|
|
|
|
FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR QARA MƏŞƏDİYEVİN 75 YAŞI TAMAM OLUR
...Dağlarla əhatə olunmuş bu yerlər yazın əvvəlindən payızın axırlarınadək yaşıl libasını soyunmur. Göz işlədikcə uzanan nəhəng xalçada yaşıl ilmələrlə toxunmamış bir qarış da yer tapmaq mümkün deyil. Qayaların, daşların arasından keçib gələn bulaqlar gömgöy otların arasında üzə çıxır. Zirvədən üzü aşağı süzülən duman qatı əlçim-əlçim dərələrə, yarğanlara çökərək əsrarəngiz bir mənzərə yaradır. Yaşıl dərələrin arası ilə axan Axınçı çayı bu yerlərə əbədi bir nəğmə çalır...
Gədəbəyin şimal-şərqində yerləşən Şınıx bölgəsi təbiətin gözəl bir guşəsində yerləşir. Bir-birinə söykək duran 28 kənddə 10 mindən artıq əhali yaşayır. İndi həmin kəndlərdə 9 icra nümayəndəliyi və 11 orta məktəb fəaliyyət göstərir. Amma keçən əsrin 40-cı illərində bölgədə yeganə orta məktəb Çayrəsullu kəndində yerləşirdi. Oxumaq, təhsil almaq arzusunda olan hər kəs həmin məktəbə üz tuturdu. Sinəsi oxumaq arzusu ilə alışıb-yananlardan biri də Göyəmli kəndindən olan Qara Məşədiyev idi.
... Bir əlcə kənd uşağı təhsil almaq üçün hər səhər kitab-dəftərini anası Əzət xanımın çit parçadan tikdiyi torbaya yığıb Göyəmlidən Zamanlı kəndindəki yeddillik məktəbə gedib. Qışda bu yolları getmək xüsusilə çətin idi. Məktəbə yetişmək üçün qılınc kimi kəsən soyuğunda buzla örtülən dağ keçidlərini, sürüşkən və sıldırımlı yamacları, vahiməli meşələri keçərək 15 kilometr məsafə qət etmək lazım idi: Murğuz dağı, Ləzgiqaya, Keçəlqaya, Sümüklü yal, Axınçı çayı... Amma buna baxmayaraq o, bircə gün də dərsdən qalmayıb. Qarlı qış günündə məktəbdən qayıdandan sonra evdə sobanın istisi dəydikcə dondan qızarmış ayaqları gizildəməyə başlayanda atası İbrahim də "çan, ay bala" deməkdən özünü saxlaya bilməyib. Amma oğlunun oxuyub öyrənmək arzusunun qarşısını kəsməyib. Məktəbdə hamı hiss edib ki, bu çəlimsiz, zirək və gözüaçıq uşağın qəlbində oxumağa, öyrənməyə çox böyük maraq var. Elə bu öyrənmək istəyi, oxumaq həvəsi Zamanlı kəndində yeddinci sinfi bitirdikdən sonra onu Çayrəsullu kəndindəki orta məktəbə aparıb.
Eyni qayda ilə orda da davam edib. Hətta məktəbdə çox tələbkar müəllimlərdən sayılan Mirzə müəllim Qaranın hazırlıq səviyyəsinə heyranlığını gizlədə bilməyərək deyirmiş: "Bu uşağın yiyəsi olsa, gələcəyin alimidir".
Məktəbdən evə qayıdan Qara ata-anasına kömək edər, meşədən odun yığıb gətirəndən sonra dərslərini oxuyardı. Meşədən gətirdiyi odun şələsi bəzən onun özündən də böyük olardı. Onunla meşəyə odun gətirməyə gedən uşaqların bir çoxunun gələcəyi həmin o ağır şələlərin altında qaldı. Amma Qara öz gələcəyini odun şələsi altında qalmağa qoymadı...
M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirdikdən sonra təyinatla Gədəbəy rayonunun Maarif kəndində göndərildi. Üç il müəllimlik etdikdən sonra onu Bakıya dəvət edərək həm Xarici Dillər İnstitutunda, həm Milli Elmlər Akademiyanın Dilçilik İnstitutunda iş təklif olundu. Qara müəllim elmi işlə məşğul olmaq üçün akademiyanı seçdi. 1968-ci ildə institutun Müasir Azərbaycan dili şöbəsinə laborant qəbul edildi, bir il sonra kiçik, sonra böyük elmi işçi oldu.
1974-cü ildə EA-nın müxbir üzvü, mərhum Zərifə Budaqovanın rəhbərliyi ilə "Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi.
"Azərbaycan dili ən saf, ən oynaq, musiqili və ən asan başa düşülən, tərcümə olunan dildir", - deyən Qara Məşədiyevin elmi axtarışları getdikcə dilçiliyin yeni sahəsi olan onomastikaya yönəlir. O, bir-birinin ardınca onomastikaya dair məqalələr yazır, xalqımızın tarixi yer-yurd adları, onların öyrənilməsi sahəsində çox vacib və gərəkli məsələlər qaldırır.
1979-cu ildə ona "Qafqaz ərazi və tayfalarının təsviri materialları məcmuəsi"ndə (SMOMK) qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili mövzusunda doktorluq dissertasiyası üərində işə başlayır. Qara müəllim çox geniş, çətin və əhatəli bir mövzuda elmi axtarışlar aparır. Uzun illər Moskva, Sankt-Peterburq, Tiflis və Mahaç-qala şəhərlərindəki arxivlərdə, elmi kitabxanalarda toz basmış kitabları, köhnə arxiv sənədlərini araşdırır. 1991-ci ildə 17 illik tədqiqatlardan sonra Qara Məşədiyev doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru dərəcəsinə layiq görülür. Onun doktorluq dissertasiyası və "Zaqafqaziyanın Azərbaycan toponimləri" monoqrafiyası dilçilik eimində ən mükəmməl və dəyərli əsərlərdən biri kimi qiymətləndirilir.
Qara Məşədiyev 1989-cu ildən Nəsimi adına Ədəbiyyat İnstitutunun onomastika şöbəsinə rəhbərlik edib. 1992-ci ildə professor dərəcəsinə layiq görülüb. Bu müddət ərzində filoloq-alim elmin bu sahəsinə çoxlu töhfələr verib. Müəllifin "Müasir Azərbaycan dilində nitq hissələrinin semantikası" (ocerklər) kitabı ali məktəblərin filologiya fakültəsinin tələbələri, aspirantları, müəllimləri, habelə dilçilik, dilin semantikası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Heç də təsadüfi deyildir ki, 1991-ci ildə professor Ağamusa Axundov həmin əsəri "ilin ən yaxşı kitabı" kimi dəyərləndirib. Qara Məşədiyevin müəllifi olduğu "Müasir Azərbaycan dili", "Azərbaycan dilinin semasiologiyası" və "Azərbaycan dilinin onomastikası" kitabları da elmin bu sahəsində çox qiymətli mənbə rolu oynayır.
Onun Türkiyə, Gürcüstan və Özbəkistanda keçirilən simpozium və elmi yığıncaqlardakı çıxışları bu sahədə çalışan alimlərin çox böyük marağına səbəb olub.
Onomastika xalqın tarixini, həyat tərzini, məişətini, dilini və s. özündə əks etdirən elm sahəsidir. Professor Qara Məşədiyev məhz dilçiliyin bu sahəsində öz məktəbini yaradıb. Azərbaycan mənşəli toponimlər, hidronimlər və antroponimlər professorun uzun illər rəhbərlik etdiyi Dilçilik İnstitutunun onomastika şöbəsinin əsas tədqiqat sahəsi olub. Onomastik vahidlər özləri də bir neçə qrupa bölünür: zoonimlər, fitonimlər, oronimlər, xtemotonimlər, dronimlər, urbononimlər...
Dilçilik sahəsində 6 kitab və 6 kollektiv nəşrdə onomastikaya aid məqalələr...
Ölkəmizdə və xaricdə dərc olunan 120-dən artıq elmi məqalə...
31 elmlər namizədi və 5 elmlər doktorunun rəhbəri...
Görkəmli alimin göstərdiyi xidmətlər təkcə bunlarla məhdudlaşmır. O, institutda yaradılmış müdafiə şurasının 25 il elmi katibi olub, 2008-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin toponomika komissiyasının üzvüdür. 45 ildən artıq müddətdə müxtəlif təhsil ocaqlarında - Azərbaycan Pedaqoji Universiteti, Lənkəran Dövlər Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti və digər ali məktəblərdə dərs deyib. Həmkarları çox haqlı olaraq onun ölkəmizdə onomastika məktəbi yaratdığını qeyd edirlər.
-Mən çox sevinirəm ki, bu gün Nəsimi adına Dilçilik İnstitutuna Azərbaycan dilinin ən gözəl bilicilərindən biri, çox görkəmli alim, professor Tofiq Hacıyev rəhbərlik edir. Son vaxtlar dilçiliyin onomastika sahəsinə çox istedadlı və perspektivli gənclər üz tutub. Mən onomastikaya üz tutan gənclərdən Yadigar Cəfərli, Elşad Abışov, Rübabə Əliyeva və Zülfiyyə Əlibəyli kimi gənc yetirmələrimə çox böyük ümidlər bəsləyirəm, - deyə Qara müəllim öz nikbinliyini ifadə edir.
Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin ömür yelkəni 75-ci sahilə yan alır. Ömrün arxada qalan illərinə onun alim axtarışları, müəllim narahatlığı və ata sevgisi hopub. Hazırda onun rəhbərliyi altında 2 elmlər namizədi və 4 aspirant çalışır, 6 nəvəsi müdrik baba nəsihətinin xeyir-dualarını eşidə-eşidə böyüyür.
Hansısa şairin misralarıdır:
Sinifdə o qədər var-gəl edib ki,
Bəlkə də yol gedib
Magellan qədər...
Doğrudan da, dərs zamanı sinif otağında, auditoriyada o baş-bu başa gedib gələn müəllimin qət etdiyi məsafəni uc-uca düysən, bəlkə də ekvator xəttini dolaşmış olar... Elə alim ömrü ilə səyyah ömrü arasında da bənzəyiş var. Səyyah ömrü materik, okean və adaların axtarışına, professor Qara Məşədiyevin ömrü isə onomastik vahidlərin öyrənilməsinə, eləcə də ana dilimizin saflıq və təmizliyinin qorunmasına yönəlib...
...Hər səhər Qara müəllim ağır və ləngərli addımlarla hansısa elm mərkəzinə, təhsil ocağına üz tutur.. Onu tanıyan hər kəs üzündə xeyirxahlıq işığı dolaşan bu sadə və nurani alimi görəndə ayaq saxlayır, hal-əhval tutur, məsləhət alır. Ömrün müdriklik çağını yaşayan Qara müəllimlə rastlaşan hər kəsin ilk kəlməsi belə olur:
-Sabahın xeyir, professor!
Elə Qara müəllimi ömrün yeni səhərlərinə səsləyən də bu"sabahın xeyir"lərdir...
Süleyman QARADAĞLI