İndiyə kimi yadımdadır, məktəbdən yay tətilinə buraxılan kimi bağa köçərdik. Bu, mənim üçün ən acınacaqlı dövr idi, çünki bağı heç vaxt sevə bilmədim. Bazar günləri günorta saat ikidə Azərbaycan radiosu ilə muğam saatı olardı o vaxtlarda (indi bilmirəm). Atam həmin saatı səbirsizliklə gözləsə də, həmişə özlüyümdə deyinərdim ki, yenə də başlandı. O bir saat ərzində atamı hərdən izləyərdim də. Başını əllərinin arasında tutub, gözlərini yumaraq elə o vəziyyətdə tərpənmədən muğamı dinləyərdi. Orta məktəb şagirdi olan mən isə heç nə anlamırdım. Ta ki...
Ta ki artıq tələbə ikən 80-ci illərin əvvəlində Xalq yazıçısı Anarın müəllifi və rejissoru olduğu "Üzeyir ömrü" filmini görənə qədər. Həmin filmdə Şuşanın təbiətini canlandıran kadrların üzərində saf bir səs "Bayatı-Şirazı" ifa edirdi. Məhz bu səhnə məni muğama yaxınlaşdıra bildi. Və 90-ın əvvəllərində biz Şuşanı itirəndə bu, məni o qədər sarsıtdı ki, görmədiyim Şuşa haqqında bir süjet hazırladım, böyük çətinliklə filmdəki həmin kadrları əldə etdim, həmin ifanı təkrar dinlədikdən sonra muğamı sevdim. İllər keçdikcə ustad şair Bəxtiyar Vahabzadənin: "Mənə çox mətləbi ahəstəcə qandırdı muğam" misrasının arxasında nələrin dayandığını da dərk etdim.
Artıq oxucularımız hər şənbə günü onların görüşünə mütləq bir qonaqla gələcəyimizə bələddirlər. Və söhbətə muğamla başlamağımın nəyə işarə olduğunu da anlamamış deyillər. Sizi çox intizarda saxlamayaq. Bu gün görüşünüzə görkəmli xanəndə, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Mənsum İbrahimovla gəlmişik.
- Mənə bir dünya verin, Bu dünyadan uzaqda...
- Dünyamız narahat olsa da, yaxşı olmağa çalışıram. Əhvalım yaxşıdı ona görə ki, doğulduğum Qarabağ torpağı azaddır və bu elə yaxşı mənada da bizə stimul verir.
- Elə isə gedək lap əvvələ...
- Lap əvvəl yarım əsrdən də artıq bir yol deməkdi. Ağdamın İmamqulubəyli kəndində sadə və ziyalı bir ailədə anadan olmuşam, özü də çoxuşaqlı bir ailədə. Ailənin ikinci övladıyam, məndən sonra daha 7 uşaq gəlir. O zamanlar kənd yerlərində çox uşaq ailənin köməyi demək idi. Təsərrüfat, həyət-baca, mal-qara - kəndlinin yaşayışı əsasən bu idi və onlara köməkçi əl mütləq lazım idi. Atam aqronom olub. Olduqca sadə olan bu insanın bölgədə böyük hörməti vardı. Xasiyyət etibarilə atama çox bənzəyirəm... Onun da yaxşı səsi olub. Adını daşıdığım ata babamın gözəl səsi genetik olaraq bizlərə də keçib, çünki yeddi qardaş, iki bacı olan ailəmizdə hamının səsi vardı. Lakin bu səslərin içində professional sənətə gələn mən oldum. Anam çox sadə, mehriban bir xanım olub və əsas vəzifəsi doqquz uşağı boya-başa çatdırmaq, tərbiyəsi ilə məşğul olmaq idi. Bu gün hərəmiz cəmiyyətdə hər hansı mövqeyə sahib olmuşuqsa, buna görə valideynlərimizə borcluyuq. Natamam orta məktəbi kəndimizdə bitirdikdən sonra yuxarı sinifləri Quzanlıda oxudum. Məktəbi bitirib hərbi xidmətə yollandım və orda qərara gəldim ki, mən təhsil almalıyam. O vaxta qədər məni artıq tanıyırdılar. Bilirsiz ki, Qarabağda hər iki nəfərdən birinin səsi var. Qayıdandan sonra A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsinə daxil oldum. O zaman texnikumun direktoru Vasif Adıgözəlov idi. İmtahanda Vasif müəllim özü də iştirak elədi və mən Çahargah muğamını oxudum. İfam çox bəyənildi və əla qiymətlə mərhum xanəndə Vahid Abdullayevin sinfinə qəbul olundum. Muğamın bütün sirlərini, incəliklərini bu insandan öyrəndim.
- Ali təhsil üçün isə Mədəniyyət və İncəsənət Universitetinə üz tutduz...
- Universitetə qiyabi daxil oldum. Amma texnikumda oxuyarkən 1985-ci ildə Ü.Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə muğam üzrə birinci yerin sahibi oldum. Münsiflər heyətinin üzvləri Şövkət Ələkbərova, Gülağa Məmmədov və Nəriman Əliyev idi. Diplomu mənə təqdim edən Şövkət xanımın məsləhəti ilə Opera və Balet Teatrına işə qəbul olundum. İncəsənət Universiteti mənə səhnə hərəkətlərini, səhnə davranışını öyrətdi ki, bu da bir opera teatrının solisti üçün çox vacibdi.
- Və beləcə opera həyatınız başladı...
- Nə yaxşı ki başladı. Operada ilk rolum "Leyli və Məcnun"da Zeyd olub. Arif Babayev Məcnun, mən də onun yanında Zeyd. Kiçik rolları ifa edə-edə onları əzbərləmişəm, səhnədə yeriməyi öyrənmişəm və sonda olmuşam Məcnun. O vaxtdan bu günə qədər səhnənin Məcnunu olaraq qalmışam.
- Amma bu səsi kəşf edən biri mütləq olub...
- Olub, ibtidai sinif müəlliməm Sənubər müəllimə. Düzdü, özüm üçün elə-belə oxuyurdum. Kəndimizin ətəyində Soltanbud meşəsi vardı. Orda ağaca çıxıb uşaqlarla səs-səsə verib oxuyardıq. Amma müəlliməm dedi ki, sənin səsin fərqlidi. Sinifdə bir tədbir, ya bayram şənliyi hazırlayanda orada mütləq iştirak edirdim və beləcə məktəb tədbirlərinin fəalına çevrildim. Getdikcə həvəsləndim və bu maraq məndə bir istəyə çevrilməyə başladı.
- Və sonda bir qəti qərarla bitdi...
- Təqribən 10-11 yaşım olardı. Kəndimizdə bir qohumun toy məclisi idi. O zamanlar Qarabağda toylar üç gün davam edirdi. Özü də sıradan olmurdu bu toylar. Toyun padşahı, fərraşı olurdu, bir meydan tamaşası kimi keçirdi Qarabağ toyları. Həmin toya Arif Babayev və Əhsən Dadaşov gəlmişdi. Mən üç gün o mağardan çıxmadım. Arif Babayevin səsinə, ifasına necə vuruldumsa, qərar verdim ki, mən də onun kimi xanəndə olacam. Artıq bu, mənim qarşıma qoyduğum bir məqsədə çevrildi. Həyatda hər zaman nə istədiyimi bilmişəm. Xasiyyətimdə emosionallıq yoxdu, səbrim böyükdü. Hər şeyi götür-qoy edənəm, bu da yəqin tərəzi bürcü olduğumdan irəli gəlir. Əmin olduqda ki, görmək istədiyim iş düzgündü, bax onda qərarımı verirəm. O qərarı verəndən sonra isə heç kəs məni fikrimdən döndərə bilməz.
- Qafqazın konservatoriyası adlanan Qarabağ...
- Yəni niyə Qarabağda hamı oxuyur? Bunun müxtəlif cavabları var. Zamanında görkəmli alim Xudu Məmmədov bunun araşdırmasını aparıb. Füsunkar təbiət tək Qarabağa məxsus deyil, Azərbaycanın bütün bölgələrində belə gözəlliklər olub və var. Mərhum alim araşdırmalarının sonunda belə qənaətə gəlib ki, Qarabağdakı bütün dağların süxurları əhəng daşından ibarətdir. Əhəng rütubəti özünə çəkdiyindən quruluq yaradır. Kənd yerlərində adətən evləri əhənglə suvayırlar ki, rütubət yaranmasın. Dağlar o rütubəti özünə çəkdiyindən quruluq yaranır, insanların tənəffüs orqanları rahat, sağlam fəaliyyət göstərir və hamı oxuya bilir.
- Söhbətimizin əvvəlində belə bir fikir söylədiz ki, bu günə qədər səhnənin Məcnunu olaraq qalmışam. İstərdim Məcnuna qayıdaq...
- 1993-cü ilə qədər xanəndə kimi oxuyurdum, efirlərə çıxırdım. Lakin tam tamaşaçı kütləsi məni Məcnunu oxuyandan sonra tanıdı. Deyərdim ki, Məcnun vizit kartım olaraq, həyatımı, baxışlarımı, yaradıcılığımı tamam dəyişdi. Füzuli və Üzeyir bəy kimi iki dahinin yaradıcılığının vəhdəti başqa cürə ola da bilməzdi. Opera ifaçılarının yaradıcılığında bu iki obraz, yəni həm Leyli, həm də Məcnun ən yüksək zirvədir. Ən azından bir dəfə bu partiyaları oxumaq opera müğənnisinin ən ümdə arzusudur. Amma burda müxtəlif komponentlər də var. Yəni aktyorluq var, tamaşaçının səni qəbul edib-etməyəcəyi var. Sən özün üçün yaxşı oxuya bilərsən, amma tamaşaçı səni qəbul etməsə, bir də tamaşana gəlməyəcək. 1993-cü il iyunun 25-də Gülyaz Məmmədova ilə birlikdə bir illik məşqlərdən sonra "Leyli və Məcnun"la səhnəyə çıxdıq. O vaxtdan indiyə qədər Məcnunu ifa edirəm. Artıq ildə bir dəfə səhnədə Məcnun oluram, çünki meydanı gənclərə vermişik. Mən çox xoşbəxtəm ki, afişada adım yazılanda həmin gün teatrda anşlaq olur. Xoşbəxtəm ki, öz tamaşaçımı yığa bilmişəm, həmin obrazda tamaşaçı rəğbətini, tamaşaçı sevgisini qazana bilmişəm. İndiyə qədər 144 dəfə Məcnun rolunda çıxış etmişəm.
- Və hələ də davam edirsiz...
- Yox, indi yol gənclərindir və mən onları baş rola hazırlamaq istiqamətində fəaliyyət göstərirəm, onlara dəstək oluram. Bu günə qədər 20 nəfər muğam müsabiqəsinin qalibi mənim təklifimlə opera teatrına işə qəbul olunub və artıq onların böyük əksəriyyəti baş rolların ifaçısıdır. Aralarında Məcnunu da, Leylini də, Şah İsmayılı da, Aşıq Qəribi də oxuyan var, olanların yarısı mənim tələbələrimdir. Mən artıq səhnəni öz yetirmələrimlə bölüşürəm. Bir ustad üçün bundan böyük xoşbəxtlik ola bilməz.
- Məcnun rolunun yaş həddi...
- Artıq beş ildir ki, fəal səhnədə deyiləm, çünki hərənin bir dövrü var. Artıq bildiklərimi gələcək nəslə öyrətməklə məşğulam. Zamanında mənə öyrədiblər, indi də növbə mənimdir, öyrətməliyəm. Lakin ildə bir dəfə mövsüm açılanda, ya da bağlananda Məcnun kimi səhnəyə çıxıram, çünki tamaşaçının istəyinə, tələbinə mütləq qarşılıq vermək lazımdır. Amma əsas meydan gənclərindir. Opera teatrında bu gün istedadlı Məcnunlar da var, Leylilər də və onlarla qürurlanmağa dəyər. Mən indi onlara yalnız dəstək verirəm. Tamaşalarına da gedirəm, məsləhətlərimi də verirəm. Hər bir ifaçı özündən sonra mütləq ifaçı yetişdirməlidir. Bizim sənətin gözəlliyi də elə budur.
- Muğamın özündən danışaq...
- Muğam bizim tükənməyən milli sərvətimizdir. Muğam yüzilliklərin süzgəcindən süzülərək bu günə qədər gəlib çatıb. Maddi sərvətin bir zaman tükənən vaxtı olacaq. Muğam isə bizi dünyaya tanıdan, sonu görünməyən yeganə sərvətdir. Muğam bizim simamızdır. Musiqinin janrları çoxdur və əsasən də digər xalqlardan gəlmədir. Düzdür, onlardan ustad kimi istifadə etsək də, bizim deyil. Muğam bizim milli kimliyimizdir. Musiqimizin iki sütunu var - muğam və aşıq sənəti. Yalnız muğamla biz dünyanın digər xalqlarını təəccübləndirə bilirik, çünki özümüzünküdür. Başqa xalqın nümayəndəsi nə qədər çalışsa da, heç zaman muğamı bizim kimi ifa edə bilməz. Niyə? Çünki muğam bizim damarımızda axır, muğam bizim canımıza hopub. Bu gün digər şərq ölkələrindən fərqli olaraq Azərbaycan muğamı hərtərəfli seçilir. Buna görə də biz dahi Üzeyir bəyə borcluyuq ki, klassik Azərbaycan muğamının modelini yaradaraq bizə miras qoyub. Onun yaratdığı muğam məktəbinin üzərindən biz inkişaf edə-edə irəliləyirik.
- Azərbaycan muğamı və dünya...
- Bir neçə ölkə istisna olmaqla, dünyanı iki dəfə gəzmişik və hər dəfə də bizim musiqiyə olan marağın şahidi olmuşuq. Bir nümunə deyim sizə. 7-8 ilin söhbətidi. Latviyada konsert verirdik, onların prezidenti orada iştirak edirdi. Konsertdən sonra bizi qəbul elədi. Məndən soruşdu ki, sonuncu ifa etdiyin nə idi? Bildirdik ki, "Qarabağ şikəstəsi". Dedi ki, onun sözlərini başa düşmədim, amma onu dinlədikcə mənə elə gəldi ki, bu, yer deyil, səma musiqisidir və bu musiqi məni həqiqi mənada göylərə apardı. Bir misal da çəkim. Dünyaca məşhur Vomeks festivalı var, ildə bir ölkədə keçirilir. 2011-ci ildə Kopenhagendə keçirilən bu festivalda özümün "Qarabağ" dəstəmlə iştirak etdim. Bizim 45 dəqiqə vaxtımız vardı. Çıxışımız bitəndən sonra orta yaşlı bir danimarkalı jurnalist səhnəyə qalxdı. Kiçik bayraqlarımızdan birini əlinə alıb dedi ki, belə musiqisi olan ölkənin qarşısında diz çöküb baş əyirəm və bayrağımızı öpdü. Hamımızın gözü doldu və bu qürur hissini anlatmaq mümkün deyil. Həqiqətən də musiqinin dili yoxdur.
- Hər xanəndənin sevdiyi bir muğam mütləq var...
- Peşəkar xanəndə kimi bütün muğamları sevirəm. Lakin ruhuma daha yaxın olanı "Segah" və "Bayatı-Şiraz"dır. Segah ana laylasından ruhumuza hopub, qanımıza axıb. İstənilən bir muğamda segaha keçid olanda hər bir azərbaycanlı buna dərhal reaksiya verir.
- Azad Qarabağ torpağı...
- Ağdamın 23-ə yaxın kəndi işğala məruz qalmamışdı və mənim İmamqulubəyli kəndim onlardan biri idi. Həmin bu kəndlərdə 93 min ağdamlı məskunlaşmışdı. Bizim əhali başqa yerdə yaşaya bilmir. Əhalinin yarısı elə Ağdamda qaldı. Valideynlərim orada yaşadı, orada da dünyalarını dəyişdi. Hər ay mən Ağdama gedirdim. 50 və 55 illiyimi Quzanlıda əsgərlərlə birlikdə keçirdim, yəni bu 30 ildə ayağım o torpaqlardan üzülmədi. 44 günlük müharibəni mən demək olar ki, torpağımda oldum. Üç qardaşım qazidir və birinin oğlu Vətən Müharibəsində şəhid oldu. Laçına qədər gedə bildi və müharibənin 30-cu günü Vətən uğrunda canından keçdi. Qarabağ azad olunandan sonra həyatımız dəyişdi ki, buna görə də Ali Baş Komandana, ordumuza, bu yolda qanı axan hər bir şəhidimizə, qazimizə borcluyuq. Noyabrın 20-də Ağdam təhvil verildi, 25-də mən Ağdamda idim. Ən əvvəl məscidə girdik və 30 ildən sonra orada ilk azanı mən verdim. Bu, mənim həyatımda verdiyim birinci azan idi. Həmin anda bu mənim içimdən gəldi və o azan Allaha bir minnətdarlığım idi.
- Açıq səma altında dəstənizlə ifanız da oldu...
- Bu, üç gündən sonra oldu. Prezidentin köməkçisi Hikmət Hacıyev bütün xarici səfirləri Ağdama dəvət elədi. Mən də öz qrupumla o səfərdə iştirak elədik. Biz dram teatrının xarabalıq meydanında ayaq üstə konsert verdik. Yazıçı Aqil Abbas üst geyimini çıxarıb yerə ataraq qol qaldırıb oynamağa başladı. Bu, adi oynamaq deyildi. Bu, insanın 30 ildən sonra torpağına qovuşması idi. "Qarabağ" futbol klubunun bütün üzvləri də Aqil Abbasa qoşuldu və o qədər təsirli, yanıqlı bir səhnə yarandı ki... Uzun illərin həsrətindən sonra ilk solo konserti Ağdamda mən verdim. Bu xoşbəxtliyin adı yoxdu. Sonra səfirlərdən biri mənə dedi ki, o xarabalıqda sən oxuduqca, gözlərində bir sevinc vardı. Niyə sevinirdin? Dedim ki, mən burda doğulmuşam, səsi burda qazanmışam, 30 il həsrətini çəkmişəm və sonunda torpağıma qovuşub oxuyuram. Sizin xarabalıq dediyiniz bu yer mənim üçün dünyanın ən möhtəşəm səhnəsindən üstündür. Bütün dünyanı gəzirdim, amma öz torpağıma gedə bilmirdim. Gözlərimdəki sevinc bu idi və bunu da hiss etmisiniz. Sözlərimdən sonra məndən üzr istədi.
- "Yaşat" Fondunun Müşahidə Şurasının üzvüsüz...
- İctimai təşkilat olmasına baxmayarq, "Yaşat" böyük işlər görür. Tez-tez ora yığışırıq, görülən işlərin hesabatları dinlənilir. Hər şey açıq və şəffaf şəkildədi. İstənilən adam daxil olub hər manatın hara xərcləndiyini izləyə bilər. Şəhid ailələrinin mənzil şəraitinə, övladlarının təhsilinə və qazilərin sağlamlığına xidmət edən bu fond dayanmadan çalışır, özü də yüksək səviyyədə. Xalqımız, millətimiz var olsun ki, 44 gündə necə bir yumruq oldusa, indi də "Yaşat" fondunun yanındadır. Cəmiyyətdə tanınan, nüfuz sahibi olan 11 nəfər Müşahidə Şurasının üzvüdür və görülən işlərdən çox da razıyıq.
- Bir az da ürəyinizdən keçənlərdən danışın...
- Gənc yaşlarımdan pedaqoji fəaliyyətə başlamışam, ona görə ki, bizim sənətimiz ustaddan tələbəyədi, yəni öyrənmişəm, öyrətməliyəm. Artıq yetirmələrim mənim sənət yoldaşlarımdır, fəxri adlara layiq görülüblər, televiziya solistləridir, hətta Milli Konservatoriyanın müəllimləridir. Bu gün səhnəni tələbələrimlə bölüşürəm və düşünürəm ki, bundan böyük xoşbəxlik ola bilməz. Heydər Əliyev Fondu yaranandan sonra bizim muğamın ikinci inkişaf dövrü başladı. Bu da ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi xüsusi qayğıdır. Muğam inkişaf edir, müsabiqələr keçirilir, yeni səslər gəlir. Bunlar böyük uğurlardı ki, məni çox sevindirir. Bu gün dünya sürətlə inkişaf edir və inkişafın fonunda sosial şəbəkələr ən irəlidədir. Məni bu vasitələrin pis tərəfi çox narahat edir. Özfəaliyyət səviyyəsində olan, bayağı musiqi baş alıb gedir. Bütün bunlar təbii ki, gənclərin zövqünə mənfi təsir göstərir. Musiqi zövqü oxşamalıdı, musiqi düşündürməlidi, musiqi insanlığı yaşatmalıdı, musiqi Vətənə, cəmiyyətə, ailəyə sevgini aşılamalıdı. Nə yaxşı ki, bütün bunlar var və nə yaxşı ki, bu istiqamətdə mənim də payım var.
SÖZARDI: Gələn ayın ilk günü muğam ustasının ad günüdür. Özünün dediyi kimi, 63 peyğəmbər yaşıdır. Ümid edirik ki, gələn yubileylərini yenə də doğma yurdunda qeyd edəcək ustad. Biz isə istədik ki, muğam ustası ilə söhbətimizə nöqtəni onu sevdiyi segah qoysun:
Anamın öz südütək sən halalımsan, halalım,
Nə deyirsən, məni məndən belə almaqla, segah.
Tamilla M-zadə