Almaniya hökuməti yetkin şəxslər üçün marixuana almağa, saxlamağa və istehlak etməyə icazə verən qanunvericilik üçün "əsas çərçivə"ni qəbul edib.
525.az Türkiyə mediasına istinadən bildirir ki, Almaniya Nazirlər Şurası qanun layihəsi ilə bağlı olan “əsas çərçivə”ni qəbul edib. Çərçivəyə əsasən, marixuana və aktiv tərkib hissəsi tetrahidrokannabinol (THC) artıq qanuni olaraq narkotik kateqoriyasına aid edilməyəcək.
Belə ki, 30 qrama qədər marixuananın alınması və saxlanması cərimələrdən azad ediləcək, evdə fərdi becərməyə məhdud miqyasda icazə veriləcək. Marixuananın böyüklərə satışı isə “lisenziyalı mağazalar” və apteklərdə həyata keçiriləcək.
Qeyd edək ki, Almaniyanın səhiyyə naziri Karl Lauterbax verdiyi açıqlamada marixuananın artıq narkotik maddələrin kateqoriyasına daxil olmayacağını, bu maddənin leqallaşdırılmasının beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcəyini bildirib.
Fərid Sançar