İrandakı molla rejiminin illərdir apardığı yanlış siyasəti nəticəsində ölkə çıxılmaz vəziyyətə düşüb. Hazırda İranda yoxsulluq, işsizlik, qiymət artımı ən yüksək səviyyədədir. Ölkədə aylardır etiraz aksiyaları davam edir. Rejim insanların haqlı tələblərini yerinə yetirmək üçün heç bir addım atmayıb. Əksinə, etirazçılara qarşı sərt davranış sərgiləyir, çox sayda insanı edam edib, həbsxanalarda işgəncələrə məruz qoyub. Ancaq molla rejimi anlayır ki, bütün bu qeyri-insani, cinayətkar addımlarla öz istəyinə nail ola bilməyəcək. Ən uzağı ömrünü daha bir müddət uzada bilər. İran hakimiyyətinin daxili siyasəti kimi, xarici siyasəti də onu məhvə aparır. 44 ildir ki, hakimiyyətdə olan rejim ölkəni dünyadan təcrid etməklə məşğuldur. Görünən budur ki, ağır sanksiyalarla üzləşən rejim nəyisə dəyişmək istəmir. İran hər zaman şərin yanında olub, bu gün də olmaqda davam edir. Nəinki terror təşkilatlarını dəstəkləyir, hətta özü bu təşkilatların, qrupların, casus şəbəkələrinin yaradıcısıdır. Öz xalqının maddi sıxıntılar içində olmasına baxmayaraq, rejim terror təşkilatlarına, casus şəbəkələrinə böyük vəsaitlər ayırır, bir sıra ölkələrdə iğtişaşlar, terror aktları, digər mənfur əməllər törətməklə məşğul olur. Sözdə özünü "müsəlman təəssübkeşi" kimi qələmə verən İran heç vaxt müsəlmanları müdafiə etməyib, yalnız öz maraqları naminə bu məqamdan sui-istifadə edib, məzhəb ayrımçılığı salmağa çalışıb. İranın İraqda, Yəməndə, Suriyadakı əməllərinə nəzər salmaq kifayət edir ki, rejimin əsl niyyətinin nədən ibarət olduğu bəlli olsun.
Azərbaycanda da eyni planı - məzhəb ayrımçılığını həyata keçirməyə çalışan rejim mənfur niyyətinə nail ola bilmir. Özünü "müsəlman təəssübkeşi" hesab edən İranın bu gün yaxın münasibətdə olduğu, dəstək verdiyi ölkələrdən biri məhz Ermənistandır. Bu ölkə illərlə Azərbaycanın ərazilərini işğalda saxlayb, məscidlərimizi dağıdıb, təhqir edib, məzarlarımızı yerlə-yeksan edib, amma özünü İslam dövləti adlandıran İran nəinki etiraz edib, hətta ermənilərlə birlikdə insanlarımızın əmlakını talayıb, ərazilərimizdə narkotik yetişdirilməsi, ticarəti ilə məşğul olub. İranın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan əleyhinə atdığı addımlar məlumdur. 27 nəfər İran vətəndaşının qanunsuz olaraq Xankəndinə keçməsi də İranın Azərbaycana qarşı növbəti mənfur planından xəbər verirdi. Amma nə təxribatlar, nə təhdidlərlə nəyəsə nail olacağını anladıqdan, eyni zamanda Azərbaycandan aldığı daha sərt cavab və adekvat addımlardan sonra rejim ritorikasını yumşaltmağa başladı. Məsələn, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının Türkiyədə keçirilən iclası çərçivəsində İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündən sonra bildirdi ki, "son vaxtlar Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranmışdı ki, bu problemlər həll olundu, qərara alındı ki, mən gələcəkdə Bakıya səfər edim. Habelə bu görüşlərin davam etdirilməsi də qərara alındı".
Amma görüş barədə İran mətbuatında yayılan məlumatlardan bəlli oldu ki, o, "İran Qafqaz regionunda sərhədlərdə heç bir geosiyasi dəyişikliyi qəbul etmir" açıqlamasını verib. Eyni yanaşma bu ölkənin xarici işlər naziri səviyyəsində də səsləndirilib. Söhbətin Zəngəzur dəhlizindən getdiyi məlumdur. Zəngəzur dəhlizi İran üçün qorxulu yuxuya çevrilib. Rejim hər vasitə ilə buna əngəl olmağa çalışır. Amma İranın, hətta Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq. Birincisi, bu, 10 noyabr üçtərəfli bəyanatda əksini tapıb. İkincisi, dəhlizin açılması beynəlxalq səviyyədə də dəstəklənir. Çünki bu, həm lokal, həm regional, həm də qitələrarası əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialına malikdir.
İran iki gün əvvəl dostu Ermənistanla Tehran və İrəvan arasında qardaşlaşmış şəhərlər haqqında anlaşma sənədi imzalayıb. İrəvan meri Qraçya Sarkisyan bu məqsədlə Tehranda səfərdə olub. Sənəd yanvarın 18-də Tehran meri Əlirza Zakani, İrəvan meri Sarkisyan və Ermənistan səfiri Arsen Avaqyanın iştirakı ilə Tehrandakı "Milad Tower" konfrans mərkəzində imzalanıb. Mərasimdə çıxış edən Zakani deyib: "İran İslam Respublikasının tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq".
İran hakimiyyəti əslində bu addımla bir daha ikiüzlülüyünü, riyakarlığını özü ifşa etmiş oldu. Hər üç iranlıdan birinin məhz Azərbaycan türkü olduğunu, Ali rəhbər Əli Xamneinin özünün də azərbaycanlı olduğunu nəzərə alsaq, İranın hələ də işğalçılıq iddialarından əl çəkməyən, İslam abidələrini təhqir edən Ermənistanı dəstəkləməsi bu ölkə üçün yumşaq desək, ayıb, utancverici deyilmi?! Ermənistanla yaxınlaşma Tehrana nə verə biləcək? Cavab məlumdur - heç nə. Sadəcə İranın özü kimi terrora qucaq açan, riyakar siyasət aparan, türkü özünün düşməni sayan Ermənistanla Azərbaycana görə yaxınlaşması heç kimə sirr deyil. Rusiyaya arxa çevirib, Qərbə üz tutan Ermənistanın isə Qərbin üz çevirdiyi İranla yaxın münasibətləri bu ölkənin iç üzünü bir daha bəlli edir. Tehran-İrəvan münasibətlərində təbii ki, bundan sonra da hansısa addımlara şahdlik edəcəyik. Bəlli olan budur ki, İranın maskası artıq yırtılıb, onun Azərbaycana və azərbaycanlılara qarşı həqiqi siması üzə çıxıb. Bundan sonra nə etsə də, "dost", "qardaş ölkə" və s. barədə açıqlamalar versə də, heç nəyi dəyişə bilməyəcək. Çünki İran Azərbaycana düşmən olduğunu özü sübut etmiş oldu.