|
|
|
|
Deyirlər ki, əslində ötəri heç bir şey yoxdur. Baş verən hər kiçicik olayın belə bir mənası var. Hətta təsadüfün zərurətdən doğması barədə bütöv nəzəriyyələr mövcuddur. Bu məntiqə əsaslanaraq, artıq beşinci dəfə Şəkidə böyük təntənə ilə keçirilən və dünyanın müxtəlif ölkələrindən bir çox sanballı musiqi kollektivlərini və ifaçılarını öz ətrafına toplayan “İpək yolu” Beynəlxalq Musiqi Festivalı çərçivəsində bədahətən baş tutmuş bir görüş – konsert haqqında ayrıca danışmaq istərdim. Çünki zənnimcə bu olay həm də son illər ən yüksək səviyyədə uğurla həyata keçirilən mədəni siyasətimizin parlaq bir təzahürüdür.
Haqqında söhbət açdığımız görüşün təşəbbüskarı isə uzun illərdir Kanadada yaşayıb-yaradan həmyerlimiz – bəstəkar, dirijor, əslən Şəkidən olan qüdrətli bəstəkarımız Cövdət Hacıyevin oğlu, Amerika qitəsində milli musiqimizin yorulmaz təbliğatçısı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıyev oldu.
İsmayıl Hacıyev xaricdə yaşayıb bir an da olsun doğma Vətənini unutmayan dəyərli ziyalılarımızdandır. Onun dirijor və bəstəkar kimi milli musiqimizin təbliğindəki xidmətləri və aramsız fəaliyyəti isə zənnimcə ayrıca bir araşdırma mövzusudur. Lakin biz bu kiçik yazımızda bəstəkarın elə bilavasitə irimiqyaslı layihələrindən doğmuş bir xidmətini diqqətə çatdırmaq istərdik.
Məhz İsmayıl Hacıyevin təşəbbüsü ilə V Şəki Beynəlxalq Musiqi Festivalı çərçıvəsində bu möhtəşəm incəsənət bayramına təşrif buyurmuş bir sıra qonaqlarla festivalın son günü – iyulun 5-də Şəki Musiqi Kollecində görüş keçirildi. Görüşdə qonaqlar – İsmayıl Hacıyev, Polina Desyatniçenko, Elena Göyçayeva, habelə Şəki musiqi kollecinin müəllimləri Tale Yusubov, Aslan Mustafazadə və tələbələri Nuranə Bəkirova, Aynur Tağıyeva, Allahverdi Abdurahmanovun ifasında Cövdət Hacıyev, Tofiq Quliyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Aqşin Əlizadə, Emin Sabitoğlunun ölməz əsərləri böyük şövqlə səsləndirildi.
Bədahətən düzənlənmiş bu unudulmaz musiqi məclisinin ən maraqlı məqamı isə Kanadada boya-başa çatmış və hazırda Toronto Universitetində təhsil alan gənc etnomusiqişünas-alim, İsmayıl Hacıyevin tələbəsi Polina Desyatniçenkonun biri-birindən gözəl və təsirli çıxışları oldu.
Polina Azərbaycan musiqisini, muğamlarımızı ilk dəfə Kanadada – Toronto və Niaqara şəhərlərində İsmayıl Hacıyevin təşkil etdiyi konsertlərdə eşidib. İlk dəfədən, özünün dediyi kimi, bu sirli və ecazkar sənətin təsirinə düşərək onu dərindən öyrənib araşdırmaq qərarına gəlmişdir. İsmayıl müəllimin tövsiyəsi ilə o, Azərbaycan muğamını öz doktorluq dissertasiyasının mövzusu seçmişdir. Bu məqsədlə Bakıya gələrək 11 ay ərzində ilk öncə ana dilimizi və tədricən ustad sənətkarlardan, o cümlədən Ramiz Quliyevdən tar çalmağı öyrənmişdir.
Şəki Kollecində Polinanın tarda ifasında həm muğamlar, həm də bəstəkar əsərləri səsləndi. Doğrusu, İsmayıl müəllimin bu gənc qızın qısa zamanda muğamlarımızı mənimsəyib gözəl ifa etməsi ilə bağlı rəyinə ilk öncə ehtiyatla yanaşdım. Tamamilə başqa, yad musiqi mühitində tərbiyə almış bir insanın çox az bir müddətdə muğam kimi fərqli və mürəkkəb musiqi dilinə yiyələnməsinə bir qədər şübhə etdim. Lakin Polinanın ifası şübhələrimi alt-üst etdi. Onun böyük hissiyyatla, duyğu və ən əsası səliqə-sahmanla çaldığı Səid Rüstəmovun “Oxu, tar” mahnısı və onun daxilinə salınmış “Bayatı-Şiraz” muğamı, habelə “Şur” muğamından bir hissə sözün əsl mənasında hamımızı heyran etdi. Eyni zamanda, yaxşı vokal səsə malik olan Polina İsmayıl Hacıyevin pianoda və Elena Göyçayevanın skripkada ilhamlı müşayiəti altında Tofiq Quliyevin məşhur “Bəxtiyar” kinofilmindən “Qızıl üzük”, “Sevgilim” mahnılarını, habelə Əli Səliminin nisgilli duyğularla aşılanmış “Ayrılığını” elə hərarətlə oxudu ki, hətta zaldakıları kövrəltməyə müvəffəq oldu. Onun təmiz diksiyası və milli musiqi intonasiyasına ürəkdən bağlılığı heyrət doğurmaya bilməzdi.
Şəkidə olduğu qısa bir zamanda ona vurulmuş və hətta bu füsunkar diyarı tərk etməkdən duyğulanmış qonaqlar dinləyicilərə bir musiqi sürprizi də bəxş etdilər. Görüşün sonunda İsmayıl Hacıyev və Polina Desyatniçenkonun ifasında Tofiq Quliyevin məşhur “Bakı haqqında mahnı”sının Şəkiyə həsr olunmuş yeni sözlərlə təqdimatı bu təsirli görüşün hərarətini bir qədər də artırdı və onun unudulmaz anlarının nə bizim, nə də şəkililərin xatirəsindən hələ uzun zaman silinməyəcəyinə gözəl bir sübut oldu.
Lalə HÜSEYNOVA,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas