
Son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində ölkənin su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin yüksəkliyə doğru qalxması müşahidə olunur. Azərbaycan ərazisində qarölçmə işləri 1950-ci ildən aparılır. Qarölçmə işləri Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə olmaqla 29 çayın hövzəsində aparılır. Hər il sistematik olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Yaz-yay (aprel-iyun) gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycanın yüksək dağlıq ərazilərində Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində qarölçmə işləri aparılır, qarın hündürlüyü, sıxlığı və qarda olan su ehtiyatı müəyyənləşdirilərək proqnoz tərtib edilir və müvafiq orqanlar məlumatlandırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, 2022-ci ildə aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Böyük Qafqazın çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 90 faizini, Kiçik Qafqazın çaylarının hövzələrində isə normanın 79 faizini təşkil edib.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu Kəlbəcər, Laçın, Şuşa və Xocavənd rayonlarında 8 marşrut üzrə qarölçmə işləri həyata keçirilib. Qarölçmə işlərinin nəticələrinə əsasən, Qarqarçay, Quruçay və Köndələnçayın hövzəsindəki marşrutlarda qar olmayıb.
Kiçik Qafqazın Kəlbəcər və Laçın rayonlarının çaylarının hövzələri üçün yuxarıda göstərilən üsulla qar ehtiyatları qiymətləndirilib. Hövzədə olan su ehtiyatı 2022-ci ildə təyin olunmuş qar ehtiyatları 30,6 mm və ya Kiçik Qafqazın orta göstəricisinin 51 faizini, 2021-ci ildə isə 52,8 mm olmaqla 90 faizini təşkil edib.
Məlumatda bildirilib ki, mütəmadi olaraq Kür çayının aşağı hissəsində, Bankə, Salyan, Surra, Zərdab və Araz çayının Novruzlu hidroloji məntəqəsində müasir "SOMMER" cihazı vasitəsilə nəzarət su sərfləri ölçülür. 2021-ci ilin avqust ayında Kür çayının Sabirabad, Şirvan, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində seçilmiş məntəqələr üzrə tədqiqat işləri aparılıb. Ölçü işləri zamanı çayın eninə və uzununa profilləri çıxarılmış eyni zamnda ənənəvi üsulla və müasir SOMMER cihazı ilə su sərfləri ölçülüb.
Yaz-yay gursululuq dövrü zamanı çaylardan keçən qısamüddətli daşqın və selin izinə görə maksimal su sərfini təyin etmək üçün iyul-avqust aylarında iki istiqamətdə (Böyük və Kiçik Qafqazın dağ çaylarına) ekspedisiya təşkil olunur, selin izinə görə ölçü işləri aparılır və hesablamalar aparıldıqdan sonra maksimal su sərfi müəyyən edilir.
Azərbaycanın ərazisində dağ buzlaqları Qusarçayın hövzəsində müşahidə olunur. Buzlaqların öyrənilməsi ekspedisiya yolu ilə və mövcud xəritələrdən istifadə etməklə aparılır. Qusarçayın hövzəsində 8 buzlaq olmaqla Yatıqdərə çayının hövzəsində, Əbildərə çayının hövzəsində (Tufandağ buzlağı), Düzyurd çayının hövzəsində (Şahdağ buzlağı) yerləşir: "Hər ilin avqust ayında buzlaqlar üzərində müşahidələr dəniz səviyyəsindən 3755 m yüksəklikdə Tufandağ buzlağında aparılır. Aparılan tədqiqatların nəticələri göstərir ki, buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunur. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır. Aparılan araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb: "İri şəhərlərimiz olan Bakı, Gəncə və Mingəçevirdə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik".
Umayra Tağıyevanın sözlərinə görə, yağıntıların azalması fonunda, təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır. Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur: "Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb".
Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.
O qeyd edib ki, son illərdə dövlət investisiyası çərçivəsində vəsaitlər ayrılıb və milli hidrometeorologiya şəbəkəmiz müasirləşdirilib. "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində hidrometeorologiya haqqında qanunun təkmilləşdirilməsi, xidmətin və müşahidələrin optimallaşdırılması, xidmətin strukturunda çevikliyin təmin olunması, müasir tələblərə uyğun kadrların seçilməsi, əməyin qiymətləndirilməsində stimullaşdırıcı addımlar atılması vacibdir: "Xidmətin genişləndirilməsi hesabına dövlət büdcəsindən asılılıq azaldılmalı, erkən xəbərdarlıq sistemi yaradılmalı və müasir standartlara uyğun ölkənin hidrometeoroloji təhlükəsizliyi təmin olunmalıdır. Hazırda Milli Hidrometeorologiya Xidməti 1075 nəfərlə öz fəaliyyətini davam etdirir. 16 mərkəz və 7 regional idarəmiz var. Sistemlərin avtomatlaşdırılması sayəsində son 5 ildə ştatların optimallaşdırılması işləri aparılıb, 36 yeni avtomat müşahidə sistemi tətbiq edilib"
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ölkənin hidrometeoroloji şəraitinin mürəkkəbliyi və onun iqlim riskləri ilə əlaqədar təhlükələrə qarşı olduqca həssas olması hidrometeoroloji fəaliyyətin səmərəliliyinin artırılmasının ən prioritet məsələlərdən olduğunu göstərir: "Azərbaycanda Dövlət investisiya proqramları çərçivəsində hər il Milli Hidrometeorologiya Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün milyonlarla vəsait hidrometeoroloji şəbəkənin avtomatlaşdırılmasına, müasir radar sistemlərinin qurulmasına yönəldiyindən söz açan nazir, işğaldan azad olunan ərazilərdə dövlət başçısının sərəncamları ilə "Ağıllı" şəhər və "Ağıllı" kənd konsepsiyasına uyğun quruculuq işlərinin geniş vüsət aldığını qeyd edib. Yeni infrastruktur obyektləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətə malik aeroportlar inşa edilir. Bütün bu işlərin həyata keçirilməsi və planlaşdırmanın düzgün aparılmasında hidrometeoroloji xidmətlər həyata keçirilir, müasir hidroloji və meteoroloji avtomat stansiyalarla müşahidə şəbəkəsi bərpa olunur. Gələcək planlarımıza uyğun olaraq növbəti illərdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır".
Nazirin dediyinə görə, hava sərhəd tanımır: "Regionda hidrometeoroloji təhlükəsizliyin təmin edilməsinə öz töhfəmizi verməyə, yeni müşahidə sistemlərindən əldə etdiyimiz məlumatları paylaşmağa hazırıq. Yalnız səylərin birləşdirilməsi bizə iqlim risklərinə qarşı dayanıqlığı artırmağa imkanı verəcək. Bu baxımdan layihə texniki fəaliyyət və kommunikasiya imkanlarının gücləndirilməsi, o cümlədən, iqlim məlumatlarının idarə edilməsi, proqnozlaşdırma, erkən xəbərdarlıq sahələrində yerli kadrların potensialının artırılmasında mühüm rol oynayacaq".
Muxtar Babayev qeyd edib ki, bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir: "Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işgüzar əməkdaşlığımızı davam etdiririk. Hazırda Azərbaycan tvinninq layihələrinin sayı üzrə regionda liderdir və müxtəlif illərdə ölkənin müxtəlif qurumlarının benefisiar olduğu tvinninq layihələri Avropa Komissiyası tərəfindən ən uğurlu layihələr statusunu alıb".
Sevinc QARAYEVA



