|
|
|
|

ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupunun (ABŞ, Fransa, Rusiya) həmsədrliyi formatından imtina edib. ATƏT Minsk Qrupu həmsədrliyi formatından imtina edən Ağ Ev bunun əvəzində Dövlət Departamentində Qafqaz danışıqları üzrə baş müşaviri postu yaradıb və bu posta indiyədək ABŞ-ın ATƏT Minsk Qrupundakı həmsədri Endryu Şoferi təyin edib.
Ağ Ev bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsi ilə birbaşa iştirak edəcək. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun tviter səhifəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı yaydığı son məlumat da bunu təsdiqləyir.
Ermənistan mətbuatı isə Endryu Şoferi hələ də Minsk Qrupunun həmsədri kimi təqdim etməklə bu formatın mövcudluğu fikrini yaymağa çalışır.
Dövlət Departamentinin yaydığı məlumatda Ağ Ev Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyi, Baş nazir Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı bəyanatlarını, o cümlədən, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son telefon danışığını alqışlayır.
Məlumatda həmçinin qeyd olunub ki, Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir.
Qeyd edək ki, Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şofer aprelin 18-də baş nazir Nikol Paşinyan Moskvaya səfərindən bir gün öncə İrəvanda danışıqlar aparıb.
Mövzu ilə bağlı report.az-da dərc olunan yazıda qeyd olunub ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etməklə yaradılan süni münaqişəni də nizamlayıb: "Artıq nə münaqişə, nə uydurma status, nə də bu istiqamətdə vasitəçilik etmək istəyənlər var. İndi Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və regional əməkdaşlıq məsələləri gündəlikdədir. Belə bir şəraitdə ərazi məsələsi ilə bağlı istənilən müzakirə Azərbaycanın suveren hüquqlarının pozulması, xarici müdaxilədir.
Münaqişə dövründə beynəlxalq vasitəçi rolunda çıxış edən əsas oyunçu ATƏT-in Minsk Qrupunun həmsədrləri idi. Onların fəaliyyətsizliyi səbəbindən Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı. Bu qrup "münaqişə" saydıqları uydurma hadisəni dinc və sülh yolu ilə həllinə vasitəçilik edəcəklərini bildirirdilər. Onların fəaliyyətsizliyi isə Ermənistanın iştahasını daha da artırırdı. Torpaqlar işğaldan azad edildikdən sonra isə həmin ərazilərdə qanunsuz məskunlaşdırmaya dair faktlar ortaya çıxdı. Beynəlxalq vasitəçilərin ərazidə mülki, inzibati və sosial binaların dağılmasına, minalanmasına, süni köçə göz yumması vəziyyəti daha da ağırlaşdırırdı. Onlar regiona çoxsaylı ezamiyyətləri ilə özlərini plan yerinə yetirirmiş kimi aparırdılar. Həmsədrlər bu fəaliyyətsizlikləri ilə həm də beynəlxalq hüququn pozulmasına şərait yaradırdı.
İndi münaqişə adlandırılan məsələ həll olub. Deməli, bütün baxımlardan vasitəçilərin onun "həllinə yardım etməsinə" də ehtiyac qalmır. Başqa sözlə, bu qrupun mandatı ləğv edilib. Mandatı olmayanların mövcudluğu isə məntiqli deyil. Artıq həmsədr dövlətlərdən ikisi - Rusiya və ABŞ həmsədrlik institundan bəhs etmirlər. Bundan sonra Rusiyanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi İqor Xovayev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələlərinə vasitəçilik edəcək. ABŞ-da isə Qafqaz üzrə danışıqlardan dövlət katibi köməkçisinin baş müşaviri Endrü Şofer məsul olacaq. Xatırladaq ki, Şofer əvvəllər keçmiş Minsk Qrupunda ölkəsini təmsil edən həmsədrlərdən idi.
Avropa İttifaqı normallaşma prosesində fəallıq göstərir. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaardır. O, 2021-ci ilin dekabrında regiona səfər etmişdi. Bu onu göstərir ki, artıq beynəlxalq vasitəçilər ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun fəaliyyətini bitmiş sayırlar. Digər tərəfdən, rəsmi Bakı belə bir qurumu tanımır və qəbul etmirsə, onlar nəyin həllinə yardım göstərəcək və kiminlə danışıq aparacaqlar. 44 günlük döyüşlərdən sonra həmsədrlər Azərbaycana səfər etdilər. Özlərini işgüzar göstərməyə cəhd etdilər. Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərək ötən illərdə baş verənləri onlara bir daha xatırlatmaqla bildirmişdi: "Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər". Bu, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun sonu ilə bağlı açıqlama idi.
Məsələnin başqa bir tərəfi isə Ukrayna məsələsində düşərgənin əks tərəflərində duran ABŞ və Rusiya ilə bağlıdır. Bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindəndir. Bir müddət əvvəl Rusiyanın şuradan çıxarılması və ya fəaliyyətinə müvəqqəti olaraq moratorium qoyulması məsələsi gündəliyə çıxarılmışdı. Belə bir şəraitdə ABŞ və Rusiyanın hansısa qrup daxilində həmsədrlik etməsi məntiqdən və reallıqdan çox-çox uzaqdır. Məsələn, bu yaxınlarda Ağ ev elan etdi ki, Rusiya qatıldığı üçün ABŞ Prezidenti Cozef Bayden "G-20"liyin toplantısında iştirak etməyəcək. Qeyd edək ki, "Böyük 20"liyin dövlət başçılarının 17-ci toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
Göründüyü kimi, ABŞ beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Moskvanın Vaşinqtondakı səfir Anatoli Antonov bildirib ki, ABŞ-la Rusiya artıq tərəfkeş deyillər: "ABŞ müəyyən etməlidir: Rusiya onlar üçün kimdir - tərəfkeş, rəqib, opponent, rəqib, yoxsa düşmən. Mən tərəfkeş olduqlarını deyərdim. Ancaq təəssüf ki, biz hazırda tərəfkeş deyilik". Cozef Baydenin Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətlərdə və soyqırımda ittiham etməsi kimi bəyanatları sübut edir ki, dünyanın aparıcı əsas güclərindən sayılan ABŞ və Rusiyanın münasibətləri artıq düşmən səviyyəsindədir.
Aprelin 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra tviter səhifəsində yazıb: "Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün atılan bütün addımlara tam dəstək göstərəcəyik". Şarl Mişel də çıxış və görüşlərində həmsədrlikdən bəhs etmir. Belə olan halda Minsk Qrupunun həmsədrliyi kimi təşkilatın mövcudluğundan bəhs etmək də cəfəngiyyatdır.
Azərbaycan torpaqlarını işğaldan azad edərək münaqişənin artıq olmadığını göstərdi. Beynəlxalq vasitəçilər yeni statuslu nümayəndələr təyin etməklə bu reallığı qəbul edib. Ermənistan bu kiflənmiş qrupdan əl çəkməməklə regionda pozuculuq fəaliyyətini davam etdirir. Bu ölkədə siyasət uydurma münaqişə üzərində qurulduğundan ideya boşluğu var. Yeni şəraitə uyğunlaşmaq üçün Ermənistan hikkəsindən əl çəkib toparlana bilmir. Çünki ölkədə ideyalar daxil üçün irəli sürülmür, onlar bütün sahələrdə olduğu kimi, bu məsələdə də ələ, havadarların ağzına baxırlar. Ona görə də tarixin arxivinə göndərilən "həmsədr" ifadəsindən əl çəkmirlər. Nə Rusiya, nə də ABŞ Qafqaz üzrə təyin etdikləri nümayəndələrinə keçmiş səlahiyyətlə mandat verməyib. Yeni təmsilçilər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə, sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyən edilməsinə yardım göstərəcəklər. Bu, beynəlxalq vasitəçilərin həmsədrlikdən imtinasıdır".
Bostonda fəaliyyət göstərən "CM&Partners" şirkətinin baş məsləhətçisi, danışıqlar prosesi üzrə erməni ekspert Artur Martirosyan bildirib ki, Minsk Qrupu çoxdan ölüb, lakin indi elan edilir. Onun sözlərinə görə, müharibədən sonra da heç bir praktiki, ortaq konsensus yanaşmaları təqdim edilməyib: "Aydındır ki, onlar beynəlxalq qurumu təmsil edirlər və prinsipləri var. Lakin bu prinsiplər ərazi bütövlüyü ilə yanaşı, "xalqların öz müqəddəratını təyin etməsi"ni və güc tətbiq etməməyi ehtiva edir. Anlaşılmazlıqdır. ABŞ ruslarla heç nə ətrafında razılaşa bilmir. Onlar bir masa arxasında belə otura bilmirlər. Hətta Rusiya Müdafiə Nazirliyi ilə Pentaqon arasında qurulan qaynar əlaqə belə işə yaramır. Hansı həmsədrlikdən danışmaq olar? Hazırda ABŞ-ın hansı statusda olduğunu bilmirəm, bəyanatlar verə bilərlər, amma praktiki olaraq tərəflərə təsir göstərə bilmirlər. Əgər bacarsalar, bunu artıq etməli idilər. Bacarmasalar, ancaq bəyanat verəcəklər, narahat olduqlarını söyləyəcəklər, qınayacaqlar. İndi onlar ayrı-ayrı dövlətlər, ayrı-ayrı qüvvələr kimi çıxış edəcəklər".
Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib ki, hazırda ATƏT-in Minsk Qrupu tamamilə sıradan çıxıb: "Əslində 44 günlük müharibədən sonra Minsk Qrupu faktiki olaraq fəaliyyətini dayandırmışdı. Onun əhəmiyyəti xeyli azalmışdı. Ukraynada müharibə başlayanda isə bu, təsdiqlənmiş oldu. Artıq Minsk Qrupu lazımsız qurumdur, əhəmiyyətə malik struktur deyil". O əlavə edib ki, yarandığı ilk gündən missiyası Qarabağ problemini həll etmək olan Minsk Qrupu 28 il ərzində münaqişənin aradan qaldırılması üçün ciddi addımlar atmayıb, əksinə zaman-zaman Ermənistanın işğalçı mövqeyinə dəstəyini ifadə edib.
Politoloqun sözlərinə görə, artıq Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyənləşdirir. "Ermənistan, təəssüf ki, öz köhnə vərdişlərindən əl çəkmir. Hər şeyi öz adı ilə deyil, özləri istədiyi kimi çağırmaq onların köhnə adətidir. Qarabağı "Arsax" kimi çağırırdılar. Hərçənd ki, o qondarma qurumdur. Amma onlar üçün "müstəqillik" qazanmış "respublika" idi. Hələ bizi də məcbur etmək istəyirdilər ki, bu terminlə razılaşaq. Onlar keçmişdə Azərbaycan-Ermənistan təmas xəttini dövlət sərhəddi adlandırırdılar. Biz deyirdik ki, bu, təmas xəttidir. Qondarma ad qoymuşdular. Biz həmin təmas xəttini, qondarma rejimi də dağıtdıq".
İlqar Vəlizadənin fikrincə, hazırda ATƏT-in Minsk Qrupu ilə bağlı da eyni mənzərə yaranıb: "Minsk Qrupunu köhnə adla çağırırlar. Eyni zamanda, bu termini dirçəltmək istəyirlər. Bu da yolverilməzdir. Bunlar siyasi oyunlardır və biz bu mərhələni keçmişik. Bir daha bu oyunlarda iştirak etmək niyyətində deyilik. ABŞ, Fransa, Rusiya da anlayır ki, Minsk Qrupu yoxdur. Onu bərpa etmək mümkün olmayacaq. Ona görə vəziyyətə uyğun addımlar atırlar. Eyni ilə postmünaqişə dövründə fəal rol oynamaq niyyətindədirlər və bunu gizlətmirlər".
Politoloq bildirib ki, artıq Vaşinqton, Paris və Moskvanın bölgəyə yanaşa vasitələri dəyişib, yeni reallıqda yeni vasitələr tətbiq etməyə çalışırlar:
"Bu uğurdur və ondan xəbər verir ki, artıq Azərbaycan postmünaqişə dövrünün reallıqlarını müəyyənləşdirir. Bu reallıqlar digər ölkələrin siyasətinə də təsir göstərir. Aparıcı dövlətlər anlayırlar ki, Azərbaycanın siyasəti nəticəsində yaranan reallıq regionda gedən prosesləri müəyyənləşdirəcək və buna uyğun addımlar atmaq lazımdır. Hər bir ölkənin maraqları var və bu maraqları təmin etmək üçün reallıqlarla hesablaşmaq lazımdır".
Sevinc QARAYEVA



