|
|
|
|

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib. Sessiyalarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.
FHN-in mətbuat xidmətindən 525.az-a bildiriblər ki, İcraiyyə Şurasının noyabrın 22-23-də keçirilən 55-ci sessiyasında Təşkilatın Baş katibi xanım Mariatu Yap BMMT-nin Baş Assambleyasının 24-cü sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramına uyğun olaraq, İcraiyyə Şurasının 54-cü sessiyasından sonra BMMT və onun Daimi Katibliyi tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən üzv ölkələrə göstərilmiş maliyyə dəstəyi barədə hesabat təqdim edib. Bundan əlavə, sessiya zamanı BMMT-nin Elmi-Tədris Komitəsinin daxili reqlamenti və təşkilati strukturu təsdiqlənib, 2023-cü il üçün tədris planı layihəsi üzv ölkələrə təqdim olunub.
FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli sessiyada çıxış edərək FHN-in Akademiyasının tədris və maddi-texniki bazasının gücləndirilməsi işində müvafiq layihə çərçivəsində göstərilmiş texniki dəstəyə görə BMMT-nin Baş katibi xanım Mariatu Yapa təşəkkürünü bildirib, gələcəkdə BMMT-nin xətti ilə Akademiyada regional və beynəlxalq təlimlərin, seminar və treninqlərin keçirilməsi üçün əlverişli imkanların mövcudluğu barədə sessiya iştirakçılarına ətraflı məlumat verib.
Bundan əlavə, noyabrın 24-də keçirilən Baş Assambleyanın 25-ci sessiyasında hesabat dövründə Təşkilatın və onun Daimi Katibliyinin fəaliyyəti, habelə Vanuatunun BMMT-yə yeni üzv ölkə qismində qoşulması barədə sessiya iştirakçılarına məlumat verilib. Eyni zamanda, Baş katib tərəfindən BMMT-nin 2022-ci ildə xərclər və gəlirlər cədvəli, İcraiyyə Şurası tərəfindən təsdiq edilmiş Təşkilatın yeni büdcəsi, o cümlədən üzv ölkələrin üzvlük haqları barədə məlumatlar da iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, sessiya çərçivəsində Təşkilatın Təlim Komitəsinin Daxili Nizamnaməsi və təşkilati strukturu təsdiqlənib, 2023-cü il üçün təlim planının layihəsi üzv ölkələrin nümayəndələrinə təqdim edilib.
Sessiyanın sonunda BMTT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub. Beləliklə, Azərbaycan 2022-2026-cı illər üzrə BMMT-nin İcraiyyə Şurasına yenidən üzv seçilib.
Bundan başqa, sessiyada Baş Assambleyasının Prezidenti və vitse-prezidenti vəzifələrinə də seçkilər keçirilib.



