|
|
|
|

Məlum olduğu kimi, martın 10-da Avropa Parlamentində Azərbaycan əleyhinə "Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edilib. Qətnamənin 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər dəqiq mövqe bildirməyib. Absurd sənəddə deyilir ki, "Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək "Qafqaz-Alban" qoyulması kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır". Qətnaməyə görə, "erməni mədəni, tarixi və dini abidələrindən" saxta yazıların silinməsi məqsədilə işçi qrupun yaradılması yolverilməzdir.
Həmçinin, Azərbaycandan UNESCO-nun Qarabağda araşdırmalar aparmağa şərait yaratmasına imkan verilməsi tələb olunur. Şərt qoyulur ki, qiymətləndirmə missiyası işə başlayanadək "erməni tarixi irsinə" əl vurulmasın.
Avropa Parlamentinin bu qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar etmək cəhdidir.
Bütün dünyaya məlumdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı illər ərzində Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib. Ermənilərin işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məsciddən 64-ü viran qalıb. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qətnamə ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, ən əsası, həqiqətə və məntiqə ziddir.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyir ki, Avropa Parlamentinin 635 səslə belə bir absurd qətnamə qəbul etməsi, təbii ki, Azərbaycan ictimaiyyətində böyük məyusluq və təəssüf hissi doğurub: "Onsuz da son 30 ildə Qərbin ikili standartları, ədalətsizliyi, birtərəfli mövqeyi barədə Azərbaycan xalqında formalaşan təsəvvürü bu qətnamə daha da möhkəmləndirdi. Biz Vətən müharibəmizlə tarixi ədaləti bərpa etdik, haqsızlığın üzərində qələbə çaldıq. Amma təəssüf ki, ötən müddətdə dünya ictimaiyyətinin gözü qarşısında işğala, zülmə məruz qalmağımız, dağıdılmış şəhərlərimiz, viran olmuş evlərimiz, tarixi abidələrimiz, təhqir olunan müqəddəs məkanlarımız Avropa Parlamentini cüzi də olsa təsirləndirmədi. Daha açıq desək, bütün bunlar guya ədalətdən dəm vuran avropalı parlamentarilərin vecinə olmadı. İndi də bu dərəcədə mütəşəkkil formada belə bir qətnamənin qəbul olunması aşkar qərəzdən, qatı ədalətsizlikdən başqa heç nəylə izah edilə bilməz. Axı bu əsassız qətnamədə söhbət hansı mədəni irsdən, hansı tarixi abidələrdən gedir? Əgər Qarabağda olan Alban tarixi mədəni irsi, 1836-cı ildə Çar Rusiyasının qədim Alban kilsəsini qondarma erməni kilsəsinə tabe etdirməsindən sonra ermənilərin çirkin yollarla, hədsiz saxtakarlıqlarla özününküləşdirməyə girişdiyi Alban mədəni irsi nəzərdə tutulursa, bunun yenidən "erməni irsi" adıyla belə səviyyədə gündəmə gətirilməsi sadəcə növbəti eybəcərlikdir. Azərbaycan xalqı tarixi mədəni irsə, həmçinin, Alban məbədlərinə həmişə ehtiramla yanaşıb, bugün də belədir. Ancaq görünür ki, bizim də hələ bu yöndə görüləcək çox işimiz var, düzgün, təsirli təbliğata, həqiqətin dünyaya, xüsusən vicdanı dərin yuxuya dalmış avropalılara çatdırılması üçün effektli addımlar atmağımıza ciddi ehtiyac duyulur".
Rəşad Məcidin fikrincə, indi Azərbaycana dünyanın müxtəlif yerlərindən siyasətçilər, deputatlar, jurnalistlər gəlirlər, UNESCO heyətinin Qarabağa səfəri gözlənilir və bu, olduqca vacib məqamdır: "Hesab edirəm ki, Avropa Parlamenti ilə əlaqəsi olan millət vəkillərimiz, digər qurumlarımız o çirkin qətnamayə səs verən deputatların gəlib ermənilərin Azərbaycanda, Qarabağda viran qoyduğu məkanları öz gözlərilə görmələrinə nail olmalıdırlar. Ola bilməz ki, həmin 635 nəfərin içində, az sayda da olsa, vicdanlı davranmağa, obyektivliyə meyilli insanlar tapılmasın. Çox güman ki, ermənilərin törətdiyi vandallığa əyani şahid olandan sonra onlardan hansılarınsa yatmış vicdanı oyanar və bəlkə bundan belə münaqişənin həqiqi qurbanlarının kim olduğunu anlayar, haqqın, ədalətin, tərəfini tutarlar".
Millət vəkili Ceyhun Məmmədov bildirir ki, mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz fəaliyyət sərgiləyən Avropa qurumları indi də guya "Qarabağda erməni mədəni abidələrinin təhlükə altında olması və dağıdılması" məsələsini gündəmə gətirirlər. Bugünlərdə Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənəd həqiqətləri, əsl vəziyyəti kökündən təhrif etmək, Azərbaycanın məruz qaldığı erməni işğalı və vandalizminin acı nəticələrini pərdələmək cəhdidir: "Hazırda biz bunun şahidi oluruq ki, Avropa qurumları məqsədyönlü şəkildə ermənilərin yalanına uyaraq Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyirlər. Təəssüf ki, bu ədalətsiz qurumlar istər enerji təchizatı, istərsə də digər sahələrdə Azərbaycanın qitədəki rolunu görməzdən gəlir. Əslində belə qətnamələr Ermənistan əleyhinə qəbul edilməlidir. Düşmən tərəfindən son 30 ildə Qarabağda necə vandalizmin törədildiyinin şahidiyik və dağıdılmış yaşayış məntəqələri, məscidlər, qəbirlər buna sübutdur. Ermənilər hətta azərbaycanlıların qəbirlərini qazaraq sümüklərini çıxarıb təhqir ediblər. Əslində belə bir qətnamə Ermənistana qarşı qəbul edilməli idi. Avropa Parlamentinin qəbul etdiyi sənədin isə heç bir əsası yoxdur. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dönəmində kilsələrə qarşı heç bir hörmətsizlik edilməyib. Əksinə, bu dövrlər ərzində Azərbaycan xalqı tolerantlıq nümunəsi ortaya qoyub. Bakının mərkəzindəki kilsələr və Şuşada yerləşən kilsənin bizim tərəfimizdən təmir edilməsi bunu əsaslandırmaq üçün kifayətdir. Bu gün erməni kilsəsi Bakının mərkəzində içərisində 5000 erməni dilində ədəbiyyatla qorunur. Şuşada erməni kilsəsi təmir olunur. Görünən odur ki, bu məsələdə Avropa Parlamenti erməni lobissinin təsiri altına düşərək öz mövqeyini göstərir.
Biz istər Qarabağda, istərsə də Ermənistan ərazisində dağıdılan məbədlərimiz barədə və Alban abidələrinin erməniləşdirilməsi ilə bağlı təbliğat işini daha da gücləndirməliyik. Müasir dövrdə sosial şəbəkələrin mühüm kütləvilik obyektinə çevrildiyini nəzərə alaraq hər birimiz, xüsusilə, gənclər bu sahədə erməni vandalizminə qarşı təbliğatın aparılması istiqamətində aktiv olmalıdır".
Tarix elmləri doktoru Nəsiman Yaqublunun sözlərinə görə, otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin bölgələrdə maddi mədəniyyət abidələrini dağıdan, məhv edən Ermənistan barədə heç bir münasibət bildirməyən Avropa Parlamenti bu gün qətiyyən həqiqətə uyğun olmayan qərar qəbul edərək erməni abidələrinin müdafiəsinə qalxır: "Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsi xalqlar arasında münasibətləri gərginləşdirir və növbəti ziddiyyətlər üçün şərait yaradır. Halbuki, Avropa Parlamenti beynəlxalq qurum olaraq birtərəfli mövqedə qərarlar qəbul etməməli, xalqlar arasında əlaqələrin yaxşılaşdırılmasına, müxtəlif xalqlara aid olan maddi mədəniyyət abidələrinin qorunmasına çalışmalıdır. Odur ki, Avropa Parlamentinin qəbul etdiyi qərarın qətiyyən düzgün olmadığını hesab edirəm".
Sevinc QARAYEVA



