Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetini ziyarət edərək, universitetin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Türk xalqlarının maddi-mənəvi irsinin qorunmasına, mədəni mübadilələrinin gücləndirilməsinə verdiyi töhfələrə görə "Qırğızıstan Milli Universitetinin Fəxri Professoru" adına layiq görülüb. Qeyd olunub ki, Fondun prezidentinin fəxri adla təltif edilməsi haqqında qərar Universitetin Elmi Şurası tərəfindən 29 iyun 2023-cü il tarixində qəbul olunub. Qırğızıstan Milli Universitetinin rektoru Tolobek Abdıraxmanov Günay Əfəndiyevaya diplomu təqdim edərək, ona Türk Dünyasında inteqrasiya prosesinin inkişafına yönəlmiş geniş fəaliyyətlərinə görə Universitetin adından təşəkkürünü bildirib.
Görüşdə çıxış edən Günay Əfəndiyeva Universitetin rektoruna və professor-müəllim heyətinə minnətdarlığını bildirərək, qədim Manasın, dahi Çingiz Aytmatovun Vətənində olmaqdan məmnunluğunu ifadə edib.
O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan arasında yüksələn xətlə davam edən əməkdaşlıqdan bəhs edib. Günay Əfəndiyeva ümumtürk mədəniyyətinin qorunub saxlanılmasının əhəmiyyətinə diqqət çəkərək, təhsil sahəsindəki təşəbbüslərin dəstəklənməsinin və müxtəlif xalqlar arasında mədəni mübadilələrin təşviqinin Fondun çoxşaxəli fəaliyyət istiqamətləri sırasında yer aldığını vurğulayıb.
Görüşün sonunda Günay Əfəndiyeva Fond tərəfindən Qırğız və Azərbaycan dillərində yayımlanan azərbaycanlı alim Adil Cəmilin "Manas" eposunun tədqiqinə və təhlilinə dair kitabını, həmçinin təşkilatın Türk Akademiyası ilə birgə hazırlayıb çap etdirdiyi Sağımbəy Orozbakovun dilindən yazılmış "Manas"ın Rısbay İsakovun redaktorluğundakı nəşr layihəsini Qırğızıstan Milli Universitetinə bağışlayıb.