|
|
|
|
Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi mövsüm başa çatsa da, öz iş rejimini rəngarəngləşdirərək Türkiyə Respublikasının bir neçə şəhərində teatr festivallarına qatılıb və uğur qazanaraq vətənə geri qayıdıblar. Teatrın baş rejissoru Qabil Əkbərov ilə söhbətimizdə həm festivallarla bağlı fikirlərini öyrəndik, həm də teatrın yeni mövsümdə fəaliyyəti haqqında danışdıq.
- Tamaşaçı alqışı, çiçəklər və xoş sözlər - bunların hamısı teatrda çalışan yaradıcı biri üçün xoşbəxtlik deməkdir. Qabil bəy, siz də teatr səhnəsində böyüyən, hədəfini teatrın inkişafına yönəldən gənclərdənsiniz. Əvvəlcə belə bir sualla müraciət etmək istərdim: Naxçıvanda teatr yarandığı gündən bu dövrə qədər maarifçilik ideyasına xidmət edib. Zaman-zaman fərqli təbliğat və təşviqat işlərini də öz üzərinə götürüb. Bəs bu gün Naxçıvan Teatrı hansı missiyanı yerinə yetirir?
- Əvvəlcə qeyd edim ki, teatr təkcə mədəniyyət üçün deyil, mədəni insan cəmiyyəti formalaşdırmaq üçün çox vacibdir. Əgər bir anlıq düşünsək ki, teatr yoxdur, bu halda nə cəmiyyətin, nə də insanların mədəni inkişafından danışmaq mümkün olardı. Söhbət Naxçıvan Teatrından gedirsə, xüsusilə qeyd etməliyəm ki, Naxçıvan teatrı fəaliyyət göstərdiyi bir əsrdən çox vaxt ərzində maarifçiliyə və mədəni insan cəmiyyətinin formalaşmasına xidmət edib. Hər dövrün öz problemi, öz nöqsanları var. Naxçıvan Teatrı da xidmət etdiyi maarifçilik missiyası ilə yanaşı, dövrün tələb etdiyi çatışmazlıqları da işıqlandırmağa çalışıb. Hazırda bütün dünyada elm və texnologiyanın inkişafı insanları bir-birindən uzaqlaşdırıb. Demək olar ki, cəmiyyətdə robotlaşma gedir. Hər görülən iş öz ilkin mənasını itirməkdədir. Naxçıvan Teatrı incəsənət ocağı olaraq insanlar arasında qopmuş bağları səhnələşdirdiyi əsərlərlə bərpa etməyə çalışır. Düzdür, biz incəsənət adamları dünyanı mehriban etmək gücündə deyilik, lakin dünyanın yadına sala bilərik ki, siz mehriban ola bilərsiz.
- Vurğuladınız ki, müasir dövrümüzdə insanlar arasında bağlılıqlar azalmağa başlayıb. Mən də bu fikirlə razıyam. Bizim müasir cəmiyyətimizdə də estetik dəyərlər çox dəyişib. Bəs Naxçıvan Teatrı bu gün dəyişən cəmiyyətin, dəyişən tamaşaçı zövqünə xitab etmək üçün hansı işləri görməyi planlayır?
- Bəli, əvvəlki dövrlə indiki teatr dövrü arasında yerlə göy qədər fərq var. Əvvəllər ən kiçik tamaşa 2 saat çəkirdi, lakin indi ən böyük tamaşa 1 saat 30 dəqiqə olur. Bunun da səbəbi vurğuladığımız dəyişimlə bağlıdır. İndi bunu qəbul etsək də, etməsək də, sürət dövrüdür. Hər kəs istəyir ki, məlumatı tez əldə etsin. İndi biz sürətlə yarışırıq. Əvvəllər 2 saata ötürdüyümüz mesajı indi 1 saata ötürmək məcburiyyətindəyik. Estetik dəyərləri dəyişən tamaşaçı bu gün düşünmək istəyir. Ona görə də repertuar seçimində çalışırıq ki, müasir tamaşaçını düşündürə biləcək mövzulara müraciət edək. Həmçinin bu il Naxçıvan Teatrı yeni layihələrə də üz tutmağı planlayır. Məsələ insanı düşündürməkdirsə, bir neçə tamaşa ilə kifayətlənə bilmərik. Vurğulayım ki, şeir gecələrinin təşkil edilməsi də yeni layihələrimiz arasındadır.
- Qeyd etdiyiniz yeni layihələrə dünya və Azərbaycanın digər teatrlarının təcrübəsində rast gəlinirmi və yaxud da bu gün Naxçıvan Teatrı dünya və Azərbaycanın digər teatrlarının təcrübələrindən necə istifadə edir?
- Mən Naxçıvan teatrına yeni baş rejissor təyin olunmuşam. Ona görə də bu mövzuda məndən öncəni yox, məndən sonranı sizə bildirəcəyəm. Teatr üslubları, məncə, teatrın adından və orada çalışan rejissordan asılıdır. Məsələn, biz Kukla Teatrından gözləyə bilmərik ki, absurd üslubunda 2 saatlıq böyüklər üçün tamaşa hazırlasın. Yəni demək istədiyim odur ki, hər teatrın öz üslubu olmalıdır. Bunu da rejissor təyin edir. Qaldı ki, tamaşa üslublarına biz dünyaya çıxmaq istəyiriksə, dünya ilə ayaqlaşmağı bacarmalıyıq. Dünya teatrlarında postmodernizm dövrü artıq bitib, lakin gəlin baxaq bizim teatrlarda hələ də onun izləri mövcuddur. Ona görə də mənim məqsədim ondan ibarətdir ki, yeni üslublarda, yeni yanaşmalarda tamaşalar hazırlansın ki, biz dünyaya çıxa bilək və Naxçıvan Teatrını, Azərbaycan teatrını dünyaya tanıda bilək.
- Dünyada artıq dəbdədir: klassik əsərlərə yeni interpretasiyadan yanaşılır. Bəs siz necə, səhnələşdirəcəyiniz klassik əsərlərə yeni mövqedən baxmağı planlayırsızmı?
- Klassika hər zaman aktualdır. Çünki dramaturq əsəri yazarkən ona müxtəlif xətlər qouşub. Bu xətlər hər dövrdə aktualdır. Elə klassik əsərləri klassika edən də məhz budur. Lakin mən klassikanın dövrünü, zamanını dəyişməyə qarşıyam, o zaman onun sehri itir. Bunları dəyişməyərək, onun ideyasını və mesajını aktuallaşdırmaq lazımdır. Məsələn, götürək Cəlil Məmmədquluzadənin "Ölülər" əsərin. Yazıldığı dövrdə geridə qalmağı, oxumamağı tənqid edən bu əsər indiki dövrdə tamam başqa bir ideya ətrafında müzakirə olunmalıdır. Çünki indi hər kəs oxuyur, hər kəs savadlıdır... Və yaxud da Hüseyn Cavidin "İblis" əsəri. Yazıldığı dövrdə siyasi motiv daşıyan bu əsərə indiki dövrdə həmin ideyadan yanaşmaq düzgün deyil. Əgər "İblis"i indi səhnələşdirsək, təbii ki, həmin ideyadan yola çıxmayacağıq. Bunlara görə, məncə, klassikaya bu formada yanaşmaq lazımdır. Onun geyimini və yaxud da məkanını dəyişməklə yenilik olmur. Onun ideyasını, mövzusunu, mesajını aktual etmək lazımdır.
- Gənc teatr rejissoru kimi bu gün Naxçıvan Teatrının gəldiyi vəziyyət sizi qane edirmi?
- Mən hər zaman bunu vurğulamışam ki, Naxçıvan Teatrında çox istedadlı aktyor truppası olub, indi də var. Lakin əvvəllər "aktyor teatrı" anlayışı mövcud idi, indi isə "rejissor teatrı" anlayışı mövcuddur. Dünya teatrlarında da dövrün tələbi budur. Tamaşaçı teatrı hansısa rejissorun qoyulan mövzuya yanaşmasına gəlib baxır və müzakirə edir. Lakin aktyorsuz teatrı düşünmək belə mümkün deyil. Ona görə də deyə bilərəm ki, mənim bəxtim bu baxımdan gətirib ki, Naxçıvan teatrında çox güclü və istedadlı aktyor truppası ilə çalışıram. Fikrimcə, teatrı ayaqda saxlayan 3 əsas ünsür var: bunlardan biri aktyordur, ikincisi dramaturqdur, üçüncüsü isə tamaşaçıdır. Bunlardan hər hansısa biri olmasa, teatr olmaz. Yaxşı, bəs rejissor nəyə lazımdır? Rejissor bu üç ünsürü hansısa mövzu ətrafında birləşdirir və müzakirəyə səbəb olan xətlər qoyur ortaya. Bəli, teatrın indiki vəziyyəti məni qane edir, çünki Naxçıvan teatrında aktyor da var, çox ağıllı və savadlı tamaşaçı kütləsi də. Həmçinin Naxçıvan ədəbi mühitinin yetişdirdiyi sanballı dram əsərləri olan dramaturqlarımız da mövcuddur. Qalanı bir rejissor olaraq mənim öhdəmə düşür.
- Teatr tarixinə nəzər salsaq görərik ki, hər bir tamaşanı tənqid edən, yaxşı yöndən cilalamağa çalışan teatrşünaslarımız çoxdur. Lakin bu gün teatr tamaşaları lazımınca qiymətləndirilərək nə tənqid, nə də təqdir edilir. Bəs tənqidin olmaması teatr tamaşalarında monotonluğu artırmır ki?
- Tənqid hər dövrdə və hər sahədə lazımlı olan bir şeydir. Burada təbii ki, söhbət düzgün və sağlam tənqiddən gedir. Hər bir sahədə bir susqunluq dövrü yaşanılır. Yəqin ki, tənqidin olmaması da bu dövrə təsadüf etmişdir. Lakin mən əminəm ki, gələcək tamaşalarda sağlam tənqid özünü teatrşünaslarımız tərəfindən göstərəcək. Çünki tənqidsiz iş, demək olar ki, heç nədir. Tənqid olunmalıdır, müzakirə olunmalıdır ki, irəliyə doğru addımlaya biləsən.
- Teatr mövsümü bağlansa da, kollektiv fəaliyyətini davam etdirdi. Bilirik ki, Türkiyə Respublikasında keçirilən festivallarda və teatr təlimlərində iştirak etmisiniz. Bu barədə daha ətraflı özünüz danışın istərdim.
- Bəli, iyul ayının 13-dən 17-dək Türkiyədə qastrol səfərində olduq. Səfərə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin rejissoru olduğu, türkiyəli dramaturq Mehmet Ümit Görgülünün "Cibizdəki dəlilik" tamaşası ilə qatıldıq. Naxçıvan teatrını qardaş ölkənin Ege bölgəsində, Sardes, Foça və İzmir şəhərlərində təmsil etdik. Bundan başqa, antik dövrdə teatrın yarandığı iddia edilən Sardesdə keçirilən VIII Beynəlxalq Dionis Teatr və Təlim Düşərgəsində də iştirak etdik. Bu düşərgədə müxtəlif türkiyəli mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak etdik, məsələn, psixodrama, teatr qrimi, teatr işıq rəssamlığı, dramaturgiya, aktyor oyunu, pantomim və başqa bu kimi təlimlərin izləyicisi olduq. Hətta Əməkdar artist Səməd Canbaxşiyevin də türkiyəli qonaqlara təlimi oldu. Bununla yanaşı, Sardesdə açıq hava altındakı meydanda Azərbaycan folklorunun nümunələri olan "Kosa-kosa" oyunu, "Xına yaxdı" mərasimi və "Tənzərə" yallısı türkiyəli tamaşaçılara təqdim olundu. "Cibimizdəki dəlilik" tamaşasını da Sardesdə açıq havada, meydanda oynadıq. Bu, bizim gənc aktyorlar üçün də bir ilk idi. Açıq havada meydan tamaşası oynamaq çox çətin olsa da, bunun öhdəsindən aktyorlarımız layiqincə gələ bildilər. Bununla yanaşı, həmin tamaşanı, əsərin müəllifinin doğulduğu Foçada və Türkiyənin teatr şəhəri sayılan İzmirdə də təqdim etdik. Burada da tamaşaçılar tərəfindən alqışla qarşılandıq. Qeyd edim ki, tamaşanın rejissoru, musiqi tərtibatçısı və baş rolun ifaçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Düşünürəm ki, səfərə çıxan heyətin də adlarını qeyd etməsək olmaz. Əməkdar artistlər Səməd Canbaxşıyev və Əbülfəz İmanovla birgə, gənc aktyorlar Ələsgər Quliyev, Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ləman Vəliyeva, Vəfa Qurbanova, Amil Yusifov öz istedadlarını möhtəşəm şəkildə nümayiş etdirərək, Naxçıvan Teatrını layiqincə təmsil etdilər.
Nuray NƏZƏROVA