|
|
|
|

Bu il Turan Cavidin anadan olmasının 100 illik yubileyi qeyd olunur.
525.az xəbər verir ki, Turan Cavid 2 oktyabr 1923-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidinailəsində dünyaya gəlib.
Turan Cavid 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil almış, həmin institutda müəllim kimi saxlanılıb. 1950-1983-cü illərdə “Azərbaycan teatr tarixi”ndən mühazirələr oxumuşdu. 1968-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışmışdı. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
O, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəlib. Turan Cavid ədibin ev muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirib. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev muzeyinə təhvil verərək Azərbaycan xalqına qiymətli miras qoya bilib.
Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkib.
Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülən, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat etmiş və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olunub.
Yubiley münasibətilə ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Turan Cavid” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, tərtib etdiyi kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turan_Cavid/index.htm linkindən istifadə edə bilər.



