|
|
|
|

Şabran bölgəsində qədimdən-qədim yurd yerləri çoxdur. Adi Dədə Qorqud boylarından boylanan bir ulu kəndimiz də dağlar qoynundakı Qorğan kəndidir. Tariximizin uzaq keçmişindən soraq verən mənbələrdə Qorğan adına da rast gəlinir.
Bu kənddə yaşayan köklü-köməcli ailələrdən biri də Balabəyovlar idi. Ailənin başçısı Bababəy kişi ağır dava illərində cəbhədə faşistlərlə vuruşan atasının, qoşa qardaşlarının yerini tutub evlərinin başıpapaqlısına çevrildi, kolxozun bütün işlərinə əl-ayaq verdi, yer şumladı, taxıl əkib-biçdi, fermada mal-qaraya baxdı.
Bəzi ailələrdə tək övladının öhdəsindən gələ bilməyən, cəmiyyət üçün yetişdirə bilməyən valideynlər olsa da, Balabəy kişi ömür-gün yoldaşı ilə on iki övlada yiyəlik edib böyütdülər, balalarını əziz bilsələr də, tərbiyələrini ondan da əziz bildilər.
Hər axşam çöldən-bayırdan əl-ayaq yığışandan sonra oğul-uşağı başına yığan ata onların sabahkı dərslərə hazırlıqları ilə maraqlanardı: -Oxuyun, oxuyun, - deyərdi, - oxuyun, adam arasına çıxın. Məni müharibə qoymadı təhsil alım, sonra da ailə yükü... Siz isə oxuyun, adam arasına çıxın...
İllər illərə qovuşdu, kənd məktəbini qurtaran Balabəy kişinin övladları da arzularının qanadlarında yuvalarından pərvazlanan quşlar kimi ata ocağından çıxdılar.
Dörd illik tələbə həyatından sonra evin böyük oğlu Eyyub kəndə müəllim kimi qayıtdı. Atanın sevinci-fərəhi yerə-göyə sığmırdı. Axı, oğlu oxuyub müəllim olmuşdu və Balabəy kişinin fikrincə, ən hörmətli, nüfuzlu peşə məhz müəllimlik idi, təkcə məktəbdə dərs dediyi şagirdləri deyil, balacadan tutmuş ağsaqqalacan kənddə hamı müəllimlərlə qarşılaşanda salamlaşırlar, yol verirlər. Hətta kənddə külli ixtiyar sahibi olan sovet sədri, sovxoz direktoru məclisdə müəllimləri başa, öz yanlarına çəkib oturdardılar.
Eyyub müəllimin sinfə girdiyi elə ilk gündən dərin savadı, pedaqoji bacarığı, bir də insanlara, istər özündən yaşlı, istərsə də cavan, səmimiyyəti, mehribançılığı ilə yaxşı bir insan, gözəl bir pedaqoq kimi tanındı, tezliklə dərs hissə müdiri vəzifəsinə irəli çəkildi, iş təcrübəsi öyrənilib rayon məktəblərinə yayıldı. Bu qabaqcıl, tanınan müəllimi şəhər məktəbinə işləməyə dəvət etdilər. Eyyub müəllim burada böyük bir kollektivdə də fərqləndi, təkcə dərs dediyi şagirdlərin, onların valideynlərinin deyil, birgə çalışdığı iş yoldaşlarının da sevimlisinə çevrildi, həm də fəal ictimaiyyətçi kimi özünü tanıtdı və onu Dəvəçi Rayon Partiya Komitəsinə işə dəvət etdilər. Az sonra Eyyub müəllim komitədə şöbə müdiri vəzifəsinə irəli çəkildi.
O illər partiyanın məmurlarına rəsmi müraciət forması kimi "yoldaş" deyə xitab edirdilər. Lakin "yoldaş Balabəyov" əvəzivə ona sadəcə "Eyyub müəllim" deyiləndə "yoldaş Balabəyov" daha məmnun olur, razı qalırdı. Axı, o, qəlbən müəllim idi və yüksək partiya postunda da öz müəllim sadəliyini qoruyub saxlayırdı.
Tale elə gətirdi ki, mən iki-üç iləcən Eyyub müəllimlə bir növ iş yoldaşı olmuş, bir binada çalışmışıq. Hər gün ünsiyyətdə olmuşuq. Eyyub müəllim həm də partiya komitəsi aparatının həmkarlar təşkilatının sədri idi və həmkarlar təşkilatının sədri kimi Eyyub müəllim sıravi üzvlərə - aparatın texniki işçilərinə, xadimələrə qarşı daha diqqətli, həssas idi. O illərdə raykom aparatının kollektivi üçün norma ilə ümumi mağazalarda satılmayan ərzaq məhsulları, az tapılan mallar ayrılardı. Yadımdadır, verilən mallar azlıq edəndə Eyyub müəllim öz payını onlara verərdi və həmin texniki işçilər, xadimələr Eyyub müəllimin öz payından imtina etməsinə razı olmayanda bu geniş qəlbli insan onları az qala dilə tutar, arxayın salardı ki, narahat olmasınlar, zəng edib özü üçün əlavə ərzaq istəyəcək.
Təbii ki, heç bir zəng-filan olmurdu, bütün bunlar Eyyub müəllimin ərzaq payına sahib çıxanların narahatlıqlarına son qoymaq üçün deyilmiş söz idi...
Bəli, o tikəsini özgəsindən əsirgəməyən belə bir qəlb yiyəsi, ürəyi düz, ürəyi saf insan, iş yoldaşı idi.
Eyyub müəllim sözü ilə də, işi-əməli ilə də həmişə yaxşılıq etməyə, savab qazanmağa çalışan adamlardan idi.
Belə bir hədis var.
Həzrəti Məhəmməd (ə) bir gün yol gedəndə qoca bir qarının ağır bir şələni dəvənin belinə qoya bilmədiyini gördü. Peyğəmbər (ə) tez özünü çatdırıb şələni qaldıraraq dəvənin belinə qoydu, sonra da qarı nənəyə təşəkkür etdi, razılığını bildirdi.
O Həzrəti tanımayan qarı təəccüblə:
-Ay oğul,-dedi,-gərək mən sənə öz təşəkkürümü bildirəm.
Qarının bu sözləri qarşısında peyğəmbərimiz belə cavab verdi:
-Mən bu yolu əliboş gedəcəkdim. Şükür ki, sənə rast gəldim, azacıq da olsa köməyinə çatıb savab qazandım...
Eyyub Balabəyov da vəzifəsi, səlahiyyəti imkanında çalışırdı ki, ona müraciət edənlərə dayaq dursun, xahişlərinin, müraciətlərinin müsbət həllinə yardımçı olsun.
Halallığı-düzlüyü ilə yanaşı həm də iman-quran yiyəsi olan atası Balabəy kişinin öyüd-nəsihətləri, məsləhətləri həmişə qulaqlarında idi: "İnsanı tanıdan, adını qaldıran, ucaldan elin alqışı olur. İşinlə-əməlinlə sən də elin alqışını qazananlardan ol, oğlum!..."
Beləcə raykomda çalışdığı qısa bir vaxtda işgüzarlığı, təşəbbüskarlığı, ciddi nizam-intizamı, istər böyük, istər xırda - gördüyü işə ciddi münasibəti və məsuliyyəti, ən başlıcası insani ləyaqəti ilə, adi, sıravi vətəndaşların da dərin rəğbətini, hörmətini qazanan, ədəb-ərkanı, mehribançılığı, səmimiyyəti ilə "quru, özlərinin yerişləri, davranışları ilə az qala birinci" şəxsə oxşatmaq istəyən bəzi iş yoldaşlarından çox-çox fərqlənən, sakit, təmkinli, ağır oturub, batman gələn bu cavan kadrın vəzifə pillələrində işıqlı gələcəyinə hamı inanırdı.
Doğrudur, paxıllar, gözü götürməyənlər də var idi, ancaq sən demə, onun ən böyük paxılı yaxında, pusquda duran kəmfürsət ölüm imiş və Eyyub müəllim 1986-cı ilin dekabrın 12-də yaşı heç qırxı haqlamamış qəflətən dünyasını dəyişdi... Bu ölüm təkcə qohum-qardaşlarının, doğmalarının, əzizlərinin yox, Eyyub müəllimi bütün tanıyanların ümumi yası, hüzrü oldu.
Sevdiyim şair Ramiz Rövşənin misralarıdır:
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında,
Gedənlərin əzizdimi?
Eyyub Balabəyov kimi insanların adları isə yəqin ki, "qalanların" - Eyyub müəllimlə bircə kərə də olsa, ünsiyyətdə olanların yaddaşında həmişə əzizdir.
İndi Eyyub müəllimin oğlu Mehdi Balabəyovun ocağında yeddi yaşlı bir Eyyub böyüyür. İllər keçəcək, böyüyüb boya-başa çatan, insanlar arasına, cəmiyyətə çıxan Eyyub babasının adına layiq bir oğul, vətəndaş olacaq. Axı, babasının adını yaşadırsa, onun arzu və əməllərini də yaşatmalıdır!...
Şabran



