən xanım Ursula Fon der Lyayen Avropa Birliyinin ABŞ və NATO ilə koordinasiyada hərəkət edəcəyini bildirib.
ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynaya qarşı təcavüz olacağı halda Rusiyanı görünməmiş sanksiyalarla hədələyib: “Biz bu məsələdə müttəfiqlərimizlə birgə işləyirik və açıq şəkildə bildirdik ki, əvvəllər görmədiyiniz sanksiyaları tətbiq etməyə hazırıq”.
Qərb dövlətləri Rusiyaya qarşı güzəştə getməyəcəkləri ilə bağlı ən yüksək səviyyədə açıqlamalar verdikləri bir zamanda Rusiya rəsmiləri də öz mövqelərində təkid edirlər. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov NATO-nun genişlənməsini Rusiya üçün ölüm-qalım məsələsi adlandırıb. Vladimir Putin özü isə bildirib ki, ABŞ və NATO təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Rusiyanın cavabı fərqli olacaq. Prezident bəyan edib ki, bu cavab hərbi mütəxəssislərin verəcəyi təkliflərdən asılıdır. Bununla Kreml sahibi hərbi tədbirə əl atacaqlarını çox açıq mətnlə bəyan edib.
Hər iki tərəfin də öz mövqeyində israrlı olduğu şəraitdə konsensus əldə etmək getdikcə çətinləşir. Hətta elə an gəlib çata bilər ki, hərbi əməliyyatlar qaçılmaz olar. Yanvar ayının əvvəllərindən etibarən proseslərin yeni vüsət alacağı gözlənilir.
Siyasi şərhçilər qeyd edirlər ki, Rusiya hansısa addımlar atmaq mərhələsinə qədəm qoyub. Geri çəkilmək mümkün deyil. Eyni zamanda, irəli addım atmaq da təhlükəlidir. Siyasi paytaxtlarda qərarlar insanlar tərəfindən qəbul edildiyindən proses siyasi liderlərin emosiyalarından asılı vəziyyətə düşüb. Beynəlxalq təşkilatların tərəflərə təzyiq etmək imkanlarının və sülhü mühafizə edəcək mexanizmlərin yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Aydın görünür ki, milyonlarla insanın, bəlkə də bəşəriyyətin taleyi çox kiçik bir qrup siyasətçinin qərar qəbul etmə ərəfəsidəki emosional vəziyyətindən asılıdır. Nəhəng nüvə arsenalına malik dövlətlərin hərbi vasitələrə əl ata biləcəkləri haqqında açıqlamaları məhz bu qənaəti doğurur.



