|
|
|
|

Bu günlərdə professor Elçin İsgəndərzadə və yazıçı, publisist Şahanə Müşfiqin həmmüəllifliyi ilə "Ölümsüz ömür dastanı" adlı kitab işıq üzü görüb.
Kitab 44 günlük Vətən müharibəmizin qəhrəmanlarından, zəfərimizi qızıl qanlarıyla tarixə yazan şəhidlərimizdən biri olan Nurlan Zeynalovun əziz xatirəsinə həsr olunub.
Nəfis tərtibatda hazırlanmış nəşrdə şəhid Nurlan Zeynalovun həyatı və döyüş yolu şahidlərin dili ilə əks etdirilib. Şəhidimizin ailəsi, müəllimləri, sinif və tələbə yoldaşları, dostları, əsgərləri, iş yoldaşları onunla bağlı xatirələrini bölüşüb, yüksək fikirlərini çatdırıblar.
Həmçinin kitabın bir bölümündə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş üç əməkdaşından biri olan Nurlan Zeynalov haqqında dövri mətbuatda çap olunmuş məqalələr, xəbərlər və şeirlər yer alıb. Bütün bu məlumatlar sonda şəhidin həyatının müxtəlif dövrlərinə aid şəkillərlə daha da qüvvətləndirilib.
"Vektor" Beynəlxalq nəşrlər evində gün üzü görən kitabın redaktoru Azərbaycan Yazıçılar və Dünya Gənc Türk Yazarlar Birliklərinin üzvü, Prezident təqaüdçüsü Şəfa Vəli, texniki redaktoru Şükufə Əhmədli Davudovadır.
MEHRİ



