|
|
|
|

Polşa Rusiya ilə sərhəddə hasar çəkmək niyyətindədir. Bununla bağlı Polşa müdafiə nazirinin müavini Voytsex Skurkeviçin açıqlama verib. Polşa ilə Rusiyanın sərhədinin uzunluğu 203,3 kilometrdir. Bundan əvvəl isə Polşa Rusiyanın müttəfiqi Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Ötən ay başlayan proses 2022-ci ilin yayında başa çatmalıdır. Polşanın Belarusla sərhədinin uzunluğu 186 kilometrdir. Varşava indi həmin 186 kilometr ərazidə hündürlüyü beş metrdən çox olan hasar çəkir. Bu məqsədlə Polşa hökuməti 162 milyon dollar sərf edəcək. Əgər Polşa Belarusla sərhəddə hasarı qanunsuz miqrantların yaratdığı sərhəd böhranını həll etmək üçün çəkirdisə, Rusiya ilə bağlı qərarın səbəbi başqadır. Bu hasarın Rusiyadan gələ biləcək hərbi təhlükənin qarşısını almağa qadir olmadığı aydındır. Rusiyadan qanunsuz miqrant axını olmadığı üçün deməli bu sərhəd texniki əhəmiyyətdən daha çox, siyasi əhəmiyyət daşıyır. Polşa bununla Rusyanın Avropadan ayrıldığını nümayiş etdirmək istəyir.
Polşanın Rusiya ilə sərhəddə hasar çəkməsi ruslar arasında rəsmi Moskvaya qarşı narazılığı artıra bilər. Avropa və Qərblə bütün ziddiyyətlərə baxmayaraq, ruslar özlərini Avropanın bir hissəsi sayırlar. Rusiyanın üzünü Asiyadan Avropaya çevirməsi Sultan Mehmet Fatehin İstanbulu fəht etməsi ilə başlayır. Tarixin getişatını dəyişən, çoxsaylı xalqların yüzilliklər boyu taleyinə təsir edən mühüm tarixi hadisələrdən biri olan İstanbulun fəthindən sonra Osmanlı dövlətinin mümkün hücumundan qorxan Moskva çarları Avropa ilə birgə hərəkət etmək siyasətini seçdilər. Rusiya imperiyasının qurucusu I Pyotrun həyata keçirdiyi məcburi, bəzi hallarda isə zorakı islahatlar Rusiyanın tamamilə Avropa dövlətinə, rus xalqının da Avropa xalqına çevrilməsini geridönməz prosesə çevirdi. Hətta kommunistlərin hakimiyyəti illərində də Sovet İttifaqı Şərq deyil, Qərb dövləti idi. Son üç yüz ildə ilk dəfədir ki, Rusiya üzünü Qərbdən Şərqə çevrir. Poşanın Rusiya ilə sərhəddə divar çəkməsi Rusiyanın Avropadan tamamilə ayrılması anlamına gəlir. Təbii ki, bu, ruslar arasında ciddi suallar yaradacaq və hakimiyyətə qarşı çıxışları tətikləyən hadisələrdən birinə çevriləcək.
Rusiyanın Avropa ilə əlaqələrində yaranan gərginliyin aradan qalxması və bərpa olunması uzun zaman aparacaq. Bu isə heç şübhəsiz, Rusiyanın inkişafına çox ciddi mənfi təsir göstərəcək.
Rusiyanın Avropadan uzaqlaşması onun nəhəng iqtisadi gücə çevrilmiş Çindən asılılığını da artıracaq. Rusiyanın ictimai-siyasi, xüsusilə də mədəni elitası arasında bu vəziyyət çox ciddi narazılıq yaradır və artıq bununla bağlı etirazlar sərt şəkildə dilə gətirilir.
Aydın görünür ki, Polşanın Rusiya ilə sərhəddə hasar çəkməsi hərbi-texniki tədbir olmaqdan daha çox siyasi-ideoloji addımdır. Siyasi-ideoloji addımın isə müvafiq nəticəsi mütləq olmalıdır.



