|
|
|
|
Deyirlər, əvəzolunmaz insan yoxdur... Bəlkə də, hardasa doğrudur, lakin mən bununla razı deyiləm. Elə insanlar var ki, dünyaya yalnız bir dəfə gəlir və onlardan ikincisini heç vaxt tapa bilməzsən. Onlar yaşayır, yaradır, varlığı, parlaq işığı ilə ətrafdakıları işıqlandırır, özlərindən sonra əvəzolunmaz yaradıcılıqlarını, sonsuz xoş xatirələrini qoyub gedirlər...
Azərbaycan mədəniyyətinin belə görkəmli nümayəndələrindən biri də bu gün - sentyabrın 13-də 90 yaşı tamam olan dünya şöhrətli bəstəkar Arif Məlikovdur... O, daim həm bəstəkarlıq, həm pedaqoji, həm də ictimai yaradıcılıqla məşğul olmuş, işinin aşiqi və fədakarı kimi ad-san qazanmış peşəkarlardandır.
Yadımdadır, onun hər doğum günü bizim üçün bayram olardı. Bu, unudulmaz, əla bir ənənə idi. Tələbələr sevimli müəllimlərinin şərəfinə süfrə açardılar. Bəstəkarlıq kafedrasının kabinetində bu süfrənin ətrafına onu sevən, hörmət edən insanlar toplaşardı, onların arasında müəllimlər, tələbələr, hətta sinfinin məzunları da olardı. Hər kəs bilərdi ki, bu gün xüsusi nə isə olacaq. Və xoş söhbət başlayardı: Arif müəllim xatirələrini, tanınmış insanlarla görüşlərinin təəssüratını danışardı, fenomenal yaddaşa malik olduğu üçün hər şeyi xırdalığına qədər xatırlayardı. Biz isə məmnuniyyətlə dinləyərdik, onun məlahətli səsindən və ümumiyyətlə varlığından feyziyab olardıq, onun bizim üçün nə dərəcədə əziz olduğunu təkrar hiss edərdik. Sonra isə sükut çökərdi və yalnız musiqi sədaları səslənərdi, hamı tanış melodiyalara sanki ilk dəfə eşidirmiş kimi qulaq asar və Məlikovun obrazlarının özünəməxsus dünyasına qərq olardı... İndi hər şeyi sözlərlə çatdırmaq olmur...
Keçmişi xatırlamaq kədərlidir, lakin ən gözəl xatirələrlə və onun ruh oxşayan, sevgi və gözəl duyğularla dolu musiqisi ilə təsəlli tapırsan. Bəli, onun musiqisi möhtəşəmdir və lirikası ilə sevən ürəklərin ən dərinliklərindən keçir. Bu musiqini sevməmək, heyran olmamaq mümkün deyil.
Dünya əhəmiyyətli şəxsiyyət olan Arif Cahangir oğlunun məhz burada - doğma torpağımızda - Azərbaycanda doğulması isə necə də qürurvericidir! Bir vaxtlar bizimlə birgə olduğuna, onunla ünsiyyət sevincimizə, həyat və yaradıcılıq təcrübəsini bölüşdüyü insanların ömründə, yaddaşında qoyduğu izə görə taleyə necə də minnətdarıq! Özümüz üçün bu qədər maraqlı çıxarışlar etdiyimiz o uzun söhbətləri necə xatırlamamaq olar?!
Bəstəkarın yaradıcılığı və musiqisi haqqında çox yazılıb, deyilib, onun yaradıcılığı haqlı olaraq bir çox tədqiqatların əsasını təşkil edir. Artıq uzun illərdir ki, hər il Arif Məlikovun doğum günündə onun haqqında və onun üçün yazılar dərc etmək məndə xoş ənənəyə çevrilib. Bu gün mən onun həm gözəl musiqiçi, bəstəkar, müəllim, rəssam, həm də işıqlı ruha və təmiz qəlbə sahib bir insan kimi xatirəsini ehtiramla yad etmək istəyirəm. Arif Cahangir oğlu Məlikovun xatirəsi əbədi yaşayacaq. Onun həyatı bitməyib, bizə qoyub getdiyi musiqilərdə və ona sadiq olan qəlblərdə davam edir. Allah rəhmət eləsin! Ruhu şad olsun!
İşıqlı xatirəsinə dərin ehtiramla
Aytən BAXŞIYEVA