
İranda İslam İnqilabından bu yana ən uzunmüddətli etiraz aksiyaları davam edir. Artıq dördüncü aya keçib ki, insanlar küçələrə çıxaraq rejimin getməsini tələb edir, eyni zamanda, ölkədə müxtəlif yerlərdə tətillər keçirirlər. Etirazlar bu ilin sentyabrının 16-da Məhsa Əmininin başörtüsünə görə saxlanılması və polis nəzarətində ölməsindən sonra başlayıb. Daha sonra isə rejim əleyhinə kütləvi hal aldı. İnsanlar artıq rejimin getməsini tələb edirlər. Proseslərin inkişafı da onu göstərir ki, İranda vəziyyət daha əvvəlki kimi ola bilməyəcək. Çünki ötən müddət ərzində rejim nəinki vətəndaşların hər hansı istək və tələblərini yerinə yetirdi, əksinə öz xalqına qarşı amansız üsullarla mübarizəyə qalxdı. Aksiya iştirakçılarını həbs etdi, ağır işgəncələrə, edamlara məruz qoydu.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyinə (HRANA) görə, indiyədək 69-u uşaq olmaqla 500 nəfərdən çox etirazçı öldürülüb. Rejim gücləri həm də insanları oğurlayaraq naməlum şəraitdə qətlə yetirir, bu barədə isə onların ailələrinə heç bir məlumat verilmir.
"BBC Fars" xidmətinin məlumatına görə, bəzi iranlı məşhur insanlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da ölkəni tərk etməli olublar. Bu şəxslərdən biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. O, hazırda Tehranın "Evin" həbsxanasında saxlanılır. Aktrisa başı açıq fotosunu paylaşaraq gənc etirazçının edamını pisləyib.
Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.
İranın məşhur futbolçularından biri, Dubayda yaşayan Əli Kərimi də etirazlara dəstək verdiyi üçün İran kəşfiyyatçıları onu öldürməklə hədələyib və nəticədə ABŞ-a köçməyə məcbur olub.
İranın digər futbol ikonası Əli Daei ümummilli tətilə dəstək verdikdən sonra təzyiqlərə məruz qalıb, məhkəmə qərarı ilə onun zərgərlik dükanı və restoranı bağlanıb.
Həmçinin, İran Dünya Çempionatından kənarlaşdırıldıqdan sonra 27 yaşlı Mehran Samakın da avtomobilinin siqnalını çaldığı üçün öldürüldüyü bildirilir. Həbsdə ölən bir başqa gənc 23 yaşlı Hamed Salahşorun ailəsi də gəncin bədənində dəhşətli işgəncə izlərinin olduğunu bildirib.
İranda gənclərin etiraz üsullarından biri də şiə din xadimlərinin arxasından yaxınlaşaraq başlarındakı örtüyü endirməkdir. 16 yaşlı Ərşiyə İmamqulizadə ötən ay Təbrizdə bu hərəkəti törətdiyinə görə saxlanılıb. 10 gün həbsdə qalan yeniyetmə azadlığa çıxandan iki gün sonra intihar edib. Ailəsi onun həbsdə olarkən çubuqlarla döyüldüyü və naməlum dərmanlar verildiyi üçün intihar etdiyini bildirərək, rəsmi qurumları günahlandırır.
"Amnesty İnternational" və digər insan haqları təşkilatları da həbs olunanlardan məcburi "etiraf" almaq üçün onların dəhşətli işgəncələrə və pis rəftara məruz qaldıqları barədə məlumat yayıblar.
Bu aksiya həm də rejimin zülmündən bezən insanların heç nədən qorxmayaraq mübarizəni davam etdirməsi ilə fərqlənir. Mübarizəyə cəmiyyətin bütün təbəqələri qoşulub. Xüsusilə də gənclər və qadınlar öndə gedir.
İran hakimiyyəti isə təkcə ölkə daxilində deyil, xaricdə də düşmən axtarışındadır. Öz xalqının düşməninə, cəlladına çevrilən rejim mövcud vəziyyətə görə digər ölkələri günahlandırmaqdan çəkinmir. Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətləri pisləşdirən rejim, xüsusilə Azərbaycana qarşı xaincəsinə addımlar atır. Ermənistana torpaqlarımızın işğalda qaldığı 30 il ərzində hər cür dəstək verən "İslam dövləti" bu gün də Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Fərq ondadır ki, artıq bu məkrini, mənfur əməllərini ört-basdır edə bilmir. Fars-molla rejimi Azərbaycanın 44 günlük müharibədə zəfərindən sonra Ermənistanla sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Ermənistanla bağlı özünün "qırmızı xətt"ni müəyyən edir. Xain xoflu olur, deyirlər. Zəngəzur layihəsi də İran üçün qorxulu yuxuya çevrilib. Rejimi qorxudan bu dəhlizin türk dünyasını birləşdirməsi ehtimalıdır. İran Zəngəzur layihəsinin bütün region üçün əhəmiyyətini yaxşı anlayır. Amma siyasəti parçalamaq, düşmənçilik, nifaq salmaq kimi farsçı ideologiyaya əsaslanan rejim üçün regional sabitlik, inkişaf, mehriban qonşuluq yaddır.
İranı qorxudan həm də 40 milyonluq Güney Azərbaycandır. Hansı ki, illərdir soydaşlarımızın bütün hüquqlarını əlindən alıb, onların milli kimliklərini unutdurmağa çalışır. Zaman və tarix göstərdi ki, rejim buna nail ola bilməyib. Proseslərin sonunun molla rejimi üçün necə olacağını da elə zaman göstərəcək.



