|
|
|
|

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan fevralın 17-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Kremlin yeni "ultimatum"u təqdim edilib. İki ay öncə olduğu kimi bu dəfə də Rusiya ABŞ-a təqdim olunan "ultimatum"un mətnini dərc edib. "Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsi" adlanan bu sənəd ona görə ultimatum adlanır ki, Moskva Vaşinqtona qarşı tələblər irəli sürərək onların qəbul olunmasını istəyir.
İki ay öncə - dekbarın 17-də Rusiyanın təqdim etdiyi sənəddə ABŞ-dan NATO-nun genişlənməsindən, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair "Buxarest formulu"ndan və NATO üzvü olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina edilməsi tələbi irəli sürülürdü. Moskva həmçinin Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarmağı istəyirdi. Fevralın 17-də təqdim olunan sənədə də Moskva bu şərtləri yenidən vurğulayaraq həmin müddəaların Rusiya üçün fundamental əhəmiyyət daşıdığını qeyd edib.
Sənəddə ABŞ və NATO-nun Rusiya sərhədləri yaxınlığında artan hərbi fəaliyyətinin narahatlıq doğurduğunu Moskvanın "qırmızı xətləri"nin və əsas təhlükəsizlik maraqlarının nəzərə alınmadığı və Rusiyanın suveren hüququnun diqqətə alınmadığı önə çəkilir. Eyni zamanda, daha sərt sanksiya hədələri ilə Rusiyanın öz sərhədləri daxilində müəyyən ərazilərdən qoşunlarının çıxarılmasına dair tələblər qəbuledilməz adlandırılır və bu tələbin real razılaşmaların əldə olunması perspektivlərini aradan qaldırdığı vurğulanır. Moskvanın ikinci "ultimatum"unda ABŞ və müttəfiqlərinin Rusiyanın təhlükəsizliyinə dair hüquqi zəmanət təminatlarını razılaşdırmağa hazır olmadığı təqdirdə hərbi-texniki tədbirlərin həyata keçirilməsi də daxil olmaqla cavab verməyə məcbur olacağı göstərilir. Aydın görünür ki, Vaşinqtonla Moskva arasındakı danışıqlarda iki ay ərzində heç bir uğur əldə olunmayıb.
Xarici İşlər Nazirliyinin ikinci "ultimatum"unda Rusiyanın Ukraynanı işğala hazırlaşmadığı, Qərb ölkələrinin bununla bağlı bəyanatları isə "Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini ucuzlaşdırmaq cəhdi" kimi qiymətləndirir. Yeni sənəddə Ukraynanın NATO-ya daxil olacağı və Krımı geri qaytarmağa cəhd edəcəyi halda Rusiya ilə NATO arasında müharibə təhlükəsinin yaranacağı haqda prezident Vladimir Putinin fikri də öz əksini tapıb.
Rusiya XİN-in ikinci "ultimatum"unda Ukrayna ətrafındakı gərginlyin azaldılması üçün bir sıra addımların atılmasının vacibliyi qabardılır. Bu addımların arasında ABŞ-ın Şərqi, Mərkəzi və Cənub-Şərqi Avropa, eləcə də Baltikyanı ölkələrdə yerləşdirilmiş bütün hərbi texnika və silahlarının çıxarılması, Ukraynaya verilmiş bütün silahların geri alınması, silah tədarükünün dayandırılması, Qərb müşavirlərinin və təlimatçılarının çıxarılması, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə birgə təlimlərdən imtina edilməsi tələb olunur.
Aydın məsələdir ki, dekabr ayında olduğu kimi indi də ABŞ Rusiyanın bu tələblərini qəbul etməyəcək.
Heç şübhəsiz, Moskvada da anlayırlar ki, ötən iki ayda ABŞ-ın mövqeyini dəyişəcəyini göstərən heç bir amil mövcud deyil. Ümumiyyətlə, Rusiyanın bu təklifinin qəbulu dolayısı yolu NATO-nun ləğvini tələb etmək, ABŞ və Böyük Britaniyada bu günə kimi müşahidə olunmamış dərin siyasi böhrana şərait yaratmaq deməkdir. Hətta üçüncü dünya müharibəsi təhlükəsi qarşısında belə ABŞ-ın bu tələbləri qəbul etməyəcəyi məlumdur.
Belə olduğu halda Rusiyanın "ultimatum"unun təkrarlanmasının hansı məqsədə xidmət edəcəyi tam anlaşılmır. Belə fikirlər mövcuddur ki, Rusiya bununla Ukraynanın separatçı bölgələrinin, "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı müstəqil dövlət kimi tanımaq üçün əlavə arqumentlər qazanmaq istəyir. Məlum olduğu kimi, Rusiya Dövlət Duması bu iki separtçı bölgənin müstəqiliyinin tanınması ilə bağlı prezident Vladimir Putinə müraciət edib.
Fransa prezidenti Emmanuel Makron fevralın 7-də Moskvaya səfəri zamanı kommunistlərin "DXR" və "LXR"in müstəqilliyinin tanınması ilə bağlı təklifini prezident Vladimir Putinlə müzakirə edib. Fransa tərəfinin açıqladığı məlumata görə, prezident Putin kommunistlərin bu təklifinin hakim partiya tərəfindən dəstəklənməyəcəyini bildirib. Ancaq fevralın 15-də Rusiya Dövlət Dumasında kommunistlərin təklifi məhz hakim partiyanın dəstəyi ilə qəbul olunub. Almaniyanın kansleri Olaf Şolts ilə mətbuat konfransında Putin "DXR" və "LXR"in müstəqilliyinin tanınmasını Kosova prezidenti ilə müqayisə edib. Kansler Kosovanın müstəqilliyinin tanınmasını orada soyqırım baş verməsi ilə izah edib. Cavab olaraq Putin "DXR" və "LXR"ə qarşı soyqırım baş verdiyini düşündüklərini dilə gətirib. Bundan dərhal sonra Rusiya İstintaq Komitəsi "DXR" və "LXR" ərazisində kütləvi məzarlıqların tapıldığı haqqında açıqlama yayıb. Belə görünür ki, Rusiya "DXR" və "LXR"in müstəqilliyini tanıya bilər. Bunu nəzərə alan Qərb Rusiyaya xəbərdarlıq edib ki, "DXR" və "LXR"in müstəqilliyinin tanınması müharibəsiz işğal kimi dəyərləndiriləcək və Moskvaya qarşı sərt sanksiyalar tətbiq olunacaq.
Ekspertlər isə "DXR" və "LXR"in müstəqilliyinin tanınmasının postsovet məkanında etnik münaqişələrin yenidən qızışmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Belə görünür ki, Moskva ötən əsrin 90-cı illərin əvvəllərində müstəqilliklərini elan edən keçmiş sovet respublikalarının ərazisində etnik və siyasi separatizmi alovlandırdığı kimi yenidən bu bədnam siyasətinə qayıdır. Ermənilərin son günlər Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə fəallaşması da Moskvadan əsən "külək"lərin təsirinin nəticəsidir.



