Salam olsun
Bu yazın çiçək üzünə,
gül üzünə salam olsun;
dünyanın iç üzün gördük,
çöl üzünə salam olsun;
kim inciyib küsən imiş,
ürəyində dərd üşənmiş;
bu dünyanın yanıb sönmüş,
kül üzünə salam olsun;
o yanına, bərisinə,
dünya sığmır dərisinə;
ölü kimi dirisinə,
ölüsünə salam olsun;
göy üzü baxır üzümə,
buludlar yağır üzümə;
dünyanın cığır üzünə,
yol üzünə salam olsun;
kim deyirsə, yalan deyir,
ölən ölüb, qalan deyir;
ağıllısı salam deyir,
dəlisinə salam olsun;
gül oldum Vətən üzünə,
köynəyim kətan üzünə;
torpağın kotan üzünə,
vəl üzünə salam olsun;
qazilərin əsasına,
şəhidlərin qisasına;
Məmmədinə, Musasına,
Əlisinə salam olsun;
yuxumu yozum, özümə,
günahı yazın üzümə;
dünyanın qızıl üzünə,
ləl üzünə salam olsun;
eh, nə çoxdu, bəxtsiz qalan,
taxtdan düşüb taxtsız qalan;
bu dünyanın haqsız qalan,
qul üzünə salam olsun.
Bir az qəlbidən danış
Bir az qəlbidən danış,
səsin yavaşdan gəlir;
saçıma düşən qarın,
sorağı qışdan gəlir;
dünyanın dörd yanı su,
Yer üzünün qanı su;
sevgilərin hamısı,
bir ilk baxışdan gəlir;
bu da ömrün yarısı,
qalxıb dərdin barısı;
dizlərimin ağrısı,
yordan-yoxuşdan gəlir;
kimdi, dərdin bacısı,
gözlərində acı su;
canın ağrı-acısı,
gözdəki yaşdan gəlir;
od sönüb şamdan gedir,
gecə gəlir, dan gedir;
ruhum axşamdan gedir,
dönüb obaşdan gəlir.
Allahın bir adı var
Göydə qara buludun,
yanaqları sulandı;
yağı girdi,bu yurda
hər yerini taladı;
yarpaq açmadı bu yaz,
quşlar uçmadı, bu yaz;
fələk saçmadı, bir az,
qoynundakı ilandı;
köçüm hara daşındı,
göy üzü bir quşundu;
dəli ruhum qaşındı,
bir günaha bulandım;
atlılar, qan atlılar,
ruhumu qanatdılar;
bizi hara atdılar,
bu dünya dar dalandı;
indi kimin yurdu var,
dünyanı tərs qurdular;
Allahın bir adı var,
qalanları yalandı.
Biz göy üzündən gəlmişik
O buludu sərək yerə,
yaşdısa, bir az qurusun;
bir bardağa doldur, içim
göy suların ən durusun;
hardan gəldi, ağ atlılar,
hər tərəfə ox atdılar;
yağıları yox etdilər,
yağıları dərd darısın;
yollar uzaq, mənzil yaxın,
həsrət gəlir axın-axın;
qollarıma qanad taxın,
atdanım dərdin barısın;
yazdan dərək, yaydan dərək,
o taydan, bu taydan dərək;
payıza muştuluq verək,
çiçəklərin ən sarısın;
odun közündən gəlmişik,
eşqin özündən gəlmişik;
biz göy üzündən gəlmişik,
göy üzü bizi qorusun.
Canımda hələ yazdı
Gecə yarıdan keçib,
çöldə hələ ayazdı;
qış çoxdan sona çatıb,
dağlar hələ bəyazdı;
təpələr köndələndi,
zirvələr göydələndi,
buludlar kündələndi,
arasında Ay azdı;
köç oldu, lələm getdi,
canında ələm getdi;
əlində qələm getdi,
fələk nə yazdı, yazdı;
dünya niyə dağılır,
gözəlliklər yaxılır;
pisin ömrü çox olur,
yaxşılar yaman azdı;
sular lal axır, axır,
üzündən həsrət baxır;
saçlarıma qar yağır,
canımda hələ yazdı.
Dünya bir çöpün üstədi
Yenə soyuqlar qayıdır,
buludlardan külək gəlir;
ürəyim qubarnan dolub,
qanadıma lələk gəlir;
yanıb qaralar bir azdan,
ocaqlar külün üstündə;
ağaclar yaman üşüyür,
yarpaqlar ölüm üstündə;
Günəş harda gecələyir,
batan sular hardan çıxır;
sən üzümə xöş baxanda,
könlüm intizardan çıxır;
deyirlər dünya beş gündü,
hər günə bir naxış düşür,
istəyirəm yola çıxam,
yollarıma yağış düşür;
biz sevirik, sevilirik,
bir həsrətin sınağıyıq;
dünya bizim dostumuzdu,
biz də onun qonağıyıq;
zaman qovur, biz qaçırıq,
arzu-istək qucaq-qucaq;
dünya bir çöpün üstədi,
toxunsan, düşüb sınacaq.
Əllərin çox istidi
Əllərin çox istidi,
ürəyin yanır, deyən;
odun məni də tutub,
elə bil, od üstəyəm;
göydən bir ulduz dərdim,
dərib çəməndə sərdim;
deyirlər, yoxdu dərdin,
gəlmişəm dərd istəyəm;
yarpağam, büküləcəm,
payızdan töküləcəm;
göylərə çəkiləcəm,
boz bulanıq tüstüyəm;
payız yeli əsdimi,
ömür-gün tələsdimi;
həsrət alıb üstümü,
dumandayam, sisdəyəm;
burdan hara yol açım,
çoxalıb, ağrım-acım;
hələ yoxdu, əlacım,
həkim çağır, xəstəyəm.
Gəlin türkü oxuyaq
O Tanrı dağlarından,
göycə sular axınca;
ulduzlar çıraq-çıraq,
göy üzü qonça-qonça;
şərqdən qərbə üz tutan,
Turan yolları açıq;
hər bulağın başında,
bir göyümtül alaçıq;
bir qopuz çalın, indi,
bir türkü oxuyacam;
sümüklərim oynayır,
gəl mənə qoşul, xocam;
qayıt, göy üzündəki
göycə sular axınca;
dünya nura qərq olur,
şərqdən Günəş doğunca;
göy atların nalından,
qırmız alov çıxır;
gəlin türkü oxuyaq,
göy üzü bizə baxır.
Qarışıq yuxu
Göy üzündə gəzirəm,
Allah, bu nə yuxudu;
qanadlarım astaca
bir ulduza toxundu;
hardan çıxdı, bu ulduz,
göy üzü bəm-bəyazdı;
fələk qələm götürüb
alnıma nəsə yazdı;
bir mələyin ətəyi,
sallanıb yerə sarı;
Günəş də öləziyib,
rəngi-ruhu sap-sarı;
Mefistofel uzaqdan,
təbəssümlə boylanır;
aşağıda buludlar
birdən alışıb yanır;
göy üzündən baxıram,
dağlar kündə-kündədi;
hər tərəf tüstülənir,
yer üzü nə gündədi;
mələklər də qısılıb,
bir-birinə qorxudan;
Tanrım, tez ayılt məni,
bu qarışıq yuxudan.
Mən sözün tanrısıyam
Mən sözün tanrısıyam,
sən də eşqin mələyi;
o çiçək baxışını
ruhuma dost eləyim;
mən hansı göydən endim,
qaranlıqdan üşəndim;
bir quş səsinə döndüm,
qanad açdı kürəyim;
baxdım, ögey üzümə,
qovuşdum köy üzümə;
atdanım göy üzünə,
ulduzları ələyim;
ürəyimdə qubar var,
könlümdə min bahar var;
əllərimdə qabar var,
daşdan çıxır çörəyim;
hələ çoxdu görəcək,
həsrət uzun sürəcək;
sözüm qaçıb girəcək,
yuxusuna fələyin;
sular çəkilib qalıb,
bulud bükülüb qalıb;
gözümdə şəkli qalıb,
bir cüt ağ kəpənəyin.
Ruhumuza sevgi hörək
Gün qayıdıb dağdan aşır,
kölgə düşür çökək yerə;
fırça gətir, ağ buludun
şəkilini çəkək yerə;
könlümüzü quş eləyək,
sevgimizi nuş eləyək;
çağıraq, kış - kış eləyək,
ulduzları tökək yerə;
kimdi, bizə dava quran,
yurdumuzda oba quran;
canımızda yuva quran,
dərdimizi bükək yerə;
dünyanı yol-yol oxuyaq,
gülün-çiçəyin qoxuyaq;
göy üzünə yol toxuyaq,
bir ucunu tikək yerə;
ağ buludlar ələk-ələk,
ruhumuza sevgi hörək;
sevgilərdən gül becərək,
toxumunu əkək yerə.
Uçum gəlin yanına
Görən nələr yük olar,
bir ürəyin üstündə;
gecələr də yatıram,
sol kürəyim üstündə;
oxum hayana düşər,
yolum o yana düşər;
az qallam qana düşəm,
bir mələyin üstündə;
yolları qışa gördüm,
ömrü tamaşa gördüm;
xalları qoşa gördüm,
kəpənəyin üstündə;
saçımı şəvə tutub,
ruhumu tövbə tutub;
arılar növbə tutub,
bir çiçəyin üstündə;
nə qarışıb qanıma,
həsrət düşüb canıma;
uçum gəlin yanına,
bir lələyin üstündə;
Çağır, atdanım o taya
Onsuzda dönüb qayıtdım,
bu həsrətin yarısından;
payıza bir pay göndərək,
çiçəklərin sarısından;
yol gedib yoxuşu keçir,
bir ömrün yuxusu keçir;
hey ölüm qorxusu keçir,
gözlə qaşın arasından;
ötən günlər düyçə-düyçə,
ömür-gün yol tutur heçə;
ağ ilmələr qönçə-qönçə,
saçlarımın qarasında;
ağ buludlar əlçim-əlçim,
göy üzünə cığır çəkim;
bir badə doldur ver, içim,
yarı oddan, yarı sudan;
köynəyimin rəngi saya,
Ayın əksi düşüb çaya;
çağır, atdanım o taya,
ayrılığın barısından.