|
|
|
|

Ekvatorial Qvineyada 94,9 faiz səs toplayan Teodoro Obianq Nguema Mbasoqo yenidən prezident seçilib.
525.az xəbər verir ki, Ekvatorial Qvineya Milli Seçki Komissiyasının sədri Faustino Ndonq Esono Eyyanq açıqlamasında bildirib ki, rəsmi nəticələrə görə, prezident seçkilərinin qalibi 43 ildir prezident postunu tutan Obianqdır.
Seçici fəallığının 98 faiz olduğunu bildirən Eyyanq, prezident Obianqın səslərin 94,9 faizinin olduğunu açıqlayıb. Eyyanq bildirib ki, digər namizədlər arasında Sosial Demokratiya Uğrunda Birlik (CPDS) Partiyasının namizədi Andres Esono Ondo 9 min 684 səs, Sosial Demokratiya Koalisiya Partiyasının (PCSD) namizədi Buenaventura Monsuy Asumu isə 2 min 855 səs toplayıb.
Təxminən 1,5 milyon əhalisi olan ölkədə 427 min 661 seçici Ekvatorial Qvineyanı 7 il idarə edəcək prezidentə, həmçinin parlament, senat və bələdiyyə seçkilərinə səs verib. Hakim Ekvatorial Qvineya Demokratik Partiyası (PDGE) Nümayəndələr Palatasında 100, Senatda isə 55 yerin hamısını qazanıb.
Qeyd edək ki, 80 yaşlı Obianq 2016-cı il seçkilərində səslərin 93,7 faizini toplayaraq beşinci müddətə prezident seçilmişdi.
Malik Atilay



