|
|
|
|
Hər dövrün öz trendləri olur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, insanlar arasında qarşılıqlı ünsiyyət zamanı daha çox rasionallığa, öz fikirlərini tərəf müqabilinə maksimum dərəcədə lakonik məzmunlu, aydın, yığcam və təsirli şəkildə çatdırmağın tələb olunduğu müasir dövrdə cəlbedici sahələrdən biri də natiqlik sənətinin tədrisi məsələsidir. Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də minillik ənənələrə malik natiqlik sənətinin tədrisi ilə məşğul olan müxtəlif təlim mərkəzləri və təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatlardan biri də "Azerbaijan İnfluence Academy"dir. Təşkilatın təsisçisi, natiqlik üzrə təlimçi Yelena Eyvazlının siması isə yəqin çoxlarına tanışdır. Yelena Eyvazlı - Yelena Sidorenko neçə illər fəal jurnalistika ilə məşğul olub, ayrı-ayrı televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib. O, 1986-cı ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib, sonra Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb.
Beləliklə, "Azerbaijan İnfluence Academy"nin təsisçisi, natiqlik üzrə təlimçi Yelena Eyvazlı-Sidorenko ilə müsahibəni təqdim edirik.
- Yelena xanım, neçə illər jurnalistika sahəsində çalışmısınız, sonradan fəaliyyətinizi müxtəlif sahələrdə davam etdirmisiniz. Sizi jurnalistikadan ayıran səbəb nə oldu?
- Məni jurnalistikadan iki dəfə ayıran tək bir səbəb olub - gördüyüm işin müqabilində aldığım məvacibin çox aşağı olması. Lakin ikinci dəfə - 2016-cı ildə artıq fəaliyyət istiqamətimin dəyişdirilməsi ilə bağlı qəbul etdiyim qərar maliyyə məsələsindən əlavə, həm də mənəvi səbəblə bağlıdır. Bu zaman artıq 30 yaşım vardı, 10 ildən artıq jurnalistika təcrübəsinə malik idim. Amma nə 30 qram hörmətimiz vardı, nə də bu sahədə 10 faiz perspektiv. Mən "sözün keçmirsə, sözünü yox, yerini dəyiş" prinsipinə çox sadiq adamam. Odur ki, yerimi dəyişdim... Düzmü elədim? Bəli, düz elədim. Lakin bəzən düşünürdüm ki, düz eləsəm də, yaxşı eləmədim. Çünki mən bu peşəmi çox sevirəm. Xəbəri, suflyoru, səndən məlumat gözləyən milyonlarla tamaşaçını sevirəm. Peşmanam? Qətiyyən! Amma nə qədər mən varam, xəbər olacaq, nə qədər ki, xəbər var, mən də olacam. Əkizlərin bir-birinə bağlılığına bənzər olan mən və efir arasındakı o bağ daima qalacaq. Qismət olsa, bir gün yenidən bir-birimizə qovuşarıq.
- Təcrübənizdən nə deyə bilərsiniz? Aparıcıların nitqindəki əsas qüsurlar hansılardır?
- Açığı, aparıcıların nitqinə qiymət vermək kimi haqqımın olmadığını düşünürəm. Çünki bir vaxtlar efirdə mən özüm də çox səhvlər buraxmışam. Yaxşı ki, 20 il əvvəl sosial şəbəklər bugünkü qədər inkişaf etməmişdi. Əks halda, efirdəki səhvlərim hər gün həm aktual, həm də əsas gülüş obyekti olardı. Buna baxmayaraq, təxminən 5-6 il öncə hiss etməyə başladım ki, radioya qulaq asanda qıcıqlanıram. Səbəbini axtardım. Sən demə, bəzi aparıcıların düzgün olmayam tələffüzü, səhv ritorikaları, vurğuları, ləhcələri və digər belə məqamlar sonda məni radiodan uzaqlaşdırdı. Sonuncu dəfə radioya nə vaxt qulaq asdığımı xatırlamıram. Televiziyaya baxmıram. Bir-iki dəfə çalışdım, amma baxmağımın mənə faydadan daha çox ziyan verdiyini gördüm və kiminsə təqdimatında olan "Xəbər" adlı dostumdan tam uzaqlaşdım. Efirdə ləhcəni qəbul edə bilmirəm. Mən bütün regionlarımızın dialektini çox sevirəm, Azərbaycan dilini isə bütün dialektlərdən daha da çox sevirəm. Amma qəzet oxuyuram. Məhz qəzet mənə efirdə yaşadığım hissləri yaşatdırır.
- Sizcə, teleaparıcı üçün lazım olan əsas xüsusiyyətlər hansılardır?
- Hörmət! Özünə, tamaşaçısına, dilinə, vətəninə hörmət! Öz peşəsinə bu 4H prinsipi ilə yanaşan aparıcı mütləq fərqlənəcək və digərlərindən seçiləcək.
- Təsisçisi olduğunuz "Azerbaijan İnfluence Academy"də daha çox hansı sahələr üzrə təlimlər keçirilir?
- Bizim təşkilat üç istiqamət üzrə fəaliyyət göstərir: Bakı Natiqlik Məktəbi (natiqlik, diksiya, Azərbaycan dili), Bakı Blogerlik Məktəbi (bloginq, SMM, podkast, foto və video təlim) və Bakı İncəsənət Məktəbi (yoqa, rəsm, rəqs, gitara və s.). Bu yaxınlarda cəmiyyət üçün, məncə, faydalı olacaq daha iki fəaliyyət istiqamətini elan edəcəyik. Gənclər Təşkilatımız və Karyera Mərkəzimiz fəaliyyətə başlayacaq. Burada da unikallığımızı qorumağa və "təsir etmək" fəlsəfəmizə sadiq qalmağa çalışacağıq. Demək olar ki, bütün fəaliyyət sahələrimiz üzrə tələbat böyükdür və hər biri özünə görə çox aktualdır. Mərkəzimizdə Azərbaycan dilinə olan maraq məni olduqca çox sevindirir. 6 yaşdan 70 yaşadək olan çoxsaylı tələbələrimiz var. Xoşbəxtəm ki, doğma dilimizin təbliğatı və qorunması missiyasında, kiçik də olsa, rolum var.
- Təşkil etdiyiniz təlimlərdən daha çox hansı sahəyə üstünlük verirlər?
- Natiqlik, blogerlik və Azərbaycan dili. Hər birinin özünəməxsus səbəbi var. Natiqlik təliminə dövlət və özəl sektorda yüksək vəzifələrdə çalışan, o cümlədən, karyerada yüksəlmək istəyənlər daha çox maraq göstərirlər. Dərk edirlər ki, uğurun təməlində öncə özünü və işini düzgün təqdim etmək bacarığı dayanır. Blogerlik son vaxtlar bütün dünyada çox populyar və kifayət qədər gəlirli sahəyə çevrildiyindən, insanlar bu təlimə, həm özgüvənin artırılması, həm də lazımlı texniki biliklərə yiyələnmək üçün müraciət edirlər. Bu sahədə missiyamız hər kəsi bloger etmək deyil. Unikal proqramımıza əsasən, blogerlik uşaqlarda açılışmanı, yeniyetmələrdə özgüvəni formalaşdırır, böyüklər üçün isə alternativ qazanc imkanını yaradır.
- Natiqlik üzrə mütəxəssis kimi necə düşünürsünüz, bu sahədə irəliləmək üçün təlimlər daha çox hansı yöndə keçirilməlidir?
- Bu, mənim üçün çox ağrılı mövzudur. Ölkəmizdə ən böyük problem əksər hallarda bu sahədə vahid və ya standart proqramın hamıya tədris olunmasıdır. Mənim üçün hər tələbə fərddir, şəxsiyyətdir və hər kəsin uğurlu nəticəsi üçün fərdi "dil"lərim var.
- Bəs maraq necə, varmı?
- Var, çox var...
- Nitq mədəniyyətinin iş həyatımızdakı rolu nə dərəcədədir?
- Hər kəsin anladığı dərəcədə... Həyatımın istənilən sahəsində əldə etdiyim istisnasız bütün nailiyyətlərimin kökündə, təvazökarlıqdan uzaq olsa da, başda nitq olmaqla, natiqlik bacarıqlarım dayanır. Ona görə də, mənim tədris proqramım kitablarda yazılanların deyil, şəxsi təcrübəm əsasında tərtib edilib.
Havar ŞƏFİYEVA