Daş dövründən üzü bəri bir-birini əvəz etmiş qədim sənət növlərindən biri də dulusçuluqdur. Mütəxəssislər qeyd edirlər ki, bu sənətin ilk dəfə meydana gəlməsində qadınların xüsusi əməyi olub. Orta əsrlərin sonlarından başlayaraq dulusçuluq sənəti özünün yüksək inkişaf mərhələsinə gəlib çatıb. Həmin dövrlərdə saxsı qabların yayılması Azərbaycanın demək olar ki, bütün yaşayış məskənlərini əhatə edirdi. Deyilənləri arxeoloji qazıntılar zamanı ölkəmizin müxtəlif ərazilərindən tapılan dulusçuluq məmulatları - küp, səhəng, dolça, bardaq və digər saxsı nümunələri də təsdiqləyir.
Əsrlər ötməsinə baxmayaraq, bu gün də dulusçuluğun inkişafı, unudulmaması üçün bu sənəti qoruyub-saxlayırlar. Həmsöhbətimiz uşaqlıq illərini atasının emalatxanasında keçirən, bu sənətin sirlərinə kiçik yaşlarından yiyələnən, gildən müxtəlif əşyalar hazırlayan sənətkar Rza Məmmədovdur.
- Rza bəy, dulusçuluq sənəti ilə nə vaxtdan məşğul olursunuz?
- Bu sənətlə 14-15 yaşlardan məşğul oluram. Dulusçuluq keramikanın qədim sahəsidir. Bu sənəti kiçik yaşlarımdan atamdan öyrənmişəm.
- Texnologiyanın inkişaf etdiyi dövrdə bu sənətə maraq göstərənlər varmı?
- Texnologiya inkişaf etdikcə dulusçuluq da inkişaf etməkdədir. Qədimdə dəzgahları əl və ya ayaqla işə salırdılar. Lakin indi istənilən ölçü və çəkidə dəzgahlar mövcudur. Əvvəllər məmulatlar odunla bişirilirdisə, indi elektriklə işləyən sobalardan istifadə edirik. Texnoloji yeniliklər çətinlikləri aradan qaldırdığı üçün bu sənətə həvəs və istək artır.
- Bu sənətin inkişafı üçün dövlət tərəfindən dəstək olurmu?
- İndi daha çox keramika məhsuluna tələbat var. Bu səbəbdən də böyük zavodlar fəaliyyət göstərir və həmin iri sənaye müəssisələrində külli miqdarda istehsal edilən keramika məhsullarından məişətdə istifadə olunur. Azərbaycan vaxtilə dünyada keramika mərkəzlərindən biri sayılıb. Ölkəmizin bir çox bölgələri - Bakı, Gəncə, Şəki, Beyləqan, Mingəçevir, Qəbələ, Quba, Lənkəran keramika mərkəzləri olub. Dövlətimiz də bu sahənin qorunub saxlanmasına və inkişafına lazımınca dəstək göstərir. Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etdiyini söyləyənlər də olur. Bunu yerli hakimiyyət orqanlarının bu sahəyə daha çox diqqət göstərmələri ilə əlaqələndirirlər.
- Keramika məhsulunun saxta olduğunu necə müəyyən etmək olur?
- Keramika məhsulu saxta olmur. Amma əl işi adı altında zavod və ya fabrik mallarını satanlar olur. Onu da qeyd edim ki, hər bir əl işinin arxasında müəllifinin adı, işləndiyi ili və ölkəsinin adı olmalıdır. Fabrik mallarında isə müxtəlif adlarda yazılar olur. Dulusçuluq məhsullarının fərqli görünməsi gilin rəngindən, onun işlənməsindən, hazırlanma və bişmə üsulundan asılıdır.
Həmçinin bazarda satılan məhsulları bıçaqla qaşımaq olar. Əsl keramika məhsulunu isə qaşımaq olmur. Əsl keramika məhsulları şüşələşir, amma saxta qabların üstünü qaşıyanda üzərindəki işləmələr gedir.
- Hər sənətin öz sirri var, deyirlər. Bu sənətin sirləri hansılardır?
- Heç bir sənətin sirləri bitib-tükənmir. İnsan sirlərə təcrübə qazandıqca bələd olur. Dulusçuluğun bir sahəsi olan keramika sənətindəki fərqlilik odur ki, gili hazırlayıb kəsərək əl ilə yığmaq olur, amma dulusçuluqda hamısı dairəvi halda, konus şəklində hazırlanmalıdır. Usta gili özünə tabe etməsi üçün gillə çox yumşaq davranmalıdır.
- Əl işləriniz yalnız ölkə daxilində satılır, yoxsa..?
- Atam Saleh Məmmədov keramika sənətində öz sözünü demiş sənətkarlardan olub. Uzun illər qazanılmış təcrübə sayəsində əl işlərimizi həm ölkə daxilində, həm də və xaricdə satırıq.
Ümumiyyətlə, müstəqillikdən sonra Azərbaycanda dulusçuluğa maraq nisbətən artıb. Amma qonşu dövlətlərlə müqayisədə Azərbaycan bu sahədə çox geridə qalır. Dulusçuluq sənəti çirkli iş olmasına baxmayaraq, çox maraqlı və intellektual sahədir. Sevindirici haldır ki, bu gün də bir çox gənclərimiz qədim sənətimizin itib-batmasına yol vermirlər, onu nəsildən-nəslə ötürməyə çalışırlar.
Havar ŞƏFİYEVA