|
|
|
|
Zahid Xəlili mən yaxşı tanıyıram. Sözün düzü, bu illər ərzində adını nə televiziyadan eşitmişəm, nə də iştirakı ilə təşkil olunmuş silsilə tədbirlərdə olmuşam. Bu imzanı əqlimə həkk edən nəsnə poeziyanın özü qədər ülvi və pakdır. İbtidai sinif dərsliklərində onun və digər şairlərin müəllifi olduğu uşaq şeirləri bizi tərbiyə edib, estetik zövqümüzü formalaşdırıb, tərbiyəvi-didaktik əhəmiyyət daşıyıb. Zahid Xəlilin doğma imzaya çevrilməsində heç bir xüsusi təbliğat, kahkaşalı reklam baiskar deyil, sadəcə, uşaq yaddaşımız itidir və daha etibarlıdır.
Şairin, yazıçının (söhbət layiqli qələm adamından gedir!) xalqa təqdim olunmasının, təbliğatının ilkin mərhələsi onun bədii nümunələrinin dərslikdə öz əksini tapmasından başlayır. Təbii ki, psixoloji baxımdan yaş qruplarına uyğun əsərləri nəzərdə tuturam. İstər qrammatik, leksik, morfoloji çalışmaların predmeti kimi, istərsə də oxu, əzbərləmə, zehni inkişaf, mənəvi zənginlik naminə şagirdə təqdim olunan bədii nümunə kimi daha kamil əsərlərin dərslikdə yer alması çox-çox məqsədəuyğundur, nəinki qafiyə və məna yükü baxımından hansısa bayağı şeirin.
Ölkədə yazmağa həvəsi olan oxumaq üçün can atanlardan sayca üstündür. Heç kimin də qələmini əlindən alıb sındırmaq olmaz ki, sən niyə yazırsan. Düzü, bu məni narahat etmir. Çünki ədəbi ələkdən keçənlər, mühitin qiymətini alanlar, tənqid və təhlilə cəlb olunanlar, əsl istedad sahibləri mütləq fərqlənirlər, qalanları təfərrüatdı… Amma dərslik kimi vacib bir oxu vasitəsini gözardı eləmək, həvəskar mətnlərlə korlamaq təkcə çap olunmağa haqqı olanlar üçün ədalətsizlik deyil, həm də kütləvi zövqsüzləşmənin təməlidir.
Şair, Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadənin dərsliklərdəki problemlərlə bağlı “Sabaha saxlamayaq” verilişindəki emosianal çıxışı, əslində, həyəcan təbili idi.
Musa Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlının 10 və 11-ci sinif dərsliklərində ayrıca tədris olunmadığı sistemin daha aşağı pillələrdə hansı vəziyyətdə olduğunu təxmin etmək çətin deyil.Yazıçı Fəxri Uğurlunun “Vacib olan duyğuları tərbiyələndirmək” adlı yazısında mövzu, ideya baxımdan 5-ci sinif ədəbiyyat dərsliyindəki problemlər, köhnəlik, şüuraltı olaraq yanlış istiqamətləndirmə kimi problemlərə toxunulub.
Digər tərəfdən, Qəşəm Nəcəfzadənin 25 səhifəlik tənqidi yazısında Azərbaycan dilinin zənginliyini özündə əks etdirməyən, məzmunsuz, həddindən artıq primitiv nümunələrin şagirdlərə təqdim olunması məsələsinə və bunun yaratdığı problemlərə toxunulub.
Hər iki yazıdan çıxış edərək belə qənaətə gəlmək olarki, istər Azərbaycan dili dərsliklərində nümunə kimi çap olunan nəzm və nəsr nümunələri, istərsə də uşaqlara öyrədilən (çox təəssüf ki, çox vaxt kor-koranə əzbərlədilən) şeirlər ədəbi mühitdə və oxucular arasında təsdiq olunmuş, ədəbi ələkdən keçmiş müəlliflərin imzasından çıxmalıdır.
Saxta mətnlər və saxta imzalar son dövr insanımızın bədii zövqünü xeyli korlayıb və bu proses davam edir.
Qəşəm Nəcəfzadənin tənqid hədəfinə çevirdiyi “Altun Kitab” nəşriyyatının timsalında hamı, bəlkə də, elə hamımız bütün təhriflər, yolunda olmayan məsələlər üçün cavabdehik. Bu məsələ nə vaxt bizi hamılıqla ciddi narahat elədi? Nə vaxt “Altun Kitab”ın və digər nəşriyyatların məsul şəxslərinin qarşısına keçib narahatlığımı dilə gətirdik, bunu ictimailəşdirdik? Görəsən, o yüngül mətnləri uşaqlarına əzbərlədən hansısa valideyn bundan narahat olub səsini çıxarıbmı?
Bir nəşriyyat rəhbərinin və ya bir kollektivin, müəllifliyə də, münsifliyə də iddialı 3-5 nəfərinqənaəti kamil dərslik üçün kifayət deyil. Sözü bilən, Sözə bələd olan və bu sahədə əsl peşəkar mövqeyinə yüksəlmiş imzalarla məsləhətləşmək, tutarlı rəy almaq, müzakirə əsasında son versiyanı təsdiqləmək lazımdır. Yoxsa ya elə yüz ildən bəri dərsliklərdə yer alan nümunələr yenilənməyəcək, ya da “yenilənmə” adıyla keyfiyyətsiz, zövqlərə qənim, saxtakarlıq qoxuyan söz yığınları hər dərslikdə qarşımıza çıxacaq. Beləliklə Əli aşından da olacağıq, Vəli aşından da…