|
|
|
|

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı ilk gündən Çinin tutacağı mövqe bütün dünyada diqqətlə izlənilir. Çinin Rusiyaya dəstək olacağı halda Qərbin sanksiyalarının təsirinin azalacağı şübhəsiz idi. Lakin ilk gündən ABŞ sanksiyaların pozulmasına dözməyəcəyi ilə bağlı Çinə açıq mətnlə mesaj verdi. İlk olaraq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Çini Rusiyaya yardım etməkdən çəkinməyə çağırdı. Martın 9-da isə ABŞ-ın ticarət naziri Cina Raymondo bəyan etdi ki, Çin Rusiyaya qarşı sanksiyalara əməl etməsə, sərt tədbirlərlə üzləşəcək. Martın 13-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bir daha Çinin Rusiyaya yardımı ehtimalına toxunaraq bəyan etdi ki, Birləşmiş Ştatların rəsmiləri Rusiyaya sanksiyaların təsirlərini azaltmaq üçün yardım edəcəkləri halda Çinin üzləşəcəyi nəticələr barədə rəsmi Pekini xəbərdar ediblər. Sallivan bildirib ki, Vaşiqnton Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir. Sallivan Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü, Partiyanın Xarici Əlaqələr Komissiyasının direktoru Yang Tseçi ilə görüş ərəfəsində isə bəyan edib ki, Rusiyanın dünyanın heç bir yerindən “xilasedici kəmər” almasına imkan verməyəcəklər.
Bütün bunlardan sonra Çinin Rusiyaya dəstək verməsi mümkün deyil. Hətta ABŞ rəsmilərinin mart ayında bir-birinin ardınca Çinə yönəlmiş xəbərdarlıqları olmasaydı belə, Pekinin Rusiyaya ciddi dəstək olmayacağı məlum idi. Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci günü artıq Çinin dövlət banklarının Rusiya ilə maliyyə əməliyyatlarını məhdudlaşdırdığı haqqında məlumat yayıldı. Ötən həftə isə Çinin Rusiyaya təyyarələrin ehtiyat hissələrini verməkdən imtina etməsi ilə bağlı yüksək çinli rusiyalı məmurlar məlumat verdilər.

Aydın görünür ki, Çin ABŞ-la strateji rəqabətinin düşmənçilik münasibətlərinə çevrilməsində maraqlı deyil. Əks halda rəsmi adı Çin Respublikası olan Tayvanın Çin Xalq Respublikasına birləşdirilməsində tərəddüd etməzdi. Çin Rusiya ilə Qərb arasında mübarizədə tərəf olmaq istəmədiyi kimi, gələcək qaliblə münasibətlərini də korlamaq istəmir. Rusiya ilə Qərb arasındakı mübarizədən kimin qalib çıxmasından asılı olmayaraq bu qarşıdurmanın baş verməsi artıq Çinin maraqlarına xidmət edib. Əgər Rusiya qalib olsa belə, o qədər zəif olacaq ki, Çinin maraqlarını təmin edəcək. Ancaq Rusiyanın məğlubiyyəti Çinin tarixi arzusunun gerçəkləşməsinin yolunu aça bilər.
Çin dövlət başçısı Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Tambov, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir. Angela Merkelin Si Cinpinə hədiyyə etdiyi ikinci xəritədə isə həmin ərazilər Rusiyanın sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilib. Bu torpaqlar Çinin 1949-cu ildən sonra itirdiyi ərazilərdir. Kanslerin bu addımı Çində Almaniyaya qarşı rəğbəti artırmaqla yanaşı, Rusiya ilə keçmiş düşmənçiliyi yenidən qabartdı. O zaman qəzetlərdən birində bu hadisə ilə bağlı baş məqalədə belə bir cümlə vardı: “Biz yüz ilə yaxındır ki, imperializmə qarşı mübarizə bayrağını daşıyırıq, amma sonda məlum olur ki, bizim torpağımızı şər imperializmi zəbt etməyib”. Başqa bir məqalədə isə deyilirdi ki, bu xəritə əsl xəzinədir. “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”.
Rəsmi mətbuatdan fərqli olaraq Çinin sosial şəbəkələrində çinlilər fikirlərini daha açıq ifadə edərək belə yazırdılar: “Rəhbərlərimiz bu xəritəyə diqqətlə baxsınlar və indiki ilə müqayisə etsinlər. Ölkəmiz nə qədər kiçildi! Onlar bundan utanmırlarmı?”
Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Sovet İttifaqının rəhbərliyi ilə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq rədd cavabı almışdı. Həmin dövrdən ötən müddət ərzində çinlilərin ən böyük arzusu “Dahi sükançı”nın arzusunu gerçəkləşdirməkdir. Rusiya mətbuatında dəfələrlə Çinin orta məktəblərinin tarix kitablarında Rusiyanın beş vilayətindən qədim Çin torpaqları kimi bəhs olunmasından narazılıq ifadə edilib. Bir neçə il öncə isə Rusiyada siyasi leksikona “Səssiz işğal” ifadəsi daxil oldu. Rusiyada belə hesab edirdilər ki, Çin Uzaq Şərqin və Sibirin məskunlaşdırılmasını həyata keçirir. Ancaq 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya üzünü Qərbdən Şərqə çevirdiyini bəyan etdikdə Çin əleyhinə təbliğat kəskin azaldı. Hətta Rusiya Çinə doğru addımlar atmağa başladı. Rusiyanın öz vəsaitləri hesabına Çinə çəkdiyi “Sibirin gücü” qaz kəmərinin ən yaxşı halda 2050-ci ildə çəkilən xərcləri ödəyəcəyi ilə bağlı fikirlər var. Bəzi ekspertlər isə iddia edirlər ki, Çinə satılan qazın ucuz olmasına görə kəmərin çəkilişi, infrastrukturun qurulması və qaz yataqlarının işlənməsinə çəkilən xərcləri geri qazanmaq heç vaxt mümkün olmayacaq. Bu gün Çin dünyanın bir neçə ölkəsindən qaz alsa da, onun ən ucuzu Rusiyadan alınan qazdır. Çinin Monqolustan və Türkmənistandan aldığı qaza Rusiyadan aldığı qazdan daha çox pul ödəməsi rusiyalı ekspertlərdə hiddət doğurur. Ancaq Qərblə qarşıdurma yolu seçən Rusiya rəhbərliyi Çinin istəklərinin əleyhinə getmək iqtidarında deyil.
Siyasi ekspertlər isə xəbərdarlıq edirlər ki, Ukraynaya qarşı müharibəyə görə Qərblə münasibətləri kəskin pisləşən və buna görə sanksiyalara məruz qalan Rusiya Çin üçün “asan ov”a çevriləcək. Sanksiyaların təsiri altında Rusiyanın çökəcəyi və buna görə Çinin hərbi gücə əl atmadan tarixi torpaqlarını geri alacağı ehtimalı çox yüksəkdir.



