|
|
|
|

“İran-Azərbaycan münasibətləri son dönəmlər çox mürəkkəbləşib”.
Bunu millət vəkili Cavid Osmanov deyib. O qeyd edib ki, İran onsuz da 30 il ərzində, yəni Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı hər zaman qərəzli münasibət bəsləyib:
“Amma onlardan fərqli olaraq Azərbaycan hər zaman dost, qonşuluq münasibəti sərgiləməyə çalışmışdır. 44 günlük müharibədə əldə etdiyimiz tarixi qələbədən sonra İran artıq bu qərəzi açıq şəkildə nümayiş etdirir. Xüsusən də, Zəngəzur dəhlizinin açılması məsələsi artıq bir reallığa çevrildikdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. İran rəsmiləri, millət vəkilləri tərəfindən, parlament üzvləri tərəfindən, din xadimləri tərəfindən Azərbaycana qərəzli mövqe nümayiş etdirməyə çalışdılar. Əlbəttə ki, bu yolverilməzdir. Birincisi, Azərbaycan artıq güclü və qüdrətli ölkədir. Azərbaycanla hər hansı bir ölkə təzyiq və təsir dilindən, əzələ nümayiş etdirməklə, danışa bilməz. Bizim gücümüz 44 günlük Vətən müharibəsində nümayiş olundu“.
Millət vəkili bildirib ki, İran onsuz da Azərbaycana qarşı indiki məqamda daha çox qərəzli mövqe nümayiş etdirir:
“Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi heç də bugünkü Azərbaycan-İran münasibətlərindən irəli gəlmir. Bu Azərbaycan-İsrail münasibətləri uzun illərdir çox müsbət dinamika üzrə inkişaf etməkdədir. Biz İsraillə münasibətləri daha da dərinləşdirmək istəyirik. O ki, İranın bundan qıcıqlanıb qıcıqlanmamağına, qeyd edim ki, bu artıq İranın öz işidir. Azərbaycan müstəqil və milli maraqlara söykənən siyasət yürüdür. Əgər kimsə bundan qıcıqlanırsa, bu onların öz daxili işləridir. Daxili işləri qeyd etmişkən, İran indiki mürəkkəb zamanında boş yerə Azərbaycan əzələ nümayiş etdirməyə çalışmaqdansa, daxildə olan acınacaqlı vəziyyətdən çıxmağa cəhd etsinlər. Çünki iki aya yaxındır orada yaşayan insanlar öz hüquqlarını, azadlıqlarını tələb edirlər. İndiki hakimiyyət olan molla rejimindən canlarını qurtarmaq istəyirlər. Azərbaycan-İsrail münasibətləri bundan sonra daha da sürətlə inkişaf edəcəkdir“.
Sevinc Qarayeva



