|
|
|
|

Təcavüzkar Ermənistan 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım aktı törədib. Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti (AP) üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Bu günlərdə AP-də Azərbaycan əleyhinə "Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnamənin 635 deputat lehinə olmaqla qəbul edilməsi də bu qəbildəndir. Həmin qətnamə Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi pərdələmək məqsədi daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, Avropa Parlamentinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə "ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması" ilə bağlı məlum qətnaməsi həm böhtan xarakterlidir, tam qərəzli və ədalətsizdir, həm də Avropa Parlamentinin ikili standartla məsələlərə yanaşmasının bir daha əyani təsdiqidir: "Birincisi, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. O artıq tarixdə qalıb. İkincisi, vaxtilə Dağlıq Qarabağ adlanan ərazidə hər hansı bir mədəni irsin məhv edilməsindən söhbət gedə bilməz. İstər Qarabağda, istər Şərqi Zəngəzurda işğaldan azad edildikdən sonra hər hansı bir mədəni, o cümlədən, dini abidə məhv edilməyib. Əksinə, biz işğaldan azad etdiyimiz bu ərazilərdə Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi vandal siyasətin izlərini əyani şəkildə gördük. Bu gün işğaldan azad olunmuş ərazilərdə mədəni irsin məhv edilməsindən danışan Avropa Parlamenti nəgər 30 ilə yaxın müddət ərzində bu ərazilərdə ermənilərin Azərbaycan irsinə, xalqına məxsus tarixi, dini abidələrin məhv edilməsini görməyib. Təsəvvür edin ki, işğaldan azad olunmuş ərazilərdə 67 məsciddən yalnız 2 -si qismən salamat qalıb. Digər məscidlərin hamısı yerlə-yeksan edilib. Eyni zamanda məscidlərlə yanaşı, minlərlə qəbirstanlıq dağıdılıb, 200 civarında ziyarətgah məhv edilib, onlarla türbə və məqbərə yer üzündən silinib. Ümumiyyətlə Ermənistanın Azərbaycan mədəni irsinə aid tarixi, dini abidələrə münasibətinə baxdıqda Ermənistanın bu fəaliyyətini məqsədyönlü şəkildə, planlı formada həyata keçirdiyinin şahidi oluruq. Ermənistan məqsədli şəkildə İslam mədəniyyətinə aid bütün izləri oradan silməyə çalışıb. Bu məqsədlə ziyarətgahlar, məscidlər, türbələr və qəbiristanlıqlar dağıdılıb. Yalnız iki məscid qismən saxlanılıb ki, bunlar Şuşa Yuxarı Gövhərağa və Ağdam Cümə məscidləridir. Ağdam Cümə məscidinin saxlanılmasının səbəbi sırf Ermənistan tərəfindən onun hərbi məqsədlə arientir kimi istifadə edilməsidir. Ağdam viran edildikdən sonra hündür bina kimi yeganə tikili Ağdam Cümə məscidi idi. Ermənilər fikirləşirdilər ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə ilk olaraq Ağdam istiqamətdən başlayacaq. Bu zaman həmin hərbi əməliyyatın istiqamətini müəyyənləşdirmək üçün Ağdam Cümə məscidi onlara lazım olacaq. Bir sözlə məqsəd sırf hərbi niyyət olub. Yuxarı Gövhər Ağa məscidinə gəlincə, əslində sözügedən məsçid işğaldan sonra dağıdılmışdı. Demək olar ki, məscidin minarələrində də binasında da ciddi fəsadlar var idi. Amma Ermənistanın Azərbaycan məscidlərindən tövlə kimi istifadə edilməsi, xüsusilə də oradan donuz saxlanılması ilə bağlı təkzibolunmaz faktlar var idi. Hətta sosial şəbəkələrdə, internetdə bununla bağlı çox sayda şəkillər də yer almışdı. Bütün bunlar isə Ermənistanın beynəlxalq aləmdə, xüsusilə də İslam dünyasında nüfuzuna təbii ki, ciddi zərbə vururdu. Ermənilər bunu başa düşdükləri üçün məkirli niyyətlə yuxarı Gövhər Ağa məscidini bərpa etməyə çalışdılar. Bu zaman isə onlar məqsədyönlü şəkildə onu göstərmək istəyirdilər ki, guya onların dini abidələrlə, məbədlərlə, ümumiyyətlə, İslam dini ilə heç bir problemləri yoxdur. Amma burada da məkirli niyyətlərindən geri qalmadılar və yuxarı Gövhər Ağa məscidini İran, Fars məscidi kimi bərpa edib qələmə verməyə çalışdılar. Yuxarı Gövhər Ağa məscidində əslində həyata keçirdikləri bu niyyəti əslində onlar 1990 cı ildə də həyata keçirirlər. İrəvanda Azərbaycanlıların tarixi məscidi olan Göy məscidi bərpa edərək onu İran məscidi kimi təqdim ediblər və İran Mədəniyyət Mərkəzi kimi bu gün də istifadə edirlər. Eyni niyyəti onlar Yuxarı Gövhər Ağa məscidində də təkrarlayıblar. Bu məscidin təkrar bərpa edilməsi əslində Azərbaycan irsinin özgəninkiləşdirilməsi məqsədi daşıyırdı. Yəni bizə aid olan mədəniyyət nümunəsini, məscidi başqasının məscidi kimi təqdim etmək idi".
Xristian dininə aid olan abidələrə gəlincə, G.İsmayılov bildirib ki, burada önəmli olan Alban məbədləridir. Alban məbədlərinə münasibətdə isə ermənilərin məqsədi özününküləşdirmək mahiyyəti daşıyırdı. Yəni mümkün olduğu qədər Alban məbədlərini qriqoryanlaşdırmaq. Bunun üçün onlar tarixi Alban məbədlərini əlləri çatdıqları, imkanları yetdikləri qədər qriqoryanlaşdırdılar və onların interyerində, kitabələrində saxtakarlıqlara əl atdılar. O abidələri ki, qriqoryanlaşdıra bilmədilər, taleyin ümidinə buraxdılar: "Təbiət hadisələri, yağış, qar və nəticədə həmin abidələrin bir hissəsi tam yararsız vəziyyətə düşdü. "Ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması" barədə qətnamə qəbul edilərkən bu deyilən faktların heç biri nəzərə alınmadı. 30 il ərzində ermənilər bu siyasəti həyata keçirərkən nə Avropadan nə də Avropa Parlamentindən və YUNESKO-dan bu fəaliyyətlə bağlı bir dəfə də etiraz bildirilmədi".
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, Avropa Parlamenti martın 10-da Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə "ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması" ilə bağlı qərəzli və böhtan xarakterli qətnamə qəbul edib: "Avropa Parlamenti hər şeydən öncə nəzərə almalı idi ki, qeyd edilən ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanlıların bu torpaqların daimi sakinləri olması ilə bağlı təkzibedilməz dəllillər mövcuddur və müxtəlif tarixi mənbələrlə təsdiqini tapmış danılmaz həqiqətdir. Ermənilər bu ərazilərdə yalnız 1993-cü ildən etibarən işğal altında saxladıqları təxminən 30 il müddətində və çox az sayda olmaqla müvəqqəti məskunlaşıblar. 2020-ci il 27 sentyabr - 10 noyab tarixində aparılan anti-terror əməliyyatı nəticəsində bu torpaqlar işğaldan azad edilib və Azərbaycanın yurisdiksiyası altına qaytarılıb. Təsadüfi deyil ki, BMT TŞ işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul edib. İşğaldan sonrakı vəziyyət göstərdi ki, 30 ilə yaxın bir dövrdə Ermənistan Qarabağın və Şərqi Zəngəzurun tarixi abidələrini, maddi-mədəni irsini, mülki və sosial obyektlərini tamamilə dağıdıb. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilib. Ermənistan tərəfindən işğal edilərkən qeyd edilən Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri olub. Qeyd edilən maddi və mənəvi sərvətlər tamamilə dağıdılmış, eyni zamanda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Dağıntı faktlarını təsdiq edən çoxsaylı foto və video çəkilişlər, şahid ifadələri və s. kimi sübutlar müvafiq beynəlxalq qurumlara təqdim edilmiş və online resurslarda yerləşdirilib. Yalnız bu faktlarla tanışlıq kifayət edər ki, azərbaycanlıların tarixi-mədəni irsinə qarşı vandalizmin miqyası haqqında doğru təsəvvür formalaşmış olsun. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövləti işğal müddətində dəfələrlə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin təşkil edilməsi ilə bağlı müraciət etmiş olsa da, Ermənistan tərəfindən bu cür səfərlərin qarşısı hər vəchlə alınıb".
Əliməmməd Nuriyev bildirib ki, Avropa Parlamentinin ermənilərin azərbaycanlılara məxsus tarixi mədəni irsin dağıdılmasını sübutlarla təsdiqini tapan vandal davranışına obyektiv qiymət vermək əvəzinə, əsassız olaraq Azərbaycan tərəfini ittiham etməsi heç cür anlaşılan deyil: "Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması olaraq biz Avropa Parlamentinin bu qətnaməsini pisləyir və onu bu cür həssas məsələlərə münasibətdə obyektiv və ədalətli olmağa səsləyirik".
Millət vəkili Kamran Bayramovun sözlərinə əsasən, Avropa Parlamentinin guya Qarabağda erməni irsini məhv etməsi ilə bağlı qəbul etdiyi qətnamə qərəzli xarakteri daşımaqla yanaşı, həm də bu qurumun ədalətsizlik və haqsızlıq beşiyi olduğunu bir daha göstərir. Erməni iftiraları əsasında hazırlanmış və ölkəmizin işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrinin guya dağıdılmasını əks etdirən qətnamə sadəcə olaraq Avropa Parlamentinin Azərbaycana qarşı qərəz və riyakarlığın növbəti nümunəsidir: "30 ilə yaxın müddət ərzində işğal altında olmuş Azərbaycan ərazilərində mədəni, tarixi və dini abidələr tamamilə dağıdılmış, onlardan bir çoxundan əsər-əlamət qalmayıb. Ola bilsin, Avropa Parlamenti və qeyd edilən qətnamənin lehinə səs verən üzvləri "xəbərsizdirlər" ki, işğal dönəmində Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini abidələrin və məbədlərin yer üzündən silinməsi özünə doğma və yaxın hesab etdiyi Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, Avropa Parlamentinin Ermənistanın yalan və saxta iddiaları əsasında qəbul etdiyi bu cür qətnamələr regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasına ciddi və təhlükəli təsir göstərməkdədir".
Sevinc QARAYEVA



