|
|
|
|

"Bu gün ilk dəfə ölümün gördüyü işin nəticəsinə doğru uçuram. Mənim ulu nənəm ölümündən sonra mənə ev miras qoyub. Qarşıla məni, Azərbaycan!"
Bu sitat Azərbaycanın ucqar kəndində miras qalmış ailə mülkünü özəlləşdirməyə gələn xaricdə yaşayan gənc klinika sahibəsinin başına gələnlərdən bəhs edən, oxucunu mistik hadisələr, qaranlığın ağlagəlməz sirlər, keçmişlə bugünün qarışıq aləminə salan, rusdilli oxucularına daha çox tanış olan Almaniyada yaşayan Azərbaycan əsilli gənc yazıçı Aleksandra Azima Reynhardtın (Zulalova) çox saylı əsərlərindən Azərbaycan dilinə ilk tərcümə olanan "Yeva üçün poçtalyon" kitabındandır.
Əsərin tərcüməçisi yazıçı-tərcüməçi Təranə Məmməd, redaktorları Bakı Slavyan Universitetinin professoru Flora Naci və şair, publisist Rəfail Tağızadədir.

Əsərin qəhrəmanı Yeva qısa səfərdə gözləmədiyi hadisələrlə qarşılaşır. Qərbliyə qəribə gələn Azərbaycan adətləri, həyatı, həyata baxışı və yaşayışı onu sevinclə təəccüb arasında qoyur.
Baş verən hadisələr bir-birini o qədər tamamlayır ki, hətta keçidlər belə hiss olunmur. Əsəri oxuyarkən arada fasilə verməli olanda da, sonrasının necə olacağı haqqında düşünürsən.
Müəllifin uzun müddət xaricdə yaşayaraq adət-ənənələri, olanları, xüsusiyyətləri bu qədər dəqiqliklə yadda saxlamağına təəccüblənirsən. Burda yaşayaraq unutduğumuz, yaddan çıxartdığımız, əsərdə üstündə xüsusi dayanılan məqamlar, işlədilən ifadələr adamı uzaqlara aparır. Keçmişi təzədən yaşamış kimi olursan.
Əsər rus dilində yazıldığından xırdalıqlarına kimi qeyd olunan hadisələrin cərəyan etdiyi Azərbaycan kəndinin, onun gözəl təbiətinin, zənginliyinin bədii təsviri xarici oxucu üçün həm də bir tanıtımdır.
Qərblə Şərq adamının - Yeva ilə Yasminin düşüncə tərzi, üstünlükləri, mədəniyyətlər, reallıqlar, xarakterlərin görünməyən tərəflərinin fərqli formada çatdırılması ifadə konkretliyində öz əksini tapır.
Texnologiyanın inkişafı və yaratdığı münasibətlərdə uzaqlaşmalar və narahatlıqlar... Telefona bağlılıq. Telefonsuz yaşamağın çətinliyi və onsuz yaşanan rahatlıq və sərbəstlik bu iki insanın adi söhbətlərində çox aydın izah olunur.
Vaxtı ilə insanların qorxub ehtiyatlandığı cadugar qadının həyatı və onun çoxdan bağlı qalmış otağı...
Bu mistik əsərdəki psixoloji məqama baxış, təkcə həkim baxışı deyil, bu, həm də yazarın özünəməxsus yanaşmasıdır.
Müəllif reallıqları və təsəvvürü çox qısa və anlaşılan formada çatdıra bilir.
Əsərdə oxucunun diqqətini çəkən elə bənzətmələr, ifadələr var ki, onlarla ilk dəfə rastlaşırsan.
Şərqdə daşın insan həyatındakı anlamı...
Şərqlinin və qərblinin qəbiristanlığa münasibəti, baxışı.
Sevgi... Şərq və Qərb qadını...
"Bağça axşamın sərinliyini yaşayırdı. Növbəti isti gün ağaclara halal etdikləri sərinliyi və rahatlığı bağışlayaraq geri çəkilirdi. Bülbüllər gecə konsertinə hazırlaşırdılar, günəş yatmağa, Yeva isə qaçmağa".
Olanlardan uzaqlaşmağa...
Rəfail Tağızadə



