|
|
|
|

Təcavüzkar Ermənistan 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım aktı törədib. Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq, müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə, Azərbayan əleyhinə qətnamələr qəbul edirlər. Martın 10-da Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə də bu qəbildəndir. 635 deputatın lehinə, 2 deputatın əleyhinə səs verdiyi, 42 nəfərin dəqiq mövqe bildirmədiyi bu çirkin sənəd Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Avropa Parlamentinin Qarabağda mədəni irsin məhvi ilə bağlı qətnamə qəbul etməsi Azərbaycana qarşı növbəti ikili standartın təzahürüdür: “Azərbaycanın əraziləri 30 il ərzində işğal altında olarkən nəinki tarixi abidələr, həm də bütövlükdə həyat - ekologiya, maddi mədəniyyət nümunələri, xalqımızın əsrlərdir formalaşdırdığı bütün dəyərlər məhv edilib. İşğaldan azad edilən bölgələrə etdiyimiz səfər zamanı bu ərazidə bir tikilinin belə qalmadığının şahidi olduq. Qəbir daşları, məscidlər dağılıb. Tarixi abidələr təhqir olunub, bərbad hala salınıb, muzeylər xarabalığa çevrilib. Azərbaycan xalqına qarşı 30 il müddətində böyük mənəvi-maddi terror həyata keçirilib”.
İlqar Orucovun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara Qarabağda baş verənlərlə bağlı müraciət etsə də, bu məsələyə hər zaman biganə yanaşılıb. Avropa Parlamenti 30 il ərzində Azərbaycana qarşı həyata keçirilən vandallığa heç bir zaman qiymət verməyib və heç bir doğruluğu olmayan faktlarla işğaldan azad olunmuş ərazilərdə Ermənistana məxsus abidələrin məhv edilməsi ilə bağlı həqiqəti özündə əks etdirməyən qərarlar qəbul olunub: “Hesab edirəm ki, bunlar növbəti siyasi riyakarlıqdır. Biz qətiyyətlə Avropa Parlamentinin qərarını pisləyirik. Biz UNESCO-ya müraciət etdik. Müraciətdə Ermənistan ərazisində Azərbaycan xalqının əsrlərlə formalaşdırdığı maddi-mədəniyyət nümunələrinin - məscidlərin, qəbirlərin, tarixi abidələrin dağıdıldığı, mənimsənildiyi, fərqli məqsədlərlə istifadə edildiyi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı dini ibadət yerlərimizi ermənilərin heyvandarlıq üçün istifadə etdiyini gördük. Mən gənc alimlər adından Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsini ədalətsiz, çirkin məqsədlərə xidmət edən bir qərar kimi qiymətləndirirəm. Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyir ki, Azərbaycan əleyhinə əsassız qətnamə qəbul edən Avropa Parlamenti özünü bu regiondan xəbərsiz kimi aparır: “Bu, haqsız qətnamə olmaqdan əlavə, həm də Avropa Parlamentinin, ümumiyyətlə, regiona münasibətini ifadə edir. Qətnamənin məzmununa baxdıqda ölkəmizə olan münasibət, yumşaq desək, çox məyusedicidir. Avropa Parlamenti dünyanın taleyinə təsir edə biləcək beynəlxalq qurumlardan biridir. Onun sərgilədiyi münasibət və verdiyi qərarlar hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Lakin hazırda avropalı parlamentarilər bu qətnaməni qəbul etməklə özlərinin iç üzünü ifşa etdilər”.
Umud Mirzəyevin dediyinə görə, Azərbaycan əleyhinə “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul etməklə növbəti dəfə ermənipərəst mövqeyini sərgiləmiş oldu. Ermənilərin maraqlarına xidmət edən bu qətnamə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yalnız mənfi təsir göstərəcək: “Məlumdur ki, Azərbaycan Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji əlaqələrə malikdir. Bununla bərabər, Azərbaycan Avropa İttifaqı ilə imzalanacaq sənəd üzərində işləri tamamlamaq üzrədir. Belə olan halda, Avropa Parlamenti ermənilərin sifarişi əsasında, habelə onların maraqlarına xidmət edən qətnamə qəbul edir. Bu qətnamə Avropa Parlamentinin nə adına, nə də statusuna yaraşır. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti özlərinin kimliyi haqqında ortaya çox maraqlı fikirlər çıxarır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış mədəni irs obyektlərinə qarşı biganəlik göstərildi. Məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşıb, erməniləri buna görə qınamadılar, onlara qarşı heç bir tədbir görmədilər. Çox təəssüf ki, Qafqaz-Alban mədəniyyətinə aid obyektlərin adının dəyişdirilərək erməniləşdirilməsi müzakirə predmeti olduğu halda, Avropa Parlamentinin istiqaməti yenə yalan üzərinə hədəfləndi”.
“Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi”nin sədri Yusif Ağayevin sözlərinə əsasən, Avropa Parlamentində Azərbaycan əleyhinə “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul etməsi Azərbaycana qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən ədalətsiz yanaşmadır: “Azərbaycana qarşı dünyada mənfi imicin formalaşdırılması üçün növbəti yalan məlumatlar yayılır. Təəssüf doğuran məqam odur ki, Avropa Parlamenti və onun alt strukturları Azərbaycana qarşı yalan məlumatları yoxlamağa nəinki səy göstərir, hətta canfəşanlıqla Avropa ictimaiyyətini bu yalanlara inandırmağa çalışırlar. Əslində isə Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət göstərmək əvəzinə, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər tirajlanır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Avropa Parlamentinin qərəzli və əsassız mövqeyi onun nüfuzlu bir təşkilat kimi obyektivliyinə kölgə salır, beynəlxalq təsisatın qeyri-ciddi və qərəzli siyasi mövqeyinin formalaşmasına xidmət edir”.
Yusif Ağayev qeyd edib ki, 30 ilə yaxındır, təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının, tarixi abidələrimizin, məscidlərimizin, şəxsi mülklərimizin, evlərimizin, şəhərlərimizin dağıdılması haqqında Avropa Parlamenti indiyədək birmənalı, qəti mövqe nümayiş etdirməyib. Məhz bunun üçün də Azərbaycan qərəzli və ədalətsiz fikirləri birmənalı şəkildə qəbul etmir və Avropa ictimaiyyətini təmsil edən sağlam, ədalətli düşüncə sahiblərini ikili standartlara xidmət edən bu qərəzli siyasətə qarşı etiraz bildirməyə çağırır: “Azərbaycana qarşı yönəlmiş qətnamənin əsasında "idarə edilən xaos" vəziyyətinin yaradılması cəhdinin dayandığı aydın görünür. Qeyri-hökumət təşkilatı olaraq bildiririk ki, bu tipli “yumşaq güc” adı altında olan cəhdlərə imkan verməyəcəyik. Bəyan edirik ki, bu təzyiq üsulu məlum xarici ölkələrdə fəaliyyət göstərən qurum və şəxslərin ölkəmizə qarşı növbəti qərəzli münasibəti digər ölkənin işlərinə qarışmaq cəhdi və həqiqəti əks etdirməyən mövqeyi kimi qəbul edilir və buna qəti etirazımızı bildiririk”.
Onun söylədiyinə görə, son illərdə Azərbaycanın uğurlu inkişafı, əsasən də 2020-ci ildə torpaqlarını işğaldan azad etməsi müəyyən qüvvələrin planlarını pozub. Təəssüf ki, bu uğurları qəbul edə bilməyən yerli və xarici bədxahlar da var. Bu cür qurumlar və təşkilatlar arasında erməni lobbisi, o cümlədən, bəzi avropalı siyasətçilər xüsusi yer tutmaqdadır: “Azərbaycanın Avropa dəyərlərinə hörmətlə yanaşmasına, insan hüquq və azadlıqlarının qorunması sahəsində bir çox nüfuzlu institutlarla əməkdaşlıq etməsinə baxmayaraq, həqiqəti əks etdirməyən bu cür qərəzli məlumatların yayılması həmin təşkilatlarda təmsil olunanların da obyektivliyini şübhə altına alır və təkcə özünün deyil, bu sahədə fəaliyyət göstərən digər institutların da fəaliyyətinə və nüfuzuna xələl gətirir”.
Sevinc QARAYEVA



