|
|
|
|

"Azərbaycanda Özbəkistan mədəniyyəti günləri" çərçivəsində ölkəmizə gələn qonaqlardan bir qrupu Gəncədə olub. Özbəkistan Respublikası Ali Məclisinin üzvü, Xalq şairi Mahmudjan Tohirov, Daşkənd Dövlət Universitetinin "Ədəbiyyat nəzəriyyəsi və müasir ədəbi proses" kafedrasının müdiri, professor Bahadur Kerimov, yazıçılar Salimbay Ashurov və Xondamir Qədiri Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini, Heydər Əliyev Mərkəzini, 44 Günlük Vətən Müharibəsində Gəncənin raket hücumuna məruz qalmış ərazisini, Məhsəti Gəncəvi Mərkəzini ziyarət ediblər.
Özbək qonaqları Mədəniyyət Nazirliyinin, onun Gəncə-Daşkəsən Regional İdarəsinin məsul şəxsləri və yerli ziyalılar müşayiət ediblər.
"Gəncədə olduqları hər bir məkandan xüsusi zövq aldıqlarını deyən özbək qonaqlarımız bu şəhərin Nizami Gəncəvi ruhu və ideyaları ilə bütövləşmiş bir tarixi məkan olduğunu, onun hər qarışında zəngin tarixin yaşadığını bildirdilər", - deyə onları müşayiət edənlərdən, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov bildirib.
Özbək qonaqlar füsunkar Göygöldə də olublar.
Z.MURADOV



