11 noyabr tarixində 9-cu Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
525.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu öndərə həsr olunan qısa sənədli film nümayiş olunub. Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq hərkəsi salamlamış, Ulu öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova,Milli Məclisin deputatı,professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov çıxışlarında Beynəlxalq Kitab sərgisinin Azərbaycan kitabını ictimaiyyətə çatdırmasının əhəmiyyətini vurğulamışlar.
Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanmış, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilib. Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyevşünaslığının bütün elmi əsərlərini özündə toplayan kitab olduğu vurğulanıb. Onun bütövlükdə Azərbaycanın biblioqrafiyası olduğu qeyd edilib.