Çoxdan idi ki, belə bir sual barədə düşünürdüm: bəlkə biz də müsabiqə keçirək, sevimli məmur yarışmasına başlayaq?
Səmimi deyirəm – mövzu içimdə bəslənirdi, amma yazmağa qərar verə bilmirdim. Azərbaycan yazıçılarının 12-ci qurultayında Fatma xanım Abdullazadənin yazıçı ürəyindən “tikan çıxaran” dolğun və məntiqli çıxışı, daha sonra Hadi Rəcəblinin “Xəzər” telekanalındakı səhər verilişində çox təmkinli və dəyərli müsahibəsi və nəhayət, mənim də iştirak etdiyim Lənkəran və Astara ziyalıları ilə görüşlərdə Kamal Abdullanın Azərbayçançılıq, qloballaşma, multikulturalizm, humanitar problemlər ətrafında açıq, səmimi və peşəkar söhbətləri bu istəyimə həvəs qatdı, düşüncələrimi oxucularla bölüşmək qərarına gəldim.
Bəri başdan deyim ki, hər üç dövlət məmurunun sevdikləri işə şüurun və yaradıcı təfəkkürün işığında yanaşmaları, elmi-siyasi dünyagörüşləri, bilik və təcrübələri mənim üçün təəccüb doğurmur, əslində belə də olmalıdır- məmurlar həm də sadaladığım cəhətlərə görə nüfuz sahibi olublar və “sevimli məmur” birləşməsini də onların sosial-mənəvi portretinə uyğun ifadə hesab edirəm. Lakin mənim uzun illər öləzimiş heyrətimin gözlərinə sözün əsl mənasında işıq gətirən adlarını çəkdiyim bu üç dövlət məmurunun idarəçilikdə çox vacib sayılan daha bir maraqlı tərəfi oldu: onların hər üçünü (görüşün yeri, auditoriyası, çıxışlarının məzmunu müxtəlif olsa da!) birləşdirən bir dəyər də vardı- peşəkarlıq mədəniyyəti!
Bəli, bəli, peşəkarlıq özü də bir mədəniyyətdir! Xüsusilə dünyanın çox incə, həssas və qorxulu vaxtında – vətəndaşımızın bu günü, gələcəyi, inkişafı üçün zəruri olan potensialı qoruyub saxlaya bilmək, möhtəşəm və təcrübəli dövlət aparatını, təkmil hərbi, iqtisadi, mədəniyyət, idman, təhsil, səhiyyə, biznes, xidmət və s. strukturları qorumaq, yeni şəraitdə və yeni dövrdə vətəndaş zəkasının irəliyə yürüşünün qarşısını almamaq, hökumətimizin əməli tədbirlərinə əngəl yaratmamaq üçün çox zəruri atributdur! Axı biz indi elə bir dövrdə yaşayırıq ki, həyat tərzimiz, mədəniyyətimiz, mentalitetimiz, bir sözlə, xırda məişət dəyərlərimizdən tutmuş ta siyasi-ictimai mədəniyyətimizə qədər hər şeyimiz çox böyük maraq doğurur; dünyayi-aləm bizə baxır, bizdən təkcə təbii sərvət yox, həm də mənəvi sərvət götürmək istəyir, mədəni-mənəvi dəyərlərimizdən öyrənmək istəyir. Axı bu dəyərlər fonunda cəmiyyətimizin siması formalaşır! Dövlət məmurunun siması cəmiyyətin siması deməkdir, cəmiyyətin siması elə dövlət məmurunun siması deməkdir! Nəhayət, biz, xüsusilə mötəbər söz və qələm adamları, “məmur” anlayışına barmaq arası baxmamalıyıq, sağlam düşüncəylə yaxşıya “yaxşı”, pisə də “pis” deməyi bacarmalı, möhtərəm Prezident İlham Əliyev cənablarının uğurlu kadr təyinatlarını təqdir etməli, ona təşəkkür etməyi öyrənməli, yerində olmayan məmurları isə nişan verməli, onların arzuolunmaz davranış və hərəkətlərini də ictimai qınaq atəşinə tutmalıyıq.
Mənim atam təpədən dırnağa sovet məmuru olub: komsomol, partiya, sovet orqanlarında yüksək vəzifələrdə çalışmışdı və o, öz məmurluq həyatından ömrünün sonunadək zövq alırdı. Yadımdadı, 1970-ci il idi (o zaman mən beşinci sinifdə oxuyurdum) atam şəhər sovetinin sədri işləyirdi, bir gün evə qanıqara gəldi, anama dedi ki, “məni istəmədiyim vəzifəyə göndərirlər”. Anam təəccüblə soruşdu:
–Hara?
–Konserv zavoduna direktor...
Anam bərk narahat oldu, çünki o, atamın qabiliyyətinə bələd idi, ondan istehsalat mütəxəssisi, ya da məmuru çıxmazdı...Necə oldusa, atam həmin vəzifəyə getdi. Üstündən heç bir il keçmədi, yenidən qayıtdı öz əvvəlki vəzifəsinə. Bircə bu yadımdadı ki, atam anama deyirdi:
–O yer mənlik deyil, orda gərək alış-verişi bacarasan, mənimki quru məmurluqdu, vəssalam...(Bəlkə də atam “duru məmurluq” deyirmiş, sadəcə o zaman anlamamışdım!).
Doğru sözümdür, o zamanlar mən və bacı-qardaşlarım atamızın necə böyük bir “məmur” olmasının fərqinə varmırdıq. (Əslində o dövrdə şəhər sovetinin sədri vəzifəsi “yağlı” sayılmasa da, statusuna göra konserv zavodunun direktorluğundan daha böyük idi!). Biz də hamı kimi məktəbə gedib-gəlirdik; birimiz anamızın demək olar ki, hər gün ütülədiyi pioner qalstukunu səliqə ilə taxır, birimiz komsomol biletini cibimizdə fəxarət hissiylə gəzdirir, birimiz də dərs oxuyur, çalışırdıq; mən tələbə olanda da atamın hansı vəzifədə olmasının fərqində olmamışam, bunu hiss eləməmiş və büruzə də verməmişəm. Açığı o zaman da atasının hesabına cürbəcür “Jiquli” maşınlarında gəzən qudurğan tələbələr vardı! O zaman da pula, var-dövlətə Allah kimi baxıb cızığından çıxan vəzifə sahibləri, məmurlar var idi! Belələri çox da uzağa gedə bilməzdi, necə deyərlər, əvvəl-axır “dərisinə saman təpərdilər”. Atam həmişə deyərdi ki, suyu da gərək üfürə-üfürə içəsən, onda başın da, ailən də, qohum-əqrəban da salamat olar. Yox, o, qorxaq adam olmayıb! O, sadəcə abırlı adam idi! Onu ilk vaxtlar başa düşməsəm də, sonradan bildim ki, atam düzgün yol seçibmiş; bunu da bildim ki, sən demə, atam “böyük vəzifə sahibi, nüfuzlu məmur olubmuş”. Və mən indi də onun xeyirxah əməlləri və vicdanlı peşəkar məmur fəaliyyəti barədə eşidəndə qürur duyuram.
Tarixin müxtəlif dövr və mərhələlərində ictimai-siyasi və dövlət quruculuğu proseslərinə ötəri də olsa nəzər salsaq, görərik ki, bizdə çox gözəl məmurluq ənənələri olub və var; bu ənənəyə sədaqət də bir mədəniyyətdir; tanıdığım onlarla sağlam əqidəli məmurumuz var ki, məhz belə bir ənənəyə sədaqət göstərməklə həm ruh, həm də dövlət üçün faydalı hesab olunmalıdırlar. Yazdıqlarımda subyektivlik var, hər halda, bunların səmimi fikirlər kimi qəbul olunmasını istərdim.
İnsan həyatı süzülə-süzülə durulur və o, tədricən başlayır ətrafda baş verən prosesləri daha aydın görməyə. Məmurluq da belədir, təzə başlayanda təcrübəsiz olursan, nə etməli olduğun aydın olsa da, necə etməli olduğunu bilmirsən; bu prosesdə kimi öyrənir, təkmilləşir, yetkinləşir, kimi də öyrənmir, ya da öyrənməyə gücü çatmır və beləcə məmurluq onun üçün qaranlıq meşə kimi qalır. Mən qəti o fikirdə deyiləm ki, “bir çox məmurlar uğursuz pedaqoqlar, jurnalistlər, alimlərdir və s...” Belə düşünənlərə də bildirmək istəyirəm ki, məmur olmaq üçün də gərək ilk növbədə mədəni insan olasan, için də, çölün də bir-birini tamamlasın. Elə bu da peşəkarlıq mədəniyyətindən doğur. Təəssüf ki, indi belə məmurlarımız çox azdır.
Bu yaxınlarda dağ rayonlarının birinə getmişdim; yazıçı dostlarımdan biri məni həmin rayonun icra başçısına təqdim elədi. Başçı məndən yaşca xeyli cavan olsa da, heç tükünü belə tərpətmədi, üz-gözünü turşudub onsuz da “dağın başında”olan bədənini yellədə-yellədə kabinetinə girdi. Düzü hər ikimiz pərt olduq, sonradan rayon ziyalıları bizə dedilər ki, onun xasiyyəti belədir. Bura başçı gələndən girir kabinetə, heç kimlə təmas qurmur. Xeyrə-şərə yaramaz adamdır. Camaatdan qaçır, bütün günü kabinetdə oturur. Yazıçı dostum dedi ki, bu, hələ qonşu rayonun icra başçısının yanında toya getməlidir; o biri işə gələndə heç öz işçilərinin salamına cavab vermir. “Elə bilir üz-gözünü turşutmaq, qaşqabaq sallamaq, böyür-başında üç-dörd cangüdən gəzdirmək məmurluğun əsas göstəricisidir! Bunlar xalqdan uzaq düşdükcə xalqın etimadını itirirlər. Elə belələrinin uşaqları da bahalı maşınlarını saytlarda nümayiş etdirir, qudurğan hərəkətlərə yol verirlər”.
Belə hallar təəssüf ki, çox tez-tez baş verir, hər bir fəaliyyət sahəsində olur; məmura etimad göstərilir, səlahiyyət verilir, böyük vəzifə tapşırılır, di gəl, bir neçə aydan, ya da ildən sonra başlayır harınlamağa, hələ üstəlik övladları da qudurğan hərəkətlər edir. Nəticədə narazılıq yaranır, vətəndaşın haqqı tapdalanır, arzuolunmaz hadisələr baş verir. Mənim məqsədim Azərbaycan məmurunun gündəlik həyat mədəniyyətini araşdırmaq deyil; uzun illərin təcrübəsinə, yazıçı müşahidələrimə, üstəgəl təhsil səviyyəmə əsaslanaraq deyə bilərəm ki, bizdə “sevimli məmur” olmaq problemi var! Bizim müasir vətəndaşımız hər gün üzləşdiyi, təmas qurduğu sosial müdafiə məmurundan tutmuş ta yuxarı orqanlarda çalışan məmura qədər hər birinin simasını keyfiyyətcə daha mükəmməl görmək arzusundadır!
Yeri gəlmişkən: belə bir Beynəlxalq Təşkilat var – Munisipial İnzibatçıların Beynəlxalq Assosiasiyası. Bu təşkilat dövlət məmurları üçün beş əsas prinsipdən ibarət əxlaqi kodeks hazırlayıb; qısaca desək, dövlət məmuru ilk növbədə vicdanlı, namuslu və qeyd-şərtsiz qanuna uyğun hərəkət etməlidir, ikincisi, münaqişəli situasiyaların həllinə düzgün yanaşma tapmağı bacarmalıdır, üçüncüsü, xidməti vəzifəsini və təmsil etdiyi idarənin prosedur normalarını vicdanla yerinə yetirməlidir, dördüncüsü, dövlət və munisipial siyasətinin müəyyən edilməsində kifayət qədər səriştəsi olmalıdır, sonuncusu da, kompromis əldə etməyi bacarmalı, ictimaiyyətə, topluma qarşı saymazyana hərəkətlərə yol verməməlidir.
Məmurun davranış mədəniyyətinin, onun xarici görkəmindən tutmuş nitq və yazı səliqəsinədək çox böyük maraq doğurması sirr deyil; bu cəhətlərin harmonik inkişafı cəmiyyəti də, həyatı da eyni dərəcədə sevimli və rahat edir. Davranış və rəftar mədəniyyəti, əxlaqi-mənəvi mədəniyyət və bu sistemdən olan digər mədəniyyət növləri – idarəetmə mədəniyyəti, siyasi mədəniyyət, etiket, protokol mədəniyyəti, dil mədəniyyəti və sair və ilaxır, məmurlarımızın demək olar ki, hər gün, hər saat üzləşə biləcəyi elementlərdir. Mənə elə gəlir ki, biz belə məsələləri də uşaqlarımıza erkən yaşlarından öyrətməliyik, dərsliklərimizdə bunlara da yer ayırmalıyıq. Yeri gəlmişkən bir haşiyə: çox təəssüf hissiylə qeyd edirəm ki, Azərbaycan dilinin tədrisi üzrə bizim orta ümumtəhsil məktəblərimizdə vəziyyət ürəkaçan deyil. Tələbə qəbulu üzrə keçirilən test və sınaq imtahanlarındakı nəticələrin təhlili, habelə bizim balaca və yeniyetmə vətəndaşlarımızın nitq və danışıq, yazı prosesində müşahidə olunan səhvlər sübut edir ki, gələcək nəsil hesab elədiyimiz balaca vətəndaşlar, yeniyetmələr yazılı və şifahi nitq mədəniyyətinə yetərincə yiyələnə bilmir, müxtəlif situasiya və ünsiyyət şəraitlərində Azərbaycan dilinin norma və qaydalarına düzgün əməl etmirlər. Onların tələffüz, leksik və üslub problemləri meydana çıxır, çox vaxt qrammatik qaydalara riayət olunmur, nitq mədəniyyəti, etiket qaydaları tez-tez pozulur, öz fikirlərini dəqiq və təsirli ifadə etməkdə çətinlik çəkirlər. Şagirdlərimiz, məzunlarımız (əksər hallarda!) həddən artıq kobud və üslub səhvləri buraxırlar, danışıq mədəniyyətini başa düşməkdə çətinliklərlə üzləşməli olurlar. Çox vaxt adi nəzakət qaydalarını belə unudurlar, ya da ifadə edə bilmirlər.
Bu yaxınlarda mən orta məktəblərin birində oldum; direktor məktəbin məzunlarından fəxarətlə danışır, ali məktəblərə hər il qəbul olunan məzunları ilə öyünürdü. O, mənə son iyirmi ildə məktəbi bitirmiş 10-11-ci sinif məzunlarının siniflər üzrə kollektiv şəkillərini göstərdi; hər albomdan təxminən otuz məzun və onların müəllimlərinin şəkilləri baxırdı: içi müəllim və direktor qarışıq demək olar ki, bütün məzunların üz-gözündən zəhrimar yağırdı, bir, ya iki nəfərdən başqa şəkildə hamı ciddi, qaşqabaqlı və işgüzar görkəmdə idi. Təbəssüm, gülər üz demək olar ki, görmədim. Zarafata salıb direktora dedim ki, bunlar şəkildə elə düşüblər ki, sanki hüzr yerinə, yaxud dəfnə getməyə hazırlaşırlar. Noolub, nə xəbərdir?! Axı gülümsəmək də bir mədəniyyətdir!
İlk baxışdan adi görünən və bizim çox vaxt diqqət yetirmədiyimiz bu məsələ insanın ümumi mədəniyyətinin tərkib hissəsidir və nəzərə alsaq ki, biz mədəni insanı məhz orta məktəbdə yetişdiririk və bu adam sonradan müxtəlif sahələrdə işləyəcək, (həm də məmur olacaq!) prosesdə Azərbaycan dilinin, Ədəbiyyatın tədrisinin bilavasitə mühüm rolunu, dərsliklərlə bağlı problemlərin də zəncirvari əlaqələrini görərik. Azərbaycan dilini təkcə imtahan və sınaq testləri xətrinə öyrənmək olmaz, bu, mədəniyyətə, həyat tərzinə çevrilməlidir.
Sözümün canı da budur ki, məmur həm də ana dilini gözəl bilməli, bu dildə qüsursuz danışmalıdır; axı dövlət məmuru bir çoxlarının düşündüyü kimi təkcə mütəxəssis deyil! O, təkcə işçi və ya icraçı da deyil! Bu adam dövlətin, hökumətin simasıdır, bu adam hökumət və dövlət adından danışır, yeri gələndə onu təmsil edir. Bu adam dövlətin və xalqın marağından çıxış edir. Bu məmur hər birimizin marağının müdafiəçisi və ifadəçisidir. Bu gün ola bilsin ki, hamı belə düşünmür; hətta bu təsəvvürlər çərçivəsində belə məmurun zahiri xarakteristikasından çox şey asılıdır. Bu mənada məmur davranışı, nitqi, xarici görkəmi, onun insanlara münasibəti, işə münasibəti və s. onun şəxsi nüfuzunu və hörmətini müəyyən edir. Bu, xırda məsələ deyil, bütün səviyyədə –yuxarı, orta və aşağı məmur təbəqəsi üçün çox önəmlidir.
Hərdən düşünürəm ki, görəsən nədən “məmur” anlayışına bu qədər antipatiya yaranıb? Adamların əksəriyyəti görəsən nə səbəbə “məmur” sözünə pis baxır? Qeyd edim ki, bu, etik məsələdir. Antipatiya da, simpatiya da bütövlükdə məmurun davranış və rəftarının, adamlar arasında, kollektivdə, məişətdə özünü necə aparmasının nəticəsidir. Əlbəttə, məmur dedikdə onun cəmiyyətdəki davranış və rəftarının zahiri təzahürləri ilə yanaşı, bu təzahürlərin mahiyyətini də nəzərə almaq lazımdır; mahiyyət isə bundadır ki, davranış və peşəkarlıq mədəniyyəti daxili əqidəyə, daxili mənəvi dəyərə, daxili mədəniyyətə çevrilsin. Sünilik hüsn-rəğbət yaratmır, məftunluq və heyranlıq yaratmır, əksinə, hər zaman antipatiya yaradır, ikrah hissi oyadır.
Əxlaqi mədəniyyət, davranış, etiket, həyat tərzi, məişət mədəniyyəti... bunlar məmurun gündəlik həyat mədəniyyətinin tərkib hissələridir. Bunlar təkcə ictimai-siyasi həyatda məmurun dövlət idarəçiliyində, inzibatçılıqda uğurlu peşəkar fəaliyyətinin göstəriciləri deyil, həm də iqtisadi, sosial, mədəni sahələrdəki fəaliyyətində mühüm şərtlərdir.
Hər bir idarənin, təşkilat və müəssisənin, hətta sənətin özünə xas olan xüsusiyyətləri var; bu xüsusiyyətlər peşəkar fəaliyyət zamanı xidməti situasiyalarda meydana çıxır, işgüzar münasibətlərdə də qəflətən özünü göstərə, mühitə və ətrafdakı havaya uyğun davranış normalarını diktə edə bilər. Bütün bunlar dövlət qulluğundakı məmur fəaliyyətinə də aiddir. Dövlət məmurunun mənəvi mədəniyyəti cəmiyyətin ümumi mədəni səviyyəsi ilə də şərtlənir, onun fəaliyyət sahəsi ilə də. Əxlaq normalarından fərqli olaraq etiket qaydaları bir qədər konkretdir- onları gərək biləsən və onlara riayət edəsən. Bunlar müəyyən vərdişlər tələb edir. Etiket əslində insanlar arasında münasibət və təmaslarda nəzakətli davranış qaydalarıdır. O yerdə ki, etiket qəbul olunur, orda etiket fəaliyyət göstərir, çünki etiketin dili bütün ordakı insanlar üçün aydın olmalıdır;
Avropa ölkələrində yaxşı maneralar institutları mövcuddur; bu institutlar müxtəlif səviyyədə, xüsusilə işgüzar münasibətlərdə insanın təmas qurmaq, ünsiyyət yaratmağının optimal model və kodifikasiyasını hazırlayırlar. Burda nəinki bütün səviyyədən olan insanların etiketi, onların geyim mədəniyyətindən tutmuş ta gözəl yazmaq, gözəl danışmaq mədəniyyətinə qədər bütün elementlər öyrənilir. Mədəni adamı mədəniyyətsiz adamdan fərqləndirən ilk növbədə onun dili, üslubu və danışıq manerasıdır. Bu keyfiyyətlər isə dövlət məmuru üçün daha vacibdir. Bunu nə üçün bir daha xatırladıram? Mən uzun müddət beynəlxalq təşkilatlarda çalışmışam, müxtəlif millətlərin nümayəndələri, məmurları, iş adamları ilə təmasda olmuşam, onları bizim yuxarı və aşağı dövlət məmurları ilə görüşlərdə müşayiət etmişəm. Təəssüratlarım zəngin, qarışıq, ürəkaçan, bəzən isə ağrılı olub. Lap bu yaxında xarici ölkələrin birindən qonağım gəlmişdi, ziyalı bir adam idi, onu bir təşkilatda mötəbər post tutan bir məmurla görüşdürəndə (halbuki həmin məmur özü xahiş elədi ki, qonağı onunla tanış edim!) qonaq əl uzadıb özünü təqdim elədi, adını dedi, bizimki isə heç adını demədi, gülümsəmədi, dodaqlarını belə tərpətmədi, əvəzində isə guya harasa tələsdiyini deyib aralandı. Qonaq belə bir post tutan adamın nəzakətsizliyini görəndə çox təəccüb elədi və sonda güldü.
Bir məsələni də qeyd etməyi lazım bilirəm: məmur, onun davranış və hərəkətləri həmişə göz qabağındadır, ictimai nəzarətdədir. Lakin faktiki olaraq ayrıca götürülmüş bir məmurun vicdanlı və dürüst adam olmasını yoxlamaq mümkün də deyil. Lakin kütləvi informasiya vasitələrinin həmin məmurların neqativ xüsusiyyətlərini dərhal yaymaq imkanları var və beynəlxalq təcrübə göstərir ki, bu, peşəkar jurnalistlərin gözlərindən qaçmır, nəticədə belə informasiyalar sürətlə yayılır. Buna görə də göz qabağında olan məmurlar hər hansı bir görüşdə, iclas və müşavirədə, ya da televiziya ekranlarında peşəkar fəaliyyəti ilə bağlı çıxış edərkən ehtiyatlı və diqqətli olmalıdırlar; əlbəttə, burda söhbət mənəviyyatın xarici aspektlərindən, real davranış formalarından gedir. Məmurun etiketi və işgüzar protokolu hansı səviyyədə bilməsi onun hörmət və hüsn-rəğbətlə qəbul edilib-edilməməsini şərtləndirir.
Hər bir konkret məmur konkret cəmiyyətin ayrılmaz üzvüdür; bunu bilmək təkcə məmur üçün yox, bütün vətəndaşlar üçün vacibdir. Təmas qurmaq ədəbi, davranış və rəftarın xarakteri bizim hər birimizin həyatında dərin iz buraxır və həyatımızın yaxşı, yaxud pis keçməsində də mühüm rol oynayır. Adicə salam verib-almaq, görüşmək, tanış olmaq, bir-birinə müraciət etmək, qonaq qəbul etmək, qonaq yola salmaq, iclasda, görüşdə, televiziya və radioda çıxış eləmək, geyimdə-keçimdə, yeməkdə, küçədə, maşında... bir sözlə, hər yerdə Vətəndaş Məmur bir Simadır. Bu, təkcə onun öz siması deyil, bu təmsil etdiyi dövlətin, ölkənin, hökumətin, millətin, xalqın, təşkilatın və ailənin simasıdır. Və düşünürəm ki, elə bir gün gələcək ki, “Sənin sevimli məmurun kimdir?” müsabiqəsi də keçiriləcək, o müsabiqənin qaliblərinə isə böyük mükafatlar veriləcək.