|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən Dünya Çempionatının açılışı ilə əlaqədar liderlərə verilən ziyafətdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə salamlaşıb və əl sıxıb.
525.az-ın Misir Prezident İdarəsinin rəsmi açıqlamasına istinadən verdiyi məlumata görə, Ərdoğan və Sisi arasında əl sıxmanın ikitərəfli münasibətlərin inkişafının başlanğıcı olacağı vurğulanıb.
Prezident Ərdoğan isə Qətərdən qayıdarkən jurnalistlərə: 'Biz bir dövrün başlaya biləcəyini söyləmişdik. Burada belə bir dövrə başlamaq üçün addım atıldı və danışıqlar apardıq”, - deyib.
"Ümid edirəm ki, nazirlərimizlə başlayan prosesi daha sonra, yüksək səviyyəli görüşlərlə yaxşı bir nöqtəyə daşıyacağıq. Çünki türk millətinin və Misir xalqının keçmiş birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən olmasın, niyə yenidən başlamasın? Qeyri-adi heç nə baş vermədikdən sonra biz bu addımı xeyirlisiylə atacağıq. Təbii ki, onlardan tək istəyimiz bu danışıqlarla Aralıq dənizində sülhü qorumaq və yolumuza davam etməkdir" - deyə Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, Ərdoğanla Sisinin əl sıxması Misirdəki çevrilişdən 9 il sonra iki ölkə arasında ən yüksək səviyyəli təmas olub.
Sevil Seymur



