|
|
|
|

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi tərəfindən Əməkdar elm xadimi, "Şöhrət" ordenli, professor Xəlil Yusiflinin anım gününə həsr edilmiş dəyirmi masa keçirilib.
AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov görkəmli alimimiz, filologiya elmimizin, xüsusən nizamişünaslığımızın nəhəng ismlərindən olan Xəlil Yusiflinin əziz xatirəsinin onun çalışdığı bu elm ocağında hörmətlə anıldığını, mütəmadi olaraq, onun həyat və elmi fəaliyyətinə həsr olunmuş tədbirlər keçirildiyini, kitablarının nəşr olunduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçıları bu böyük alimin xatirəsinə ithaf olunan, AMEA Gəncə Bölməsində hazırlanmış videofilmə tamaşa ediblər.
AMEA Folklor İnstitutundan tədbirə qatılmış qonaqlarından, "Mifologiya" şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy "Professor Xəlil Yusiflinin Nizamişünaslığın inkişafındakı rolu", dosent Qalib Sayılov isə "Professor Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı" mövzuları ilə çıxış ediblər.
Həmçinin AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov "Nizamişünas alim, professor Xəlil yusifli və Azərbaycan nizamişünaslığı" və Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva "Professor Xəlil Yusiflini xatırlayarkən" adlı məruzələri dinlənilib.

Anım tədbirində bir daha görkəmli ədəbiyyatşünas alim, nizamişünaslığımızın patriarxı professor Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığı, həmişə hörmət və rəğbətlə çəkildiyi, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyi qeyd olunub.
Zakir MURADOV
Gəncə



