Görəsən elə bir insan varmı ki, ömründə bircə dəfə də olsa, şeir yazmaq həvəsinə düşməsin? Amma hamı şair olurmu? Heç yazanların əksəriyyəti də şair olmur. Lap cild-cild kitabları nəşr edilsə də, böyük şairlərlə şəkil çəkdirsə də... Şeir ürəyə toxunsun gərək, qəlbi dindirsin...
Əvvəllər cəmiyyətdə şairlərin xüsusi hörməti olardı. Onları elçilikdə təzə qohumlara təqdim etməkdən qürur duyardılar. Kiminsə işinə bir əncam çəkilərdi şair sözüylə... Bu gün isə "şair" sözü bəzən gülüş obyektinə çevrilir. Biri xoşagəlməz bir iş görəndə deyirlər şairdi və ya "şairlik eləmə!" kimi ifadələr işlənir. Şair "Sirtuş Çölçəmənli" kimi tamadaya dönəndə oxucu da tamaşaçı kimi ona gülməsin neyləsin?.. Odur ki, belə bir zamanda unudulmaz şairimiz Mikayıl Müşfiqin doğum günü tarixinin "Şairlər günü" kimi qeyd edilməsi məni də bir oxucu kimi çox sevindirdi. Axı mən də şeiri çox sevirəm...
...Bizim çox böyük şairlərimiz olub və bu gün də var. Milyon dəfə oxunsa da, deyilsə də hər gün ölməz Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin"...şeiri ürəyimin başında səslənir.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik,
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin, dünya mənim, dünya heç kimin!
Gözəl şeir xalq mahnıları kimi həmişə təzə, həmişə təravətlidi. Və ya azadlıq mücahidi, üsyankar, həmişə yaşar Xəlil Rza Uluturkün şeirləri:
...Bir gün edam meydanında
başım getsə verərsəm can.
Sən yadların qarşısında
heç bir zaman qara geymə.
Ey ağ donlu anam mənim,
ağ çələngli Azərbaycan.
Yaxud:
...Kim sevmirsə demək gülmür,
Sevib gül olmayıb hələ.
Bəlkə Allah görmür onu-
Bəlkə doğulmayıb hələ...
deyən çox sevdiyim bənzərsiz şairimiz Vaqif Bayatlı Odərdən dünyada varmı heç? Günümüzdə Şair sözü deyiləndə birinci yada düşən, şeirləri dillər əzbərinə çevrilən, uşaqdan-böyüyə hər kəsin sevdiyi şair Ramiz Rövşən:
Dağlar arasında dərə,
Dərindi yuxu kimi.
Dağ dağa duman göndərər
Sevgi məktubu kimi.
Göydə yeddi sətir cızan,
O göy qurşağına bax.
Kimdi onu yazan, Allah!...
Sevgi məktubu kimi.
R.Rövşənlə bağlı yazı yazmamışdım. Bu nə gözəl fürsətdi belə yazı yazanda heç belə zövq almamışdım. Şeiri dönə-dönə oxumaqdan doymursan - sevgi məktubu kimi...
Hələ mən çox dəyərli şairlərimiz - Bəxtiyar Vahabzadədən, Fikrət Qocadan, Qabildən, Məmməd Aslandan, Çingiz Əlioğludan, Nəriman Həsənzadədən, Musa Yaqubdan və başqa neçələrindən nümunə gətirmədim. Həm də bizim gənc şairlərimiz elə gözəl şeir nümunələri yaradırlar ki, oxuduqca oxumaq istəyirsən... Və elə gözəl şeirləri olan şairlərimiz də var ki, biz hələ onları tanımırıq. Çünki onlar bir kənara çəkilib ancaq yazıları ilə məşğul olurlar.Amma "Sirtuş Çölçəmənli" kimi tamadanı, sözü əndrabadi hala salıb guya qeyri-adi yazanı, Vətən, deyə qışqırıb Vətən övladını saymayanı, böyük bir söz sahibi kimi gözümüzə dürtülən eybəcər yazanları, şeiri təmənna ilə müəyyən məqsədə çevirənləri vəb. yaxşı tanıyırıq...
Amma nə olursa olsun əsl şairə, gözəl şeirə heç bir yel toxuna bilmir - sevgi məktubu kimi...
Mina RƏŞİD



