|
|
|
|

(Əvvəli ötən sayımızda)
Ulu Öndərimiz sağlığında bir ənənə qoymuşdu. Bir qayda olaraq, o mühüm dövlət tədbirlərinin bədii hissəsi başa çatdıqdan sonra səhnə arxasına keçir və incəsənət xadimləri ilə hal-əhval tutur, onlara təşəkkür edir, çıxışlarına dəyər verir və sonda şəkil çəkdirirdi.
Bu dəfə də belə oldu. Ulu Öndər Laləzar Mustafayevaya yaxınlaşanda şeirin müəllifini soruşdu. Laləzar xanım cavab verdi ki - Zəlimxan Yaqubun şeiridir.
Onda Ulu Öndər bildirdi ki, bu şeir məndə yoxdur və sual verdi ki, şeir nə vaxt yazılıb, Laləzar xanım cavab verdi ki - bu yaxınlarda yazılıb, yəqin ona görə Sizə çatdırılmayıb.
Sonra Ümummilli Liderimiz bildirdi ki, şeir də yaxşı yazılıb, sən də yaxşı oxudun.
Və bu yazımı Ümummilli Liderimiz Heydər Əliyevin 2000-ci ildə Zəlimxan Yaqub haqqında dediyi sözlərlə davam etdirirəm. "Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız....
Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız...
Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək, təbiətimizin füsunkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyiniz misralar oxucular tərəfindən hüsnü-rəğbətlə qarşılanır...
Əminəm ki, yaradıcılığınızın ən məhsuldar dövrü hələ qabaqdadır".
Diqqət yetirin, nə qədər dəqiqliklə və uzaqgörənliklə deyilmiş ifadə.
Doğrudan da, Ulu Öndər dediyi kimi, Zəlimxan Yaqub Azərbaycan poeziyasının incilərini, şah əsərlərini "Böyük ömrün dastanı"nı, " Əbədiyyət dastanı"nı, "Peyğəmbər"i yaratdı. "Poeziyamızın hökmdarı (Xəlil Rza Ulutürk)" Zəlimxan Yaqub bu inciləri Heydər Əliyev bu sözləri deyəndən 3 il sonra yaratdı.
Bu əsər təkcə dastan deyil, şairin Ulu Öndər haqqında yaratdığı əbədi abidədir.
"Məndən soruşsalar ki, məhəbbətə, cəsarətə, sədaqətə, sənətə, təfəkkürə, fəlsəfəyə, poeziyaya heykəl qoymaq istəyirik, Kimin heykəlini qoyaq? Deyərəm Heydər Əliyevin". (Zəlimxan Yaqub)
Zəlimxan Yaqub Heydər Əliyevə həsr etdiyi bu abidəni-"Böyük omrün dastanı"nı 15 günə yaratdı. Onun özü bu dastanın yaranmasını belə xatırlayır:
"Ölümünə heç vaxt inanmadığım, ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı döyən qəfil qara xəbər, hamı kimi məni də dərindən sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələm götürdüyümdən heç özümün də xəbəri olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam".
Maraqlı bir məqam:
Z.Yaqubun "Əbədiyyat dastanı"nın məzmunu, mövzusu, onun poetik dili sənətkarın qüdrəti haqqında çox söz deyilib. Bu təbiidir. Daha maraqlısı odur ki, artıq Dastanın özü tədqiqat obyektinə çevrilib və bu Dastana şair, publisist Əli Rza Xələfli "Ölməzlik nəğməsi" adı ilə irihəcmli əsər yaradıb. Bu əsərin özü də "Əbədiyyət dastanı" kimi istər ictimai-siyasi, istərsə də ədəbi mühitdə hadisə kimi qəbul olunub.
Ümumiyyətlə, tarixi şəxsiyyətlər haqqında, özü də Heydər Əliyev kimi xalqın qanına, canına hopmuş, ürəklərə köçmüş, dahi bir şəxsiyyət haqqında əsər yazmaq həm çətindir, həm də məsuliyyətli. Burada obraz yaratmaq çox çətindir. Çünki Heydər Əliyev obrazı xalqın qəlbində artıq obrazlaşmışdır və bundan fərqli bir obraz yaranarsa, əsər qəbul olunmaz. Sadəcə Heydər Əliyev böyüklüyünü qələmə almaq üçün poetik qüdrət, ustalıq tələb olunur ki, Zəlimxan Yaqub da bu vəzifənin öhdəsindən ustalıqla gəlmişdir.
Bu bir də ondan irəli gəlir ki, Zəlimxan Yaqub uzun illər Heydər Əliyevi müşahidə etmişdi, onu zərrə-zərrə öyrənmişdi, onun bir ata kimi, bir rəhbər kimi, bir Prezident kimi qayğısını hiss etmişdi.
Zəlimxan Yaqubun Heydər Əliyev haqqında danışdıqlarından:
"İstər xarici səfərlərdə, istər Azərbaycanda, istər şəxsi görüşlərimizdə ona olan ulu sevgim, güclü rəğbətim, böyük məhəbbətim məni rahat buraxmadı. Xəyalən yenidən Çin səddinə qalxdım, "Manas" dastanının 1000 illiyində türk ruhunun qəhrəmanlıq dünyasına baş vurdum, Kəbədə qara daşın yanında onun elədiyi duaları xatırladım. Gördüm ki, bu insan tarixdə tarix yaratmağa qadir olan son min ilin yetirdiyi ən böyük Vətən oğlu, millət qəhrəmanı, xalq fədaisidir".
Bax belə böyük bir məhəbbətlə, sevgiylə yaradılmış bu dastanların hər bəndində, hər sətrində, hər sözündə bu məhəbbəti hiss edirsən, bu sevgini duyursan:
Eşqə qadağa yox, sevgiyə sərhəd,
Xatirən canlıdır, şöhrətin diri,
Ömrünün mənası millətə xidmət,
Adının mənası Allahın şiri.
- deyən şair "Böyük ömrün dastanı"nın Divanisini - Proloqunu bu bəndlə başlayır.
Dastanın Giriş sözü və Proloqu da daxil olmaqla, 31 boydan ibarətdir. Bunların hər biri Böyük öndərin mənalı və təkrarsız ömrünün səhifələridir. Müəllif dastanın hər bir boyunda Ulu öndərin xarakterini açmağa çalışır və buna məharətlə nail olur.
Dastanın "Qara xəbərin acısı" bölümünə diqqət yetirək:
Yuxudan qaldırdılar,
Məni, dərin yuxudan.
Rəngim ağappaq oldu
Səksəkədən, qorxudan.
Gördüm başımın üstə,
Dayanıb Bəhlul balam...
"Xəbər verdilər, ata,
Köçdü Heydər Əliyev,
Vida dedi həyata"
Bu söz başımın üstə,
Çaxdı ildırım kimi,
Parçaladı sinəmi,
Dağıtdı şırım kimi.
- deyən şair növbəti "Heydər köçdü" deyəndə" bölümündə artıq xalqa üz vermiş bu böyük kədərin miqyasını ürək çırpıntıları ilə ifadə edir. Özü də folklorun bütün formalarında:
Ağı deyir:
Dərk edəndə dərindən,
Bu amansız ölümü,
Bu amansız saatı,
Axdı dodaqlarımdan,
Ürəyimi yandıran,
Layla, ağı, bayatı,
Tutdum,laylaya tutdum,
Səkkiz əsrə sığmayan,
Səksən illik bir ömrü
Səksən illik həyatı.
Bayatı çağırır:
Şam söndü, şöləsi yox,
Gözümün giləsi yox,
O qədər dərd görmüşük,
Dərd olar, beləsi yox.
Qoşma qoşur:
Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın, yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,
Dərdimiz ağırdı, yaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı?
Dastanın "Görən torpaq bilirmi?" bölümü Böyük öndərin dəfn mərasiminə həsr olunub. Bütün bölümlər kimi bu hissəni də oxuduqca, yenidən o müdhiş günlərə qayıdırsan, o anları yenidən yaşayırsan. Bir sözlə, şeiri həyəcansız oxuya bilmirsən, eyni zamanda oxuduqca şairin istedadına heyran qalırsan.
Dastanın "O, həyatı sevirdi", "Bir dahi doğulub gəldi dünyaya", "Gizli təşkilatda", "Zərifə sevgisi, Heydər sevinci", "Anamın əmanəti", "14 iyul bayramı", "Kremldə keçən ömür", "Naxçıvanda keçən günlər", "Onu zaman çağırdı", "Bakı görüşü", "Heydər "Xalq" deyəndə - Xalq "Heydər" dedi", "Prezident ömrünün son saatları", "Gedən millətdən gedir", "Ata Heydər - Atatürk", " Ölməzlik", "Sənin yerin görünəcək", " Səni Allah qorudu", "Ən böyük abidənin ölməz adı sevgidi", "Son görüş, son ayrılıq", "Başın sağ olsun, Vətən", "Səndən sonra", "Bu dərdi mən yazmadım", "Minnətdarlıq" bölmələri Böyük insanın keşməkeşli, mübarizələrlə dolu həyat yolunun ayrı-ayrı illərinin, günlərinin, anlarının, məqamlarının salnaməsidir və bunların hər biri sözün birbaşa mənasında yüksək sənətkarlıq nümunələridir.
Kiçik bir haşiyə: 2003-cü il dekabr ayının son günləri idi. Xalq şairi Zəlimxan Yaqub, o vaxtlar, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən, hörmətli ziyalımız, şairin qohumu və dostu Məhəbbət Qaradağlının dəvətilə Mingəçevirə qonaq gəlmişdi. Axşam bir neçə ziyalı ilə birlikdə süfrə arxasına yığışdıq. Mən də həmin məclisdə iştirak edirdim. Yüngül şam yeməyindən sonra şair bildirdi ki, Ulu Öndərimizə həsr etdiyi "Böyük ömrün dastanı"nı yenicə tamamlayıb və onu oxumaq istəyir.
Hamının diqqəti ona dikilmişdi. Şair dastanı oxuduqca, haldan-hala düşürdü, sanki əsərin hər bir hissəsini yaşayırdı. Gecədən xeyli keçmişdi. Şair əsəri oxuyub tamamlayandan sonra məclisə müraciət edərək rəy soruşdu. Məclisdə iştirak edənlərin hamısı heyrətdən donub qalmışdı.
Handan-hana müəyyən fikirlər səsləndi. Şair səslənən hər bir fikrə münasibətini bildirir, bununla yanaşı, dastanın hansı hissələrinə yenidən qayıdacağını özünə qeyd edirdi.
Səhər tezdən biz yenidən çay süfrəsinə toplaşdıq. Şair axşamkına nisbətən daha şən, daha gümrah görünürdü. Bir azdan şair dastanı yenidən, artıq təkrar işlənmiş variantda oxudu. Demək olar ki, dastanın son iki bölməsi təzədən işlənmişdi. Sən demə, şair bütün gecəni yatmayıbmış.
Bu dərdi mən yazmadım,
gözümün yaşı yazdı,
Qəlbimin qaynar qanı,
bağrımın başı yazdı.
Tarixin qədim kökü,
elin yaddaşı yazdı.
Onu ağı, bayatı, qoşma
dastan elədi.
- deyən şair əsərin "Minnətdarlıq" hissəsində sanki "Müxəmməs"ə qalxır:
Bu gün sənin dastanını,
Parça-parça yazan mən,
Bu dastanın
"Vücudnamə" parçası var.
Bu dastanın
"Qıfılbənd"i, "Müəmmas"ı,
Xeyri, şəri, toyu, yası,
Bu dastanın
"Divani"si, "Müxəmməs"i
Və sonda:
Yazacağam nə qədər ki,
Canda ruh var,
ruhda can var,
Bu dastanın hər sözündə,
cümləsində,
Səni sevən, səni duyan,
Zəlimxan var,
Həsrətini çəkəcəyəm
illər boyu,
Kövrək qəlbim oyum-oyum
oyulacaq,
Eşqin ilə yaratdığın
bu dastanın,
Son nöqtəsi mən öləndə
qoyulacaq.
Fikirləşirəm. Görəsən, Böyük öndərə olan böyük sevginin bu dastandan gözəl ifadəsinin oxşarı varmı?
Təbii ki, bu kiçik bir yazıda Ulu Öndərin böyük ömrünə həsr edilmiş bu möhtəşəm əsərlərin məziyyətlərini açmaq mümkün deyildir.Bu əsərlər Xalq şairi Zəlimxan Yaqubun Ulu ondərə həsr etdiyi ,sevə-sevə yaratdığı əbədiyyət dastanlarıdır. Mən çalışdım ki, hər iki dahi şəxsiyyətə olan sevgidən yaranmış bu yazı ilə oxucuya nəyi isə çatdıra bilim. Əgər buna zərrə qədər nail oldumsa, özümü xoşbəxt hiss edərəm.
Ramiz GÖYÜŞOV



