İlyas Əfəndiyev Fondu Azərbaycanda uzun müddət səmərəli fəaliyyətindən və 2011-ci ildə Avropa İttifaqı ərazisində qeydiyyatdan keçərək beynəlxalq status aldıqdan sonra dünyanın müxtəlif ölkələrində irihəcmli sosial-humanitar və infrastruktur layihələri reallaşdırmaq niyyəti ilə çıxış etməkdədir.
İlyas Əfəndiyev Beynəlxalq Fondunun sosial-iqtisadi və davamlı inkişafı nəzərdə tutan mühüm sosial-humanitar layihələr bir çox Avropa ölkələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Fondun mətbuat xidmətindən "525"ə verilən məlumata görə, bu layihələrə böyük maraq ilk olaraq Balkan ölkələrindən gəlib. Bu siyahıda Monteneqro ön sıralarda yer alıb. Fond öz layihələrinin maliyyələşdirilməsini Londonda təsis etdiyi "Alta" "International Investment Consulting" şirkəti vasitəsilə həyata keçirməyi planlaşdırır. Layihələrin məqsədi Monteneqronun sosial və humanitar sahədə problemlərinin həlli və orada davamlı inkişafa nail olmaqdır.
Layihələrin qısa müddətdə həyata keçirilməsi məqsədilə İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev bu günlərdə Monteneqronun paytaxtı Podqoritsa şəhərində səfərdə olmuş və layihələrin icrası ilə bağlı görüşlər keçirib.
Görüşlərin yekununda İlyas Əfəndiyev Beynəlxalq Fondu və Monteneqro Respublikasının Nazirlər Kabineti yanında İnvestisiyaların Təşviqi Agentliyi arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Sənədi İlyas Əfəndiyev Beynəlxalq Fondu tərəfindən bu qurumun prezidenti Tural Əfəndiyev və Monteneqro tərəfdən agentliyin baş icraçı direktoru Miloş Yovanoviç imzalayıb.
Memoranduma əsasən, İlyas Əfəndiyev Beynəlxalq Fondu BMT-nin Minilliyin Məqsədlərinin nəzərdə tutduğu davamlı inkişaf və sosial dəyərlər layihələri və proqramlarına uyğun fəaliyyət göstərərkən agentlik tərəfindən fond üçün lazımi şəraitin və biznes mühitinin yaradılmasına zəmanət verilir.
Bununla yanaşı, İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev Monteneqro Respublikasının maliyyə naziri Radoje ilə görüşərək təhsil, mədəniyyət və sosial müdafiə sahələrinin inkişafına yönəlmiş "Monteneqro - XXI əsrin imici" layihəsi çərçivəsində görüləcək işlərin planlaşdırılması və icrası ilə bağlı məsələlər ətrafında müzakirələr aparıb.
Fondun prezidentinin Monteneqroya səfəri, keçirilmiş görüşlər, aparılmış müzakirələr barədə Monteneqro və Avropanın digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
S.ABDULLAYEVA



