|
|
|
|

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi cənab İlham Əliyevin 2003-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı bu əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib. "İlham Əliyevin Gəncə şəhərinə səfərləri" adlı monoqrafiya Bölmənin Rəyasət Heyətinin 8 sentyabr 2023-cü il tarixli 9/4 tarixli qərarı ilə çap olunub.
Layihə rəhbəri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev olan, "Elm" nəşriyyatında işıq üzü görmüş kitab Bölmənin əməkdaşlarının birgə əməyi ilə ərsəyə gətirilib.
Yenicə çapdan çıxmış "İlham Əliyevin Gəncə şəhərinə səfərləri" monoqrafiyası AMEA Gəncə Bölməsinin kollektivinə təqdim edilib. Bölmənin sədri, akademik Fuad Əliyev kitabın işıq üzü görməsi münasibətilə əməkdaşları təbrik edib. O, həmçinin cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndində müqəddəs bayrağımızı ucaltmasını bütün azərbaycanlıların həsrətlə gözlədiyi qürurlu an kimi xarakterizə edərək, bu tarixi hadisənin də məhz onun ölkəmizin rəhbəri seçilməsinin 20 illinin tamam olması günündə baş verməsini Uca Yaradanın hökmü kimi dəyərləndirib.

İstər elmi-kütləvi, istər də tədqiqat xarakterli mötəbər mənbə sayıla bilən bu kitab həmçinin Gəncənin son iyirmi ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıyır. Onun səhifələrində cənab İlham Əliyevin bir dəfə Baş nazir qismində, 19 dəfə isə Prezident kimi Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikası, həmin gəlişlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də ölkə başçısının ikinci şəhərimizlə bağlı imzaladığı sərəncam və digər sənədlər, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələr öz əksini tapıb.
Toplantıda çıxış edən alimlər respublikamızın ikinci şəhərinin başlıca elm ocağının, AMEA Gəncə Bölməsinin əməkdaşları olaraq, bu kitabı cənab İlham Əliyevin ali hakimiyyətinin 20 illiyinə bir ərməğan kimi böyük məhəbbətlə hazırladıqlarını bildiriblər.
Zakir MURADOV,
Gəncə



