|
|
|
|

“Son zamanlar Fransa prezidenti, eyni zamanda bu ölkənin digər rəsmiləri Ermənistan və Azərbaycan arasında mövcud olan məsələlərlə, problemlərlə bağlı olduqca qərəzli və ziddiyyətli fikirlər səsləndiriblər. Bu yaxınlarda Fransa prezidenti televiziyaya müsahibəsində Ermənistan və Azərbaycan arasında vaxtilə mövcud olmuş münaqişə, eləcə də son sərhəd toqquşması, ümumiyyətlə regionda baş verən proseslərlə bağlı qeyd etdiyimiz kimi qərəzli fikirlər səsləndirib. Buna da Azərbaycan dövləti ən yüksək səviyyədə həmin qərəzli fikirlərə cavab verib. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərə ciddi zərər vurub. Son zamanlar Fransa Avropa İttifaqı çərçivəsində çalışır ki, vaxtilə mövcud olmuş ATƏT-in Minsk qrupunun həmsədri kimi iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirsin. Sözsüz ki, son fikirlərini, mövqelərini açıqladıqdan sonra vasitəçilik missiyasının perspektivi ciddi sual altına düşüb. Xatırlayırsınızsa, Fransa prezidentinin məlum açıqlamalarından sonra Azərbaycanın dövlət başçısı qeyd edib ki, belə bir mövqeyə sahib olan ölkə iki dövlət arasında vasitəçilik missiyasını həyata keçirə bilməz. Yəni vasitəçi ola bilməz. Eyni zamanda Prezident Əlcəzairə son səfəri zamanı Ərəb Dövlətləri Liqasının sammitində etdiyi çıxışında Fransanı soyqırımda kəskin ittiham edib”.
525.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib. M.Məmmədlinin sözlərinə görə, son aylarda müşahidə olunan bu faktlar, proseslər iki ölkə arasında həm münasibətlərə, həm də qeyd edildiyi kimi, Fransanın vasitəçilik missiyası ilə bağlı ciddi sullar yaradır:
“Fransa hakimiyyəti, prezident Makron tərəfindən də artıq başa düşülür ki, bu mövqe ilk növbədə Fransanın özünün maraqlarına ziddir. Fransa əgər vasitəçilik etmək istəyisrə, heç olmasa görüntü naminə, formal olsa da balanslı mövqe nümayiş etdirməlidir. Təbii ki, indi də ölkə başçımızı sözügedən sammitə dəvət edir. Müəyyən mənada onu nümayiş etdirmək istəyir ki, Ermənistanın baş naziri ilə yanaşı həm də Azərbaycan Prezidenti ilə görüşmək istəyir, müəyyən paritet saxlayır. Hesab edirəm ki, Makronun bu təşəbbüsü son zamanlar Fransa hakimiyyətinin nümayiş etdirdiyi qərəzli, tərəfkeş siyasəti müəyyən mənada malalamaq məqsədi daşıyır”.
Sevinc Qarayeva



