Görkəmli dilçi-mütəfəkkir Vilhelm fon Humboldt yazırdı ki, xalqın ruhu onun dili, xalqın dili onun ruhudur. Öz nitq, ünsiyyətə xidmət funksiyasına görə, bədənin bir üzvü - orqan anlayışından mənəvi-mədəni bir varlığa çevrilən dil barədə müxtəlif dövrlərdə Humboldt sayağı yüzlərlə fikirlər səsləndirib və doğrudan da, bütün deyilənlərdə həqiqət payı var. Ona görə ki, əgər dil bədən üzvü kimi konkretdirsə, ünsiyyətə xidmət edən dil məhfumu daha mücərrəddir. Bəzən onun haqqında mütləq hökm vermək mümkün olsa da, mülahizələr heç bir dar çərçivəyə sığmır. Dünya dillərinin yaranma tarixi, inkişafı, dəyişmə prosesinə yaxından bələd olduqda bizə bağışlanan bu bacarığın - danışmaq qabiliyyətinin nə qədər qiymətli nemət olduğunu daha yaxşı dərk edirsən.
İnsan ətraf aləmi sözlər vasitəsilə dərk edir, təfəkkür və dilin qarşılıqlı əlaqəsi son nəfəsə qədər insanı müşahidə edir. Biz sözlərlə düşünürük, nitqimiz isə düşüncələrimizi söz vasitəsilə mirvari kimi sapa düzməyə imkan yaradır.
Dil elə bir instinktdir ki, körpə gözün açır və anasının ilk nənnisi ilə bu dil onun ruhuna, iliyinə hopur. Niyə danışdığımız dili ana dili adlandırırıq? Çünki dil coğrafi məkan və irqdən asılı olmayan amildir. Bir azərbaycanlı uşaq Rusiyada doğulub böyüsə, onu rusdilli insanlar əhatə etsə, rus dili onun doğma dilinə çevriləcək. Həmin uşağı qucağında bəsləyən, qidalandıran, əzizləyən, yaşa dolana qədər ətrafında olan kəs hansı dildə danışırsa, uşaq da o dildə danışacaq. Həm də "ana dili" söz birləşməsi xalqımızın ruhundan, dəyərlərə bağlılığından gələn bir adlandırmadır.
Fikri aydın, səlis şəkildə ifadə etmək üçün yetərincə zəngin leksikonumuz var. Bəzən Azərbaycan dilinin söz bazasını kasad hesab edirlər. Yenə özümüzü yox, başqa bir nəsnəni günahlandırmaqda ustalıq nümayiş etdiririk. Əvvəlcə, özümüzə sual verək: "Biz ana dilimizi hansı səviyyədə bilirik?" Ən azı, Əli Vəliyevi, Süleyman Rəhimovu, Ənvər Məmmədxanlını və digər dilə yaxşı bələd olan nasirlərimizi oxuyan kəs Azərbaycan dilinin nə qədər dərin qatlara malik olduğunu dərk edə bilər.
Dili həmin xalqın elmi-texniki tərəqqisi inkişaf etdirir. Yəni biz nə səviyyədə inkişaf etmişiksə, xalq olaraq hansı dünyagörüşünə malikiksə, dilimiz də həmin səviyyədədir. Dahi Füzuli demiş, kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Yəni, biz nəyiksə, dilimiz də odur. Bəziləri ərəb dili ilə ana dilimiz arasında müqayisə apararaq deyirlər: "Ərəblərdə dəvənin 2 aylıq balasının bir adı var, 6 aylıq balasının bir adı var, 1 yaşlı balasının bir adı var, görürsüz, zəngin dil belə olar". Təbii ki, bu yanlış yanaşmadır, çünki Azərbaycan xalqının yaxın tarixdə məişət həyatında dəvə aktiv rol oynamayıb, ərəblərdə isə əsas heyvan dəvədir. Dil özü-özünü islah edir, təmizləyir. Bunun belə olması normaldır. Ümumiyyətlə, dilin lokanik, konkret olması vacibdir. Dilin qəlizləşməsi, ilk növbədə, ədəbiyyatı inkişafdan saxlayır.
Dilimizə ərəb-fars, rus-avropa dillərindən bir çox söz keçib. Alınma mənşəli sözlərin dildə yer alması problemli məsələ deyil. Fonetik baxımdan bir sıra alınma sözlər dilimizə uyğunlaşdırılıb. Amma bəzən dilimizdə ekvivalenti olduğu halda, başqa dilə mənsub sözlərdən istifadə edirik. Bu, birbaşa dilimizə qarşı hörmətsizlikdir. Dil, milli məslək, milli özünüdərk uğrunda bütün mücadilələrin üzərindən xətt çəkib ürəyimiz necə istəyirsə danışmaq bizim üçün ən böyük ayıbdır. Xüsusən üzdə olan, populyar insanların efirdə, kütlə qarşısında elədikləri təhriflər qəbuledilməzdir.
Dil çox mühafizəkar və sabitdir. Onun dəyişmə prosesi çox uzun zaman kəsiyində mümkün ola bilər. Cəmiyyət də dildə olan dəyişikliyi birmənalı qəbul eləmir. Təsadüfi deyil ki, dil ilə bağlı qərarlar gündəmə çevrilir, sosial şəbəkələrdə dərhal reaksiya verilir. İnsanlar Dilçilik institutunun lüğətə daxil etdiyi bir sıra yeni sözləri qəbul eləmirlər. Qeyd etdiyim kimi, dil təfəkkürdən asılı bir amildir. Biz əvvəldən qələmə "qələm" yox "dağ" desəydik, sonra kimsə gəlib desəydi ki, "dağ" yox "qələm" deyin, biz onu da qəbul etməzdik. Şüurumuzdakı şifrələri dəyişmək çətin prosesdir.
Qələmlə qılıncı dost tutan Şah İsmayıl Xətai qanunları "fərman" başlığı ilə yazdırmaqdan imtina etmişdi. Onun bütün hökmlərinin başlığında "SÖZÜMÜZ" yazılırdı. Sözümüzə qiymət vermək, dilimizin yazılı və şifahi qanunauyğunluqlarına əməl etmək bizim vəzifə borcumuzdur.