|
|
|
|

Bu günlərdə Gəncənin mərkəzi kitabxanasında yazıçı-publisist Qərib Mehdinin "16-lar" adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ədəbiyyat nümayəndələri, kitaba yazıları daxil edilmiş müəlliflər və oxucular iştirak ediblər.
Qeyd edilib ki, "Elm və təhsil" nəşriyyatında çap edilmiş kitab müəllifin 51-ci kitabıdır. Nəşrə 16 müəllifin hər birindən bir yazı (şeir və ya hekayə) barədə mülahizələr daxil edilib. Kitab da bu saya görə adlandırılıb.
Tədbirdə çıxış edən müəllif Qərib Mehdi 16-lığa daxil edilmiş müəlliflərdən Elçin, Ramiz Rövşən, Adil Cəmil, Elçin Hüseynbəyli, Təranə Vahid, Sevinc Mürvətqızı, Fərruxə Pərişan və digərlərinin qələm nümunələri haqqında təəssüratlarını yenidən bölüşüb.
Kitabda adı keçən müəlliflərdən AYB Gəncə bölməsinin sədri Xəzangül, AYB Qazax bölməsinin sədri Barat Vüsal, yazıçılardan Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlisadə, Aydın Murovdağlı, Xosrov Natil, Saleh Qurbanov, Zaur Quliyev, Eltun Türkel, kitabın redaktorları Firəngiz İdrisqızı və Ümbülbanu Hacıyeva və başqaları çıxış edərək kitabla bağlı fikirlərini söyləyib, yeni kitabı münasibəti ilə yazıçını təbrik ediblər.
Sonda müəllif tədbirin keçirilməsində zəhməti olan hər kəsə və iştirakçılara öz təşəkkürünü bildirib.



