Böyükkişi Təmkin çoxlarına qismət olmayan səksən doqquz illik bir həyatın yolçusu oldu. Yuxarıda qeyd etdiyimiz kimi şərəflə, ləyaqətlə sonuclandı onun ömür yolu. Ancaq çoxlarının qalxa bilmədiyi bir ucalıqda ölümsüzlüyə qovuşdu. Bu zirvəyə qələmə aldığı ustadnamə, qoşma, gəraylı, rübai, poema, hekayət... və səhnə əsərləri ilə birlikdə yüksəldi...
Məhsuldar söz adamı idi Böyükkişi Təmkin. Özündən sonra çoxsaylı oxuculara və istəkli övladlarına əmanət verib getdiyi əsərlərinin kəmiyyəti də bunu sübut edir. Vətənini, xalqını, böyük türk dünyasını ürəkdən sevən, yurdumuzun-dünyamızın əmin-amanlığını arzulayan müdrik-təmkinli el ağsaqqalı kimi indən belə ürəklərdə yaşayacaq Böyükkişi müəllim...
Böyükkişi Təmkin peşəsindən asılı olmayaraq istənilən adamla polemikaya girməyi, fikrini elmi əsaslar üzərində qurmağı, müsahibinə hörmət hissiylə yanaşmağı bacaran bilikli-məlumatlı insan idi. Əslində hər şeydən qabaq Böyükkişi Təmkini ilk olaraq tanıdan gəncliyindən üzü bəri qələmə aldığı çeşidli mətbuat orqanlarında dərc olunan şeirləri, 1998-ci ildən sonra nəşr olunan kitablarıdır.
1925-ci ilin avqust ayında ulu oğuz elimiz Göyçənin Zod kəndində doğulan Böyükkişi Mirzəzadə 1940-cı ildə, - on beş yaşına təzəcə qədəm qoyduğu bir vaxtda valideynləri ilə birlikdə Gəncəbasara üz tutmuş, cəmisi doqquz ildən sonra isə Mingəçevir SES-in tikintisinə səfərbər olunmuşdu. Uşaqlıq illərində göz açdığı məkanı tərk etdiyindən Göyçə mahalı onun qəlbindəki bitib-tükənməyən həsrət yolu idi.
1988-ci ildən sonra üzünə bağlanan bu yola o, arabir yuxularında qədəm qoyur, yalnız xəyallarında qovuşurdu Göyçə elinə...
Böyükkişi Təmkin sözün əsl mənasında bütün varlığıyla türk dünyasına, onun bir parçası olan ana Vətənimizə bağlı idi. Müstəqil ölkəmizə, onun işıqlı sabahlarına, xalqımızın xilaskarı kimi ehtiram hissiylə xatırlanan ulu öndərimizə yönəlik sevgisi tükənən deyildi. Övladları ilə bağlı qürur keçirir, nəvələrinə yaxşı insanlar olmağı tövsiyə edirdi. Bu gün təkcə tanınmış alim-politoloq, Milli Məclisin üzvü Aydın Mirzəzadənin timsalında Böyükkişi dayının bəxtəvər övlad atası olduğunu söyləmək olar...
Böyükkişi Təmkinin təkcə rübailərinə istinadən onun həm istedadlı şair, həm də müdrik el ağsaqqalı olduğunu bir daha vurğulamaq olar. Aşağıdakı bir rübaisində söylədiyi kimi ağsaqal şair insana dəyər verməyi həmişə arzulayır, bu fikri hamıya təlqin etməyə çalışırdı:
Məni kim anacaq de məndən sonra,
Əcəl şərbətini içəndən sonra.
İnsana qiyməti sağlığında ver,
Gec olur dünyadan köçəndən sonra...
Böyükkişi Təmkin sağlığında aldı layiq olduğu qiyməti, - ən azından nümunəvi ailə başçısı, sədaqətli dost və müdrik el ağsaqqalı kimi. Ədəbi fəaliyyətinə gəlincə isə əminlik hissiylə demək olar ki, mərhum sənətkar dostumuz elə sağlığındaca adını ədəbiyyat tarixinə yaza bilib. Məhz onun kimi insanlar əbədiyyət yolçusuna çevrilə bilir, əbədi yaşamaq haqqı qazanır. Axı, ulularımız demişkən, - təzədən doğulur şair ölən gün...
İsmayıl İMANZADƏ