|
|
|
|

Məlum olduğu kimi, martın 10-da Avropa Parlamentində Azərbaycan əleyhinə "Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamə qəbul edilib. Qətnamənin 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər dəqiq mövqe bildirməyib. Absurd sənəddə deyilir ki, "Qarabağdakı bütün erməni tarixi-mədəni irsinin nümunələrinin alban tarixi irsinin qalıqları kimi təqdim edilməsi və erməni abidələrinin adlarının dəyişdirilərək "Qafqaz-Alban" qoyulması kimi narrativin Azərbaycanda yayılması narahatlıq yaradır". Qətnaməyə görə, "erməni mədəni, tarixi və dini abidələrindən" saxta yazıların silinməsi məqsədilə işçi qrupun yaradılması yolverilməzdir.
Həmçinin, Azərbaycandan UNESCO-nun Qarabağda araşdırmalar aparmağa şərait yaratmasına imkan verilməsi tələb olunur. Şərt qoyulur ki, qiymətləndirmə missiyası işə başlayanadək "erməni tarixi irsinə" əl vurulmasın.
Avropa Parlamentinin bu qətnaməsi Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar etmək cəhdidir.
Bütün dünyaya məlumdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı illər ərzində Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla erməniləşdirilməsinə cəhd göstərilib. Ermənilərin işğalda saxladığı ərazilərdə xalqımızın 403 tarixi-dini abidəsi vardı ki, onların 67-si məscid, 144-ü dini məkanlar, 192-i pirlər və ocaqlar idi. Hamısı ermənilər tərəfindən dağıdılıb. 67 məscidindən 64-ü viran qalıb. Bu mənada Avropa Parlamentinin qəbul etdiyi qətnamə ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və ən nəhayət, məntiqə zidd olmaqla yanaşı, aşkar neonasizm, müsəlman düşmənçiliyidir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun sözlərinə əsasən, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qondarma qətnaməsini oxuyarkən belə nəticəyə gəlmək olar ki, bu qətnamə məhz erməni şovinistlərinin diktəsi ilə hazırlanıb. Qətnamə istər tarixi, istərsə də mövcud reallıq baxımından tamamilə absurd fikirləri ehtiva edir. Belə ki, qətnamədə qeyd olunur ki, Azərbaycan, guya saxtalaşdırma yolu ilə erməni abidələrini Alban məbədləri kimi təqdim edir. Birincisi, sözügedən abidələrin məhz erməni irs nümunələri olduğuna dair Avropa Parlamenti hansı tarixi faktlara əsaslandığını qeyd etməlidir. Bununla əlaqəli tarixçi alimlərdən ibarət hansısa komissiyamı yaradıblar, yoxsa mövzu ilə bağlı tarixi faktları özündə ehtiva edən araşdırmalardanmı yararlanıblar?! Bunları etmədikləri halda, onların iddiaları absurd subyektiv fikir olaraq qalacaqdır: "Demokratiyanın beşiyi sayılan Avropanın rəsmi qurumu bu qətnamə ilə özünü tragikomik vəziyyətə salıb. Əlbəttə, bu hal təssüf doğurur, amma təəccüblü deyil. Müxtəlif Qərbi Avropa ölkələrinin parlamentləri bənzər mövqeni qondarma erməni soyqırımında da nümayiş etdirmişdilər. Bu gün Fransada "Erməni soyqırımı olmayıb" demək cinayətdir. Tarixçilərə belə, sırf elmi məqsədlərlə soyqırımının olmadığını irəli sürmək qadağandır. Belə görünür ki, Avropadakı müəyyən dairələr tarixi tarixçilərə buraxmaq istəmir, elmi mövqedən uzaqlaşaraq tarixi öz siyasi ambisiyaları üçün istifadə edirlər. Halbuki Qafqaz Albaniyası tarixinə dair onlarca tədqiqata əsaslanaraq demək mümkündür ki, Qarabağ və Şərqi Zəngəzurdakı xristian abidələri məhz Alban irsinə aid olduqları halda, daha sonradan onlar erməniləşdirilib. Misal olaraq, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastır-kompleksini göstərə bilərik.Bu kompleksin Alban Xaçın knyazlığının idarəçiləri tərəfindən tikildiyi tarixi faktdır. İstər sovet dövründən əvvəl, istərsə də sonra bu məbəddə sıravi ermənilər heç vaxt ibadət etməyib və onu öz abidələri saymayıblar".
Aqil Şirinov deyir ki, hər xalqın tarixi yaddaşı mövcuddur. Deməli, erməni xalqının tarixi yaddaşında bu məbəd erməni abidəsi kimi qalmayıb. Bu səbəbdən də orada ibadət etməyiblər. Kəlbəcər 1993-cü ildə işğal edildikdən sonra, ermənilər siyasi məqsədləri üçün Xudavəngi, guya restavrasiya edib orada ayinlər icra etməyə başladılar. Laçındakı Ağoğlan, həmçinin, Qarabağ və Şərqi Zəngəzurdakı digər xristian abidələri haqqında da oxşar mülahizələr yürütmək mümkündür: "Qətnamədə, guya obyektivlik naminə Birinci Qarabağ müharibəsində Azərbaycanın mədəni və dini abidələrinin dağıdıldığı qeyd olunur. Seçilən ifadələrdə isə qeyri-səmimilik açıq şəkildə özünü büruzə verir. Vurğulanan cümləyə diqqət edək: "Birinci Dağlıq Qarabağ müharibəsi regiondakı azərbaycanlı məcburi köçkünlərin qoyub- getdikləri mədəni və dini məkanlar da daxil olmaqla, Azərbaycan mədəni irsinə xətər yetirilməsinə və ya dağıdılmasına səbəb oldu: bu məkanlar mal tövləsi kimi istifadə edilərək, mədəni izləri silmək məqsədilə şəkli dəyişdirilərək, yaxud tikinti materialı kimi istifadə etmək üçün sökülərək, ya tam və ya qismən dağıdılmış, etinasızlığa məruz qalmış və ya korlanmışdır". Bu sətirləri diqqətlə oxuduqda, burada da ikili yanaşmanın mövcud olduğunu görürük. Birincisi, sözügedən cümlələrdə Azərbaycan mədəni-dini irsinə məxsus olan abidələrin kim tərəfindən dağıdıldığı açıq qeyd olunmur. Qətnamə müəllifləri, sanki ermənilərin adını çəkməkdən qorxurlar və ya bunu qəsdən etmirlər. İkincisi, ermənilərin Azərbaycan abidələrinə, xüsusən də məscidlərimizə qarşı etdikləri vandallığı yumşaltmağa çalışırlar. Fakt budur ki, ermənilər müsəlmanların dini duyğularını alçaltmaq üçün məscidləri məhz İslam ənənəsində napak sayılan donuzlar üçün tövləyə çevirmişdilər. Qubadlıdakı Mamar məscidində və donuz tövləsinə çevrilən digər dini məkanlarda çəkilən videokadrlardan bütün dünya, eləcə də bu qətnaməni hazırlayanlar xəbərdardırlar. Qətnamədə bu faktı donuz tövləsi (pigsties) əvəzinə mal tövlələri (cattle sheds) kimi vermələri onların sözügedən vandalizm aktını yumşaltmaq niyyətlərindən xəbər verir. Ermənilər uzun illər işğalda saxladıqları ərazilərdə onlarca məscidi, türbəni, qəbiristanlığı dağıtdıqları, təhqir etdikləri halda, bunun üstüörtülü bir cümlə ilə üstündən keçilməsi qətnamənin məramından xəbər verir. Qətnamədə ermənilərin "goreşənliyi" də öz əksini tapsa idi, onda onun xoşməramlılığından söhbət aça bilərdik. Fakt budur ki, onlar 28 il işğal altında saxladıqları torpaqlarımızda daşı-daş üstünə qoymamaqla qalmayıb, həmçinin, qəbir daşlarını söküb satdılar, məzarları qazaraq sümüklərin arasında qızıl diş axtardılar".
Rektorun dediyinə görə, bütün bunlara baxmayaraq, tarix öz sözünü deyir. Belə qətnamələrin hansı siyasi ambisiyalar naminə hazırlandığı və hansı mərama xidmət etdiyi hamıya məlumdur və zamanı gəldiyində tarix bunlara öz obyektiv qiymətini verəcəkdir: "Əsas odur ki, Azərbaycan işğal altında olan torpaqlarını azad edib, burada dağıdılan istər müsəlman, istərsə də xristian-Alban abidələrini bərpa edir. Bu isə tarixi gerçəklikdir və bu faktla ermənilər də, onların havadarları da barışmalıdırlar".
Millət vəkili Sahib Alıyevin fikrincə, Avropa Parlamentində çalışanlar Azərbaycan dövlətini ermənilərə aid abidələri məhv etməkdə günahlandırmazdan əvvəl ermənilərin basdırdıqları minaları görməlidirlər. Hazırda biz işğalçının qoyub getdiyi "abidələri" çıxarıb zərərsizləşdirməklə məşğuluq: "Çox təəssüf ki, Avropa Parlamentində oturanlar da minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana lazımi təzyiqi göstərmədilər. Açıq-aydın görünür ki, təzyiq göstərmək fikirləri də yoxdur".
Millət vəkilinin dediyinə görə, Avropa Parlamentinin bu qətnaməsi ikili standartlara söykənir, qərəzlidir, obyektivlikdən uzaqdır. Azərbaycan əleyhinə qətnamə qəbul edənlər dönüb öz hərəkətlərinə baxsalar, daha yaxşı olardı: "Onların qəbul etdiyi bu qətnamə bizim üçün adi bir kağız parçasıdır".
Sevinc QARAYEVA



