Gəncədə Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyasının, eləcə də Avropa İttifaqının "Ətraf mühit naminə" proqramının dəstəyi ilə Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə seminar keçirilib.
Strateji Ekoloji Qiymətləndirmə anlayışı özündə təklif edilən planların, proqramların və digər strateji tədbirlərin ətraf mühitə təsirlərini təhlil etmək və nəticələri qərar qəbuletməyə daxil etmək məqsədilə həyata keçirilən sistemli və proqnozlaşdırılan prosesləri birləşdirir.
Qeyd edək ki, Gəncədəki seminar bu qəbildən olan görüşlər silsiləsinin Bakı şəhərindən kənarda keçirilən ilk tədbiridir.
Seminarda Strateji Ekoloji Qiymətləndirmə, eləcə də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə milli potensialın inkişafı istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən işlər, bu istiqamətdə milli və beynəlxalq qanunvericiliyin tələbləri məsələləri müzakirə olunub.
Tədbirdə Nazirliyin, yerli hakimiyyət orqanlarının, qeyri-hökumət təşkilatlarının, eləcə də Espo Konvensiyası (1991-ci ildə Finlandiyanın Espo şəhrində imzalanmış və bütün ölkələrin qoşulması mümkün olan beynəlxalq sənəd - onun tələbləri ekologiyaya hər hansı təsir potensialı olan layihələrin yalnız bir dövlət miqyasında deyil, yaxın coğrafiyada yerləşən ölkələrlə müzakirə və razılaşdırılmasını vacib edir) Katibliyinin nümayəndələri və söügedən məsələlər üzrə ekspertlər iştirak ediblər.
Görüş çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə Gəncə şəhərinin baş plan layihəsinə tətbiq edilən Strateji Ekoloji Qiymətləndirmə üzrə pilot layihə çərçivəsində ictimai dinləmə də aparılıb.
Zakir MURADOV
Gəncə