|
|
|
|
Son illər dünyada minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətlər, zəlzələlər, daşqınlar, anomal iqlim dəyişiklikləri insanları müxtəlif suallar ətrafında düşünməyə vadar edir. İqlim dəyişikliyindən qaynaqlanan problemlər bütün dünyada olduğu kimi, Azərbaycanda da hiss olunur. Statistikaya nəzər salsaq, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artıb. Son onilliklərdə isə ölkə ərazisində kiçik dağ çaylarında sel və daşqınlar daha çox müşahidə edilir. İllərdir, bu qlobal problemlə bağlı bir sıra beynəlxalq tədbirlər keçirilib, nəticələrin aradan qaldırılması və bundan sonra baş verəcək fəlakətlərin qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülüb. Qlobal iqlim dəyişiklikləri gələcəkdə daha hansı fəsadlara səbəb ola bilər?
Mövzu ilə bağlı kimya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Sadiq Həsənovla həmsöhbət olduq.
- Sadiq müəllim, get-gedə artan qlobal dəyişiklərin əsas səbəbini nədə görürsünüz?
- Dünyada hökm sürən qlobal problemlərdən biri iqlim dəyişiklikləridir. İqlim dəyişiklərin təsiri artıq ölkələrdə okean su səviyyələrin artması ilə, həddindən artıq tempratur yüksəkliyi və yaxud soyuqların tez düşməsilə özünü göstərir. İqlim dəyişikləri 1750-ci ildən buxar maşınını kəşfi ilə başlayan və sürətlə inkişaf edən qlobal temperatur artımıdır. Texnologiyalar inkişaf etdikcə istixana effekti verən qazların havaya buraxılması ilə proseslər daha da sürətlənir. Belə qazlardan biri də karbon dioksiddir ki, bu qaz neft yanacaqların istifadəsi zamanı əmələ gəlir. İkinci sırada dayanan metan qazı da neft və qazın çıxarılması zamanı havaya atılır. Eyni zamanda kənd təsərrüfatında metobalik proseslər nəticəsində bu qaz xaric olunur. Karbon dioksiddən 1750-ci ildən 1960-cı ilə qədər 1,5-2 milyard ton tullantı xaric olunub, 1960-cı ildən başlayaraq sürətlə artıb və hazırda bu 38 milyard tona yaxınlaşıb. Bundan əalvə, metan qazının da kəskin artması müşahidə olunur və təəssüf ki, bu proses artmaqda davam edir.
- İqlim dəyişikliklərinin qarşısını almaq üçün hansı tədbirlər görülməsi zəruri hesab olunur?
- Avropa Birliyinin proqramı var ki, 2050-ilə qədər 0 emmisiya çıxsın. 2050-ci ilə qədər artıq bu cür karbon tərkibli yanacaqlardan istifadə tamamən məhdudlaşdırılacaq. Sənayedə yanacaqlardan az istifadə etmək üçün alternativ enerji yollarının artırılması nəzərdə tutulur. Nəzərdə tutulmuş tədbirlər tez həyata keçirilməlidir ki, cəmiyyət daha az zərər çəksin.
- Bəs ölkəmiz bu istiqamətdə hansı addımlar atır?
- Artıq dünya müəyyən tədbirlər görməyə başlayıb və Azərbaycan da bu prosesin tərkib hissəsi olduğu üçün yüksək səviyyədə məsələlərin həllində iştirak edir. Ölkəmizdə son dövrlərdə alternativ enerji mənbələri üzərindən həyata keçirilən layihələrə start verilib.
İqlimdə baş verən dəyişikliklər nəticəsində son 5 il dünyada ən yüksək temperatur müşahidə olunan illər kimi tarixə düşüb. Dünya üzrə orta temperatur 1-1,5 dərəcə C yüksək olub. İstilər düşdükcə buxarlanma çoxalır, atmosferdə baş verən hadisələr dövrü olduğuna görə güclü yağışlar və sellər müşahidə olunur. Azərbaycanda öncəki illərdə sel hadisələrin sayı 35-40 idisə, bu il avqust ayına qədər 80-dən çox sel hadisəsi qeydə alınıb. Dünyada da sel və daşqınların sayı artmaqda davam edir. Biz artıq bu nəticələrə adaptasiya olunmalıyıq.
- İnsanları bu istiqamətdə necə maarifləndirmək lazımdır?
- Sadə əhalidən tutmuş imkanı olan bütün vətəndaşlar elektrik enerjisindən az istifadə etməlidirlər. Qeyd edim ki, 1kv enerjinin alınması üçün 9 kv yanacaq istifadə olunur. Tutaq ki, 1 lampanı 2-3 saata yandırmasaq, kifayət qədər enerjiyə qənaət etmiş oluruq və elektrik enerjisinin sərfiyyatı azalır. İnsanlar daha çox avtomobilə üstünlük verirlər, artıq zaman getdikcə avtomobillərdən də uzaqlaşmaq lazımdır.
Havar ŞƏFİYEVA